"O təbrikə həsrətəm" - Telli Pənahqızı ilə MÜSAHİBƏ

   "O təbrikə həsrətəm" -    Telli Pənahqızı ilə MÜSAHİBƏ
  24 May 2024    Oxunub:1789
Bu gün Əməkdar mədəniyyət işçisi, şairə Telli Pənahqızının doğum günüdür. Publisist 70 yaşını qeyd edir.
AzVision.az ötən gün 2-ci dərəcəli “Vətənə xidmətə görə” orden i ilə təltif olunan Telli xanımla əlaqə saxlayıb və özəl günü ilə bağlı təəssüratlarını öyrənib:

- Doğum günümü dostlarımla birgə qeyd edəcəyəm. Yığışıb söhbət edəcəyik.

- Telli xanım, kişilər haqqında "yaş kişinin var-dövlətidir" deyirlər. Bəs xanımlar üçün yaş nə deməkdir?
- Neçə yaşım olmasının əhəmiyyəti yoxdur. Əsas olan mənim nə hiss etdiyimdir. Mən sevinirəm ki, orden almışam. İndi bunun sevincini yaşayıram. Yaş gəldi gedərdir. Bu gün elə, sabah belə olur. Allah hamımıza can sağlığı versin. Yaşımı insanların gözündə çərpələng etmək istəmirəm.

Sadəcə normal həyat sürməyi arzulayıram. Heç bir umacağım yoxdur. Düşünürəm ki, Allah nə veribsə, onunla qane olmaq lazımdır.

-Doğum gününüzdə sizə kim zəng etsə, ürəyinizin sarı simi tərpənər?
-Hamı çox sağ olsun. Hər kəs tərbrik edir. Hətta tanımadığım adamlar məni təbrik edir. Duyğulara qayıtsaq, çox istərdim ki, anam və atam yanımda olsun. Onların təbrikini eşitmək istərdim. Hər dəfə ad günümdə anamım nəfəsini hiss edirdim. Yavaca pıçıldayıb təbrik edirdi. Neçə illərdir ki, o təbrikə həsrətəm.

Anamın ruhu şaddır ki, onun mənim kimi övladı var. Çünki layiqli bir ömür yaşamışam. Heç kəsə pislik etməmişəm. Vətənimə, millətimə xidmət etmişəm.

-Mənəvi şeyləri başa düşdük. Bəs hədiyyə? Axı bunun da öz yeri var.

-Hədiyyə verənlər olur, amma umacağım yoxdur. Əliboş içəri girsələr də bağrıma basacağam. Dünya madiyyadan ibarət deyil. Heç vaxt maddiyyat düşkünü olmamışam. Adi bir açıqca verəndə də mən bunu böyük bir xoşbəxtlik sayırdım. Tələbəlik illərində verilən açıqcaları bu günə kimi saxlamışam.

- Keçmişə baxıb yaşayırsınız, yoxsa ancaq irəli deyirsiniz?
- Keçmişin üzərində bərqarar olmadan yaşamaq mümkün deyil. Adətən biz keçmişə söykənib gələcəyə boylanırıq. Keçmişi unutmaq olmaz. Gələcəyi isə böyük ümidlə yaşayırsan. Hələ irəlidə bir çox şeylər var.

- Sizə nə ümid verir?
-Bu gün bizim ölkədə baş verən quruculuq işləri, insanların maddi rifahının yaxılaşması, üzünün gülməsi, ölkənin dünya miqyasında tanınması məni bəxtəvər edir. Bu ölkənin vətəndaşıyam. Qeyrəti olan azərbaycanlı buna sevinməlidir. Bundan böyük xoşbəxtlik yoxdur.

Qarabağ azad olunub. Bundan o tərəfə nə istəyim ki?!İki dəfə azad olunan ərazilərdə olmuşam. Mən Vedibasar mahalında doğulmuşam. İnşallah yolumuz Qərbi Azərbaycanadır. Bir vaxtlar hamımız qarabağlıydıq, indi isə hamımız Qərbi Azərbaycanlıyıq. Çünki o yol bizim üçün açılmalı və biz o yola qayıtmalıyıq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti