Ermənilərin Kəlbəcər girovlarına qarşı pozduğu beynəlxalq normalar – ARAŞDIRMA

Ermənilərin Kəlbəcər girovlarına qarşı pozduğu beynəlxalq normalar – ARAŞDIRMA
  21 İyul 2014    Oxunub:5009
İyulun 11-də 3 nəfər azərbaycanlı mülki şəxs ermənilər tərəfindən Kəlbəcər ərazisində tutulub. Erməni KİV-in məlumatına görə, Həsən Həsənov öldürülüb, Şahbaz Quliyevin isə gözü çıxarılıb. Rusiya vətəndaşı olan Dilqəm Əhmədovun ləyaqəti təhqir olunub.

Bununla bağlı bəzi beynəlxalq hüquq normalarını nəzərdən keçirək:

Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

1966-ci il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci və Avropa İnsan hüquqları Konvensiyasına əlavə 4-cü Protokolun 2-ci maddəsinə görə hər hansı dövlətin ərazisində qanuni əsaslarda olan hər kəsin bu ərazi daxilində azad hərəkət etmək və azad şəkildə yaşayış yerini seçmək hüququ vardır.

Bu hüquq qanunla nəzərdə tutulmuş, dövlət təhlükəsizliyinin, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın və s. qorunması məqsədilə demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərdən başqa heç bir məhdudiyyətə məruz qala bilməz. Başqa sözlə, həmin məhdudiyyət qanunda nəzərdə tutulmalıdır.

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 4-cü maddəsinə görə Paktın iştirakçıları fövqəladə vəziyyət elan etdikdə müəyyən şərtlər daxilində bu paktla nəzərdə tutulmuş öhdəliklərdən geri çəkilə bilər, lakin bu nəzərdə tutulmuş digər öhdəliklərin pozulmasına gətirib çıxarmamalıdır.

“İşğal olunmuş Fələstin torpaqlarında divarın tikilməsinin hüquqi nəticələri barədə” Beynəlxalq Məhkəmənin Məşvərətçi Rəyində deyilir ki, Paktın 12-ci maddəsində nəzərdə tutulan məhdudiyyət hərəkət azadlığından istisnadır. Bu məhdudiyyət nəinki sanksiyalaşdırılmış məqsədlərə xidmət etməli, həm də “mütənasiblik prinsipinə uyğun” olmalıdır.

Bundan əlavə, mülki azərbaycanlıların valideynlərinin qəbirlərini ziyarət etməyə getdiyini nəzərə alsaq, Beynəlxalq Məhkəmənin həmin Məşvərətçi Rəyinin “müqəddəs yerlərin ziyarət edilməsi” ilə bağlı müddəasının ruhuna uyğun olaraq işğalçı dövlət tərəfindən onlara belə imkan yaradılmalı idi.

İyulun 15-də Ermənistanın Müdafiə Naziri Seyran Ohanyan mətbuata bildirib ki, “Düşmənin ordu komandanlığı diversiya kəşfiyyat fəaliyyətində bu ərazilərlə tanış cinayətkar qruplardan istifadə edir... Karvaçarda (Yəni Kəlbəcər – red.) Dağlıq Qarabağ Respublikasının müdafiə ordusunun xüsusi təyinatlılarının əməliyyatı nəticəsində Azərbaycanın kəşfiyyat diversant qrupunun üzvləri saxlanılmış və ya məhv edilib. ...Dağlıq Qarabağ Respublikasının hüquq mühafizə orqanları fakt üzrə cinayət işi qaldırmışlar və diversantlar DQR qanunları və beynəlxalq hüquq normalarına əsasən cavab verəcək”.

Bu müsahibə bir daha Avropa Məhkəməsinin Luizidu və İlyaşku işləri kontekstində işğal olunmuş ərazilərə effektiv nəzarətin Ermənistan tərəfindən həyata keçirildiyini sübut edir. Belə ki, ittihamları səsləndirən Ermənistanın müdafiə naziridir. Digər tərəfdən həmin mülki şəxslər diversant adlandırılaraq onlara qarşı zorakı və təhqiredici hərəkətlər tətbiq edilmiş və hətta bir nəfər oldürülmüşdür. Onlar heç bir məhkəmə qərarı olmadan cinayətkar elan ediliblər.

Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, ermənilər tərəfindən tutulan mülki azərbaycanlılara münasibətdə Cenevrə konvensiyalarının müvafiq müddəaları pozulub.

Belə ki, həmin şəxslərdən birinin tutulma kadrlarını yada salsaq, onlardan birinin gözünün çıxarılmasını, 3-cü azərbaycanlının isə öldürülməsini nəzərə alsaq, Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının 27 və 29-cu maddələrinə görə “münaqişə tərəfi (yəni həmin əraziləri işğal edən Ermənistan – red.) onun nəzarətində olan himayə edilən şəxslərlə rəftara görə məsuliyyət daşıyır”, “Himayə edilən şəxslərlərin (Yəni, tutulan mülki azərbaycanlıların – red.) şəxsiyyətlərinə, ləyaqətlərinə və s. hörmət edilməsinə hüquqları var. Onlarla humanistcəsinə rəftar edilməli və onlar zorakılığa, təhqirə, qorxutmaya məruz qalmamalıdır” müddəaları pozulub.

32-ci maddəyə görə himayədə olan şəxslərə xəsarət yetirilməməli və onlar məhv edilməməlidir.

Hətta həmin şəxslər ermənilər tərəfindən “diversant” hesab edilsə belə, bu konvensiyanın 5-ci maddəsinə görə onlarla humanistcəsinə davranılmalı və məhkəmə təqibi həyata keçirilirkən ədalətli məhkəmə baxışı və normal məhkəməyə olan hüquqlarından məhrum edilməməlidirlər.

Qeyd edək ki, Ermənilər tərəfindən öldürüldüyü iddia edilən Həsən Həsənova münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi (yaşamaq hüququ) pozulub.

Dilqəm Əhmədov və Şahbaz Quliyevə münasibətdə isə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (İşgəncələrin qadağan olunması), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) 6-cı (Ədalətli məhkəmə hüququ) maddələri və Konvensiyaya əlavə 4-cü Protokolun 2-ci (hərəkət azadlığı) maddəsi pozulub.


Teqlər:  





Xəbər lenti