nternetə xoş gəldiniz!

// Süni İntellektin yaratdığı məzmun interneti doldurur

Sİnternetə xoş gəldiniz!
  08 Yanvar 2025    Oxunub:540
Bütün sosial şəbəkə platformaları Süni İntellektin (Sİ) yaratdığı məzmun ilə mübarizə aparır. Məsələn, “YouTube” və “TikTok” Sİ ilə yaradılan videoları işarələyir. ABŞ Müəllif Hüquqları Bürosu bəyan edib ki, “süni” məzmunun yayılmasını nəzarətdə saxlamaq üçün təcili tədbirlər görülməlidir.
İnsan - bioloji kompüterdir. Biz kitablar, filmlər, xəbərlər, şayiələr, ilk növbədə isə mətnlər vasitəsilə beyinə yol tapan informasiyaları emal edirik. Əlbəttə, bu proqram vaxtı ikən kimlərinsə formalaşdırdığı konkret məntiqə əsaslanır. Bəşərin inkişafı mətnsiz mümkün deyil. Mətnlərdəki məzmun və mənalar insanları gah ruhlandırır, gah ruhdan salır; hətta dünyanın geosiyasi xəritəsini yenidən cızır. İstənilən ixtira, texnologiya məhz keçmiş alimlərin mətnlərinə əsaslanır. Hazırda isə internetin əsas problemi bura girişinə icazə verdiyimiz sintetik formanın mətnlər yazmağa başlamasıdır. Bu, üç problemə gətirib çıxarır.

Əvvəla, çox sayda şirkət yeni mətn, foto, video və s. yaratmaq üçün generativ süni intellekt alətlərini işlədir. Məsələn, “TikTok Symphony” xidməti bloqerlərin rəqəmsal əkizləri vasitəsilə qısa zamanda reklam yaratmağa imkan verir. “Synthesia” - canlı yayım aparmaq, maarifləndirici kurslar keçirmək, ümumiyyətlə, insana məxsus işləri görmək qabiliyyətinə malik virtual insan nüsxələrini qat-qat ucuz qiymətə hazırlamaqda ixtisaslaşan startapdır. İnternetdə botların yaratdığı “süni” məzmunun miqdarı çoxalmaqdadır. Mütəxəssislərin fikrincə, üç-beş il ərzində onlayn məzmunun təqribən yarısı “süniləşəcək”.
Yeni əsrin lahı | LONGRID

İkinci problem Sİ bazarının böyüməsi ilə əlaqədardır. “Statista”nın proqnozları göstərir ki, sürətlə böyüyən bazarının ümumi həcmi 2025-ci ildə 244 milyard, 2030-cu ildə isə 827 milyard dollara çatacaq. Rusiya hökumətinin proqnozuna görə, ölkədə Sİ-nin tətbiqinin təsiri 2025-ci ildə ÜDM-in 2%-ni təşkil edəcək. Bu artım göstərir ki, Sİ hər biznesə, prosesə, hətta insanların şəxsi həyatına müəyyən dərəcədə girə bilər. Bu, ya digər məzmunu insanlar əvəzinə Sİ formalaşdıracaq.

Üçüncü problem isə Sİ-nin davranışı ilə bağlıdır. O, insana məxsus davranış nümunələrini tədricən daha yaxşı qavradıqca sahibinin istək, ehtiyac, istehlak meyillərinə əsaslanan məzmun yaradır. Məsələn, Hindistandakı sonuncu seçkilərdə səsləri bir namizəddən digərinə çəkməkdən ötrü “dipfeyk”lərdən geniş istifadə olundu. ABŞ-də müğənni Teylor Sviftin və yeni preziden Donald Trampın başına gələn oxşar hallar var. Bu, əlbəttə, aysberqin görünən tərəfidir; Sİ dünya üzrə davranış məlumatlarını xırdaladıqca ictimai rəyi də yönləndirə biləcək.

Əksər hökumətlər belə qənaətdədir ki, onlar bu “cin”i istədikləri şəkildə, öz maraqları naminə, habelə rəqiblərinə qarşı işlədə bilərlər. Əslində isə, hökumətlərin bu sahədə istənilən tənzimləmə işləri nəticəsizdir. Hər hökumətin kibertəhlükəsizlik üzrə çoxlu qanunu var. Halbuki bu qanunlar simsiz kardiostimulyatorların, invaziv insulin pompalarının mühafizəsini həyata keçirə, uşaq evlərindən tutmuş qadın məsləhətxanalarınadək hər yerdə simsiz kameralara hakerlərin uzaqdan müdaxiləsinin qarşısını hələlik ala bilmirlər.

Generativ süni intellekt indiyəcən görünməmiş problemdir. Bəzi hökumətlər Sİ məzmununun işarələnməsi tələbini irəli sürür. Bu prosedur Çində artıq ildir ki qüvvədədir. Eyni zamanda, Avropa İttifaqının bu yaxınlarda təsdiqlədiyi “AI Act”da tələb öz əksini tapır. Digər hallarda, məzmun istehsalında Sİ-nin istifadəsi sərt şəkildə məhdudlaşdırılır. Məsələn, Kaliforniya qubernatoru sentyabrda kino işçilərini Sİ məzmununun təzyiqindən qorumaq məqsədilə bir neçə qanun layihəsi imzaladı.

Əsrin əvvəlindən bəri alışdığımız internet çoxdan ölüb. Bu aləm özünün hər problemini onlayn zəmində çözələyən ağıllı Sİ agentləri ilə dolu ekosistemdir. Həmin agentlər hələlik insanların yaratdığı informasiyanı: foto, video, musiqi və mətnləri onların öz istəyi ilə təhlil edir. Halbuki bu, müvəqqəti mərhələdir: Sİ modulları tədricən püxtələşib, bir-birinin məzmununu emal etməyə başlayacaq. Belə şəraitdə yalnız dəyişikliklərlə razılaşmalı, onlara hazır durmalı, gec-tez uyğunlaşmalıyıq. Əks təqdirdə, tarix səhnəsindən kənarda qalacağıq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Süni-İntellekt  





Xəbər lenti