"Daçyan baharı" kimi üşüdəcək?

// Fransa Rusiya ilə müharibəyə hazırlaşır

  "Daçyan baharı" kimi üşüdəcək?
  09 Oktyabr 2024    Oxunub:1290
Fransa Rusiya ilə mümkün müharibədə tab gətirə bilmək üçün indidən hazırlıqlara başlayıb. 2025-ci ildə isə Fransa ordusu bu yolda özünün taleyüklü sınağından keçəcək.
Belə ki, gələn ilin mayında fransız əsgərləri Rumıniyada keçiriləcək "Daçyan baharı 2025" adlı genişmiqyaslı hərbi təlimdə iştirak edəcək. Təlimdə onların NATO-nun şərq cinahını qoruma imkanları qiymətləndiriləcək . Bir sözlə, Fransanın, dolayı yolla NATO-nun "çəkisini" məhz bu təlimin tərəzisi göstərəcək. Fransa sınaqdan üzüqara çıxsa, Rusiyanın ehtimal edilən hücumu zamanı məğlub olacaqlar.

“Əvvəllər biz ancaq müharibəni imitasiya edirdik. İndi dəqiq müəyyən edilmiş bir düşmən var və təlim keçəcək əsgərlər real döyüşə atılacaqlar”, - deyən Fransa ordusunun Avropadakı quru komandanlığının rəhbəri general Bertrand Tujuz da 2025-ci ilin həlledici olacağına eyham edib. Tujuz "Daçyan Baharı" təlimini "strateji siqnal" adlandırıb.

Son bir neçə ildir ki, Fransanın quru qoşunları intensiv şiddətli münaqişələrə hazırlıq istiqamətində “dərin transformasiya”dan keçir. Bununla yanaşı, Fransa ordusu NATO-dan da yeni göstərişlər alıb: 2027-ci ilə qədər o, elə bir həddə çatmalıdır ki, diviziyasını 30 gün ərzində döyüşə hazır vəziyyətə gətirə, onu təchiz və sursatla təmin edə bilsin.

Yüksək rütbəli NATO və Fransa zabitləri hesab edirlər ki, bu məqsədə çatmağın yolu məhz "Daçyan Baharı" təlimlərindən keçir. Təlimlər çərçivəsində Fransa ordusu
on gün ərzində Rumıniyaya döyüşə hazır briqada göndərmək istiqamətində hazırlıq keçəcək. Bu aralıq dövrü addımı uğurlu olarsa, Fransanın NATO müttəfiqləri arasında etibarı güclənəcək və 2027-ci il hədəflərinə yol görünəcək.

Qeyd edək ki, bir briqadada 3000-dən 5000-ə qədər, diviziyada isə 10.000-25.000 əsgər olur.

Bir sözlə, Fransanın əsas tapşırığı qısa bir vaxtda Rumıniyaya çatmaq olacaq. Məsələ burasındadır ki, Avropada hərbi hərəkətlilik zəifdir, hələ də hərbi Şengen yoxdur, gömrük maneələri var. Hələ 2022-ci ildə, ilk dəfə Rumıniyaya qoşunların yerləşdirilməsi zamanı bürokratiya və sərhəd prosedurlarının vəziyyəti xeyli çətinləşdirdiyinin şahidi olmuşduq. Bundan başqa, ayrılan vaqonların hərbi texnikanın daşınması üçün yararsız olduğu da üzə çıxmışdı.

Çətinliklərə baxmayaraq Makron hökuməti fransız əsgərlərinin gələn il sınaqdan uğurla keçəcəyinə əmindir.

Bununla belə, 2027-ci il hədəflərinə çatmaq üçün müdafiə xərcləri Fransanın 7 illik hərbi planlaşdırma qanununa uyğun olmalıdır.

Bu arada, yeni hökumətin büdcə kəsirlərini cilovlamağa çalışdığı bir vaxtda Fransanın gələcək müdafiə xərclərinin yetərliliyi sual altına düşür. Ciddi dəyişikliklər baş verərsə, Fransa bir anda kifayət qədər döyüş təchizatının olmadığını bəhanə gətirərək 2027-ci il hədəfini gecikdirə bilər.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti