NASA Yupiterin peykində həyat axtarır

   NASA Yupiterin peykində    həyat    axtarır
  15 Oktyabr 2024    Oxunub:1342
Yupiter planetinin “Avropa” adlı təbii peykində həyat üçün uyğun şəraitin olub-olmadığını öyrənmək üçün kosmosa “Europa Clipper” kosmik aparatı çıxarılıb.
AzVision.az ABŞ-nin NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) agentliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, zond “SpaceX” şirkətinin “Falcon Heavy” daşıyıcı aparatı vasitəsilə buraxılıb.

“Europa Clipper” aparatı 2030-cu ilin aprelində Yupiterin orbitinə daxil olmaq üçün təxminən 2,9 milyard km məsafə qət etməlidir. Kosmik gəmi 2031-ci ildə Avropa ətrafında elmi uçuşlara başlayacaq. NASA bildirb ki, “Europa Clipper” agentliyin indiyə qədər Yupiterə göndərdiyi ən mürəkkəb elmi alətlər dəsti, o cümlədən radarlar, kameralar və istilik ölçmə aləti ilə təchiz olunub.

Aparatın buraxılması üç əsas elmi məqsədi güdür: peykin buz qabığının qalınlığını müəyyənləşdirmək, buzaltı okeanın tərkibini və peykin geologiyasını öyrənmək.

“Əgər missiya “Avropa” peykinin yaşayış üçün yararlı olduğunu müəyyən edərsə, bu, bizim Günəş sistemimizdə və ondan kənarda düşünüləndən daha çox yaşayış üçün əlverişli dünyalar olduğu anlamına gələ bilər”, - NASA-nın məlumatında deyilir.

“Avropa” Yupiterin planetdən ən uzaq məsafədə yerləşən 6-cı peykidir və uzun müddətdir ki, Günəş sistemində (Yer planetindən başqa) yaşayış üçün ən əlverişli yerlərdən biri hesab olunur. 2024-cü ildə NASA-nın “Juno” missiyası tarixdə ilk dəfə onun ətraflı tədqiqini aparıb. Nəticələr “Avropa” peyjinin buzlu səthində əvvəllər düşünüldüyündən daha az oksigen olduğunu göstərib. Bu tapıntı Yupiterin bu təbii peykində mikroblar səviyyəsində həyatın tapılması ehtimalını təkzib etmir.

“Galileo” missiyasının məlumatları isə peykin buzlu səthinin altında su olduğunu göstərib və həmin suyu həcmi Yerdəki okeanların suyunun ümumi həcmindən təxminən iki dəfə böyükdür. “Avropa”dakı okeanın dibi qayalarla təmasdadır. Belə quruluş enerji istehsal edən kimyəvi qarşılıqlı təsirlərin meydana gəlməsinə imkan verir. Bu, Yupiterin peykini həyatın mövcudluğu üçün əsas namizədə çevirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: NASA   Yupiter   həyat  





Xəbər lenti