Valideyin məktəbə gəlib övladının dərsində otura bilərmi?

Valideyin məktəbə gəlib övladının dərsində otura bilərmi?
  21 Oktyabr 2024    Oxunub:510
"Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsində valideynlərin vəzifələri arasında övladlarının təhsil prosesinə nəzarət etmək, onların müvafiq hüquqlarını qorumaq, lakin məktəbin daxili nizamnamələrinə riayət etmələri qeyd olunur.

Bu o deməkdir ki, valideynlər dərslərə qatıla bilər. Məktəblərdə valideynlərin dərslərə daxil olması üçün məktəb rəhbərliyindən icazə almaq tələb olunmur".
AzVision.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, valideynlərin övladlarının dərslərində iştirak etməsinin həm müsbət, həm də mənfi tərəfləri var:

"Müsbət tərəfi odur ki, valideynlər tədris prosesi ilə tanış olur. Onlar övladlarının öyrəndiyi materialları, müəllimlərin tədris metodlarını və ümumiyyətlə sinifdəki mühiti yaxından izləyə bilər. Bu, onların övladlarının inkişafını daha yaxşı başa düşmələrinə və evdə əlavə dəstək göstərmələrinə kömək edə bilər. Müəllimlər valideynlərdən əlavə dəstək ala bilər, valideynlər isə müəllimlərin övladlarına necə yanaşdıqlarını daha dəqiq görər.

Bəzi hallarda şagirdlər, valideynlərinin dərsdə iştirak etdiyini biləndə daha diqqətli və məsuliyyətli ola bilər. Bu da onların təhsildə uğurlarını artırmağa kömək edə bilər".

"Mənfi cəhətlər isə ondan ibarətdir ki, valideynin sinifdə oturması sinfin normal iş rejiminə mane ola, müəllim və uşaqlar üzərində əlavə təzyiq yarada bilər:

Valideynlərin sinifdə olması bəzən şagirdlərin diqqətinin yayınmasına və dərs prosesində qarışıqlığa səbəb ola bilər. Xüsusilə, şagirdlər özlərini rahat hiss etmədikləri zaman bu, dərs keyfiyyətini aşağı sala bilər. Bəzi uşaqlar valideynlərinin sinifdə olması ilə daha çox stress keçirə bilər və bu da onların tədris prosesinə mənfi təsir göstərə bilər. Uşaqlar müəllim və valideynləri qarşısında ikiqat performans nümayiş etdirməyə çalışaraq həddən artıq gərgin ola bilər. Həmçinin müəllimlər də valideynlər dərslərdə iştirak etdiyi zaman özlərini rahat hiss etməyə bilər, bu da onların dərsi idarəetmə bacarıqlarına mənfi təsir göstərə bilər. Valideynlərin dərsdə olması müəllimləri tənqid olunma qorxusu ilə daha ehtiyatlı və stress altında işləməyə məcbur edə bilər”.

Ekspert bildirib ki, dünya təcrübəsində valideynlərin sinif otaqlarında iştirak etməsi məsələsinə müxtəlif yanaşmalar mövcuddur:

"Məsələn, ABŞ-da bəzi məktəblərdə valideynlər övladlarının sinif fəaliyyətlərini müşahidə etmək üçün müəyyən günlərdə məktəbə dəvət olunur. Bu fəaliyyətlər “open house” (açıq qapı) və ya “parent observation” (valideyn müşahidəsi) adlanır və bu günlərdə valideynlər sinifdə oturaraq dərsləri izləyir, amma dərs prosesinə müdaxilə etmirlər.

Finlandiya kimi təhsil sistemində isə valideynlərin dərs prosesinə daxil olması çox nadir hallarda baş verir. Finlandiyada tədris prosesi çox müstəqil olaraq həyata keçirilir və valideynlər əsasən məktəbdən kənarda, ev tapşırıqları vasitəsilə təhsilə dəstək verir.

Valideynlərin məktəbdə övladlarının dərslərində iştirak etməsi hər bir məktəbin və ölkənin təhsil sisteminin qaydalarına bağlıdır. Bəzi hallarda bu, valideynlərə tədris prosesi haqqında daha geniş məlumat verir və övladlarının təhsilində fəal rol oynamağa kömək edir. Lakin dərslərdə iştirakın mütəmadi şəkildə baş verməsi həm şagirdlər, həm də müəllimlər üçün stresli və yayındırıcı ola bilər.

Dünya təcrübəsinə və təhsil mütəxəssislərinin tövsiyələrinə əsasən, valideynlərin övladlarının təhsillərinə olan maraqları, evdə dəstəkləyici fəaliyyətlərlə davam etdirilməli və sinifdə fiziki iştirak daha məhdud şəkildə təşkil edilməlidir. Belə yanaşma həm tədrisin keyfiyyətini qorumağa, həm də valideynlərin övladlarının təhsil prosesinə daha aktiv və səmərəli şəkildə dəstək verməsinə imkan yaradır".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti