Ac namizədlərlə seçki – TƏHLİL

Ac namizədlərlə seçki – TƏHLİL
  15 Fevral 2013    Oxunub:2428
Ermənistanda prezident seçkilərinə etirazlar indidən başlayıb. Düz 24 gündür ki, aclıq aksiyasını davam etdirən prezidentliyə namizəd, politoloq A.Qukasyan bu fikirdədir ki, seçkilər demokratik keçməyəcək, nəticələr saxtalaşdırılacaq.
Aclıq aksiyasına digər namizəd A.Arutyunyan da qoşulsa da, səhhəti imkan vermədiyinə görə 1 gün sonra aclığı dayandırıb. Əvəzində isə hakimiyyətin seçki siyasətinə etiraz əlaməti olaraq namizədliyini geri götürüb: “Fevralın 18-dən sonra mən yenə siyasi səhnədə qalacağam, Serj Sarkisyanın əlində oynayan, adları seçki bülletenlərində olan adamların isə siyasət səhnəsində heç bir fəaliyyətləri olmayacaq. Mən məqsədimə nail olmuşam və fikirlərimi ünvanına çatdırmışam”.
Sui-qəsddən sonra indi də evdə müalicə alan P.Ayrikyan da vaxtını hədər keçirmir. Hesablamalar aparır, deyir ki, əgər müxalifət vahid namizəd barədə razılığa gəlsə, o, 67-69%, S.Sarkisyan isə 30% səs toplayacaq.
Digər namizəd R.Ovanisyan isə seçkiöncəsi teledebatların keçirilməsini tələb etsə də, Sarkisyan bu dialoqları mənasız sayır. Ümumiyyətlə, Raffinin təbliğat kampaniyası da digərlərindən fərqlidir. Politoloq İ.Muradyanın təbirincə desək, “o, özünü əyninə cins şalvar və sviter geyərək, başına sambrero qoymuş texaslı reyncerə bənzədir, xalqın arasında gəzməyi və qəssablarla hal-əhval tutmağı sevir”.
Sarkisyan namizəd həmkarlarından çox narazıdır: “Bəzi namizədlər bulanıq suda balıq tutmağa çalışır, cəmiyyəti parçalayaraq ikiyə bölməyə cəhd göstərir”. Əslində bu sözlər namizəd R.Ovanisyana xitabən deyilib. Belə ki, erməni siyasətçi seçkidə qalib gələcəyi təqdirdə qondarma “DQR”in müstəqilliyini tanıyacağına söz verib. Raffinin bu bəyanatı Sarkisyanı hövsələdən çıxarıb: “Bunların işi-gücü hay-küylü bəyanatlar verməkdir. Elə bil Qarabağ üçün ürəkləri gedir. Siz heç başa düşürsünüzmü ki, indiki məqamda müstəqilliyin tanınması nə deməkdir?” Sarkisyanın fikrincə, xarici işlər üzrə məsələlərdə özünü ekspert hesab edən şəxs bu addımın necə təhlükəli olduğunu anlamalıdır.
Prezidentliyə namizəd, keçmiş baş nazir Hrant Baqratyanın söylədiklərini isə nə politoloqlar, nə iqtisadçı ekspertlər, nə də sadə xalqın nümayəndələri izah edə bilmir. Onun bu dönəmdə hansı məqsədə, hansı mərama qulluq etdiyini kimsə anlamır. Hrantın tam əksi olaraq mifoloq V.Sedrakyan isə çox səlis danışır, hamı etiraf edir ki, indiyədək prezident postuna belə zəkalı adam namizəd olmayıb.
Ermənistan iqtidarı öz təbliğat maşınının köməyi ilə seçkinin necə bitəcəyi barədə beyinləri doldurmaqla məşğuldur. Hakim partiyanın nümayəndələri seçicilərə rüşvət paylayaraq onların səslərinə sahib çıxmağa çalışır. Sarkisyanın əlaltıları yorulmadan 65-70% səs toplayacaqlarından dəm vurur. Halbuki məhz Sarkisyan dönəmində yüzminlərlə adam yoxsulluq səviyyəsindən aşağı yaşayır, işsizlik ucbatından hər ay ölkəni minlərlə vətəndaş tərk edir. Amma təbliğat bütün bu mənfilikləri arxa plana keçirərək xalqın seçim azadlığını boğmaqla məşğuldur. Bəzi politoloqların fikrincə, hazırkı kampaniyanı heç seçki adlandırmaq da düzgün deyil.
Ümumiyyətlə, İrəvanda belə bir ictimai fikir hökm sürür ki, ölkədə baş verən elektoral proseslər tam iflic olub, yeni siyasi təşəbbüslər kimsədə maraq doğurmur. Müxalifətin vahid namizədlə bağlı son şansının uğurla nəticələnəcəyinə ümid yoxdur. Çünki ölkədə həyata keçirilən siyasət nəticəsində siyasi vakuum yaranıb. Yalnız güclü qasırğa bu vakuumu dağıda bilər. Onun da hardan və nə vaxt əsəcəyi məlum deyil.

Fərhad Abdullayev / «New Baku Post»


Teqlər:





Xəbər lenti