Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılışı baş tutub

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılışı baş tutub
  24 Oktyabr 2024    Oxunub:276
Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə oktyabrın 24-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, COP29 nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

900-dən çox iştirakçının qatıldığı festivalda Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ da daxil olmaqla 15 ölkə yer alır.

Qeyd edək ki, festival 24-25 oktyabr tarixlərində keçiriləcək.

İki gün davam edəcək festivalda iştirakçılar həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən təşkil olunacaq iqlim dəyişmələri və dayanıqlılıq mövzularına həsr olunmuş təlimlərdə də iştirak edəcəklər.

Builki festivalın əsas məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı,
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yolları və layihələrin hazırlanmasını təşviq etməkdir.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti