Tünd şokoladın 4 faydası

   Tünd şokoladın 4 faydası
  03 Noyabr 2024    Oxunub:2871
Tünd şokoladın tərkibində olan flavanoidlər güclü antioksidantdır və orqanizmi sərbəst radikalların dağıdıcı təsirlərindən qoruyur. Bu maddələr orqanizmin oksidləşmə stressinə müqavimət göstərir, onkoloji və kardioloji risklərin meydana çıxması ehtimalını azaldırlar.
“Health” jurnalında dərc olunan məqalədə deyilir ki, tünd şokolad ürək-damar sisteminə də müsbət təsir göstərir. Onu müntəzəm qəbul etmək koronar arteriyalarda ateroskelerotik maddələrin toplanmasını azaltmaqla işemiya, infarkt, insult kimi xəstəliklərin riskini aşağı salır.

Bundan başqa, tünd şokolad xolesterinin səviyyəsini normallaşdırır və qan dövranını yaxşılaşdırır.

Bu desert həm də dəmir, maqnezium, mis kimi vacib minerallarla zəngin olduğundan, maddələr mübadiləsində əhəmiyyətli rol oynayır.

Tünd şokoladın bağırsağın mikroflorasına təsirindən isə ayrıca danışmaq lazımdır. Onun tərkibindəki prebiotiklər faydalı mikroblar üçün əlverişli olduğundan, həzm prosesinə fayda verir.

Maksimum fayda üçün mütəxəssislər tərkibində kakaonun payı 70%-dən az olmayan şokoladları seçməyi tövsiyə edirlər.

Samir Quliyev
AzVision.az


Teqlər: Sağlamlıq   Şokolad  





Xəbər lenti