Yusifi sevən bibi: Tatyana Peltser - FOTOLAR

Yusifi sevən bibi: Tatyana Peltser - FOTOLAR
  18 Aprel 2013    Oxunub:4613
Azərbaycan filmlərinin qeyri-azərbaycanlı qəhrəmanları...
Onun 1955-ci ildə ekranlara gələn, sevimli aktyorları ilə yanaşı, maraqlı replikaları ilə də yadda qalan “Bəxtiyar” filmindəki rolu və ifası hamıya tanışdır. “Saşacan” deyib ah çəkən, “Yusif partladı” deyib gülən bibi Nataliya Alekseyevna, yəni alman ruhlu ancaq Rusiyanın xalq artisti Tatyana İvanovna Peltser...

91-ci ilin əvvəllərində paytaxt Moskva xalq artisti Tatyana İvanovna Peltserin ruhi xəstəxanada olması barədə şayiələrlə çalxalanırdı. Sarı mətbuat aktrisanın yaddaşını itirməsi, teartrın onu unutması, xəstəxanada döyülməsi barədə məlumatlarla dolub daşırdı. Nəyin yalan, nəyin həqiqət olduğu isə heç kimə maraqlı deyildi... Həyatını həsr etdiyi xalqı Peltseri düşünəcək halda deyildi ... Bir il sonra isə aktrisa artıq yox idi...

Heç vaxt nəinki nəvə, heç övlad sahibi olmayan Tatyana Peltseri hamı “Sovet nənəsi” adlandırırdı. Məşhurluq aktrisanın qapısını gec döymüşdü və Peltser bəlkə də yeganə Sovet aktrisalarından idi ki, tamaşaçı onun gənclik illərini heç xatırlamırdı...

Son günlərinə qədər Peltser teatr səhnəsi ilə yanaşı, kiçik, böyük fərqinə varmadan və dayanmadan filmlərə, “Yeralaş” video jurnalına çəkilib, hətta cizgi filmləri səsləndirib. Kino karyerası boyunca əsasən epizodik rollara çəkilsə də Peltser hələ sağlığında canlı əfsanəyə çevrilə bilib. Milyonlarla tamaşaçı onu doğma nənəsi, ailə üzvü qədər sevib. Və ancaq yaxınları bu “əbədi nənə”nin gülər üzü, rahat həyat səhnəsinin pərdəarxasını görə bilirdilər...

Pərdəarxasında isə yeganə sevdiyi insanla olan ayrılıq, baş tutmayan ailə həyatı, xəstə atasına həsr etdiyi illər , gənc yaşda ölən qardaşının acısı və ən yaxın dostlarından belə gizlətməyə çalışdığı daha nələr nələr var idi ...

“Mərhəmət hissinə nifrət edirəm. O insanı öldürür və zəiflədir” deyən Peltser kiminsə ona yazığı gəlməsini deyil, heyran olmasını, sevməsini istəyirdi. O yalnız səhnədə deyil, həyatda da aktrisalığı yaxşı bacarırdı. Peltser özünə xoşbəxt və qayğısız qoca obrazını yaratmış və özü də bu obraza inanmışdı. İş Peltser üçün ailə, uşaq və qadın xoşbəxtliyi üçün lazım olan hər şeyi əvəz etmişdi.

Tatyana İvanovna Peltser 1904-cü il iyunun 6-da Moskvada anadan olmuşdu. Anası milliyyətcə yəhudi, atası isə tanınmış aktyor və rejissor, əslən alman İvan Peltser idi. Birinci Dünya Müharibəsinə qədər ailədə ancaq alman dilində danışan Peltser səhnəyə ilk addımını 9 yaşında atıb.

Professional aktyor fəaliyyətinə 1920-ci ildə, səyyar teatr truppasında başlayan, 1920-21-ci illərdə Naxçıvan, 1921-22-ci illərdə Komediya, 1922-23-cü illərdə isə Moskva teartında çalışan aktrisa gələcək həyat yoldaşı ilə də belə tamaşaların birində tanış olub.

Peltser 1927-ci ildə Moskvada təhsil alan gənc alman kommunisti və filosofu Qans Teyblerlə ailə qurub, 1930-cu ildə Berlinə köçüb. Berlində məşhur rejissor Ervin Piskator ilə tanış olan, səhnələrə qayıdan Tatyana Teybler məişət çətinlikləri və dil baryeri olmadan keçən qayğısız həyatını, sevdiyi insanı Berlində qoyaraq Moskvaya qayıdıb. Boşanan, ömürlərinin sonuna qədər dost qalmağı bacaran cütlüyün sevgisi də, qısamüddətli ailə həyatları da çoxları üçün müəmma olaraq qalıb. Çox sonralar aktyor Aleksandr Abdulovla söhbəti əsnasında aktrisa Teyblerə xəyanət etdiyini və ömrünün sonuna qədər bunun peşmançılığını çəkdiyini etiraf edib.

Peltser həmişə kişilər üçün qayğıkeş ana, güclü qadın, yaxşı aşpaz, dinləyən və bağışlayan rahibə olmaqdan bezib... O səhnədə olduğu kimi həyatda da ehtiras, sevgi və yanğı axtarıb, ancaq...

İkinci Dünya Müharibəsi... Alman əsilli Peltser teatrdan uzaqlaşdırılıb, anti-inqilabçı qardaşı isə ölkədən qaçmağa məcbur olub... 70 yaşlı atası gözlənilmədən, Peltserdən də cavan, tanınmayan bir aktrisa ilə ailə qurub, aktrisa evi tərk edib teatrın ayırdığı kiçik yataqxana otağına köçməyə məcbur olub...

Çox keçmədən gənc aktrisa tərəfindən evdən qovulan atası Tatyananın yanına köçür... Xəstə atasına qulluq, evlə teatr arasında var-gəl edən Peltser bir dəfə teatr dönüşündə atasının cəsədi ilə qarşılaşır... Tənhalıq hücuma keçir və yenə də iş aktrisanı xilas edə bilir...

1947-ci ildə Satira teatrına gələn Peltser onu gözləyən uğur və titullardan xəbərsiz olur. Teatr səhnəsində oynadığı “Svadba s pridaniyem” tamaşası ona ümumxalq sevgisi və populyarlığı gətirir. “Əsgər İvan Brovkin” filmində canlandırdığı ana rolundan sonra Peltser “rus əsgərinin anası” tituluna layiq görülür.

1977-ci ildə Lenin komsomolu teatrına gələn Peltser məhz bu teatr, daha dəqiq desək Mark Zaxarov tamaşalarında zalı ələ almağı, öz sahəsini yaratmağı bacarır.

Teatr səhnəsində aktrisanın iştirakı ilə baş tutan son tamaşa, “Rəhmət duası”nda Peltser sössüz oynayır, aktrisa artıq yaddaşını itirmişdi...

Dəqiq sayı məlum olmasa da Peltserin 100-dən çox filmdə rol aldığı deyilir. Məhz bu rollar - sevimli nənə, qayğıkeş bibi, vasvası ana – onu Sovet insanına sevdirib. Ancaq bu rollar, professional uğur Peltserə şəxsi bədbəxtliyini unutdura bilməyib... Peltser yalnız səhnədə və ya çəkiliş meydançasında nə qədər tək və çarəsiz olduğunu unuda bilib.

1991-ci ildə Peltser Qannuşkin adına ruhi xəstəxanaya yerləşdirilib. 1992-ci ilin iyulun 16-da vəfat edən aktrisa Moskvada, Vveden qəbirstanlığında, atasının, mühəndis-konstruktor və ilk avtomobil pilotu olan qardaşı Aleksandr Peltserin yanında dəfn olunub.

Leyla

Qalereya




Teqlər:  





Xəbər lenti