UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib

UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib
  01 Noyabr 2024    Oxunub:246
Mədəniyyət Nazirliyi tərəfindən 31 oktyabr – Dünya Şəhərlər Günü münasibətilə Heydər Əliyev Mərkəzində UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa təşkil edilib.
Tədbirdə mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, nazirliyin struktur bölmələrinin rəhbərləri və əməkdaşları, regional mədəniyyət idarələrinin, eləcə də Şəki, Bakı, Lənkəran şəhər icra hakimiyyətləri, Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəliyi və UNESCO üzrə Milli Komissiyanın təmsilçiləri iştirak ediblər.

Əvvəlcə UNESCO-nun Yaradıcı Sənayelər Şəbəkəsinin tarixi, əhəmiyyəti və məqsədləri haqqında qısa məlumat verilib, şəhərlərin sosial-iqtisadi inkişafına olan təsiri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Yaradıcı Şəhərlər Şəbəkəsində yer alan Şəki, Bakı və Lənkəran şəhərləri ilə bağlı təqdimatlar olub, Şəbəkəyə üzvlük dövründə görülən işlərdən danışılıb. Qeyd olunub ki, şəhərlərimiz bu çərçivədə bir sıra layihələr həyata keçirib, yerli və beynəlxalq səviyyədə yaradıcılığı təşviq edən tədbirlər təşkil edib.

Şəbəkədə şəhərlərimizin daha aktiv fəaliyyətinin təşkili məqsədilə koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi, dünyanın müxtəlif ölkələrində keçirilən alt-şəbəkə görüşlərində, eyni zamanda 2025-ci ildə Meksikanın Keretaro şəhərində baş tutacaq Yaradıcı Şəhərlər Şəbəkəsinin illik konfransında iştirak və Şəbəkəyə üzv olan digər şəhərlərlə əməkdaşlığa dair təkliflər səslənib.

Bildirilib ki, Azərbaycanın digər şəhərlərinin də Şəbəkəyə daxil edilməsi üçün müvafiq namizədliklərin UNESCO Katibliyinə təqdim olunması istiqamətində işlər aparılır.

Xatırladaq ki, Azərbaycanın Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən, Bakı şəhəri “dizayn” tematikası üzrə 2019-cu ildən, Lənkəran şəhəri isə “qastronomiya” tematikası üzrə 2021-ci ildən UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti