Süni İntellektdə fen-şuy

// Çin ABŞ-nin bazarını bağlayıb, yeni meydan açdı

   Süni İntellektdə fen-şuy
  27 Yanvar 2025    Oxunub:654
Hazırda bütün dünya Çinin “DeepSeek” şirkətinin yaratdığı V3 və R3 adlı Süni İntellekt modellərindən danışır. Mühakimə yürütmək qabiliyyətinə malik olan və tamamilə ödənişsiz xidmət göstərən bu modellər, ekspertlərin fikrincə, “Open AI” şirkətinin məşhur “ChatGPT”-sinin ödənişli variantından daha üstündür.
Buna əmin olmaq üçün deepseek.com saytına keçməklə və ya Sİ-ni telefonda qurmaqla həmin modeldən ödənişsiz və məhdudiyyətsiz şəkildə istifadə etmək mümkündür.

Beləliklə, Süni İntellekt yarışında Çin irəliyə böyük bir addım atdı. Həm də bunu ABŞ-nin çip ixracına qoyduğu qadağaya rəğmən bacardı. Bəlkə də “rəğmən” yox, sayəsində: ABŞ-nin sanksiyaları Çin şirkətlərini yeni, daha yaradıcı və effektiv yollar axtarmağa məcbur edir. Amerikanın “NVİDİA”sı varsa, müsəlmanların da Allahı... pardon, Çinin də fen-şuyu var!

“DeepSeek” Qərb şikətləri kimi “daha çox pul, daha böyük hesablama gücü” yolu ilə deyil, proqram və alqoritmlərin optimallaşdırılması, effektivliyini artırmaq yolu ilə gedərək, rəqabətdə uğur qazandı. Onun Sİ modelinin öyrənmə və özünütəkmilləşdirmə bacarığı testlərdə “Open Aİ”-in uyğun modellərindən daha yaxşı nəticə göstərir. Maraqlıdır ki, hətta Amerikanın “Science” jurnalı belə, rəqib olmasına baxmayaraq, məqalələrində “DeepSeek”ə heyranlığını gizlətməyərək, onu təntənəli epitetlərlə gen-bol təltif edir.


“DeepSeek” startapının qurucusu Lyan Venfen həm də Hançjoudakı “High-Flyer” hedc-fondunun rəhbəridir. O, broker fəaliyyətindən qazandığı pulları yüksək texnologiyaya yatırıb. Layihənin üzərində işləmək üçün Çinin aparıcı universitetlərində çalışan gənc, savadlı, iddialı mütəxəssisləri bir yerə toplayıb. Onların cəsarətli, qeyri-standart ideyalar irəli sürməsinə imkan yaradıb. Nəticə ortadadır: bu yanaşma süni intellekt modellərinin daha az hesablama gücü ilə işləməsinə imkan verən “Multi-head Latent Attention” (MLA) “Mixture-of-Experts” kimi inqilabi texnologiyaların yaranmasına səbəb olub.
“DeepSeek” şirkəti öz Sİ modelini 5,6 milyon dollara ərsəyə gətirib. Halbuki, “OpenAİ” şirkəti Chat GPT-ni yaratmağa 1,2 milyard dollar sərf edib və saxlanmasına hər ay 700.000 dollar xərcləyir.

Ən vacibi və maraqlısı odur ki, “DeepSeek” öz modelinin ana (mənbə) kodundan açıq istifadə imkanları təqdim etməklə qlobal inkişafa böyük dəstək verir. Faktik olaraq, açıq kodlu Süni İntellekt ekosistemi yaranır. Bununla da Süni İntellekt sferasında oyun qaydaları dəyişir və yeni mərhələ başlayır.
Çin şirkəti həm də Sİ modellərinin kodunu qapalı saxlayan “Open Aİ”, “Meta” və onlar kimi digər Amerika şirkətlərinin bazarını bağlayır. “Bu, Süni İntellektə yanaşmada tamam başqa fəlsəfədir”,- Qərb jurnalistləri yazırlar.


İndi əsas sual budur: “Open Aİ” və yeni hakimiyyəti Sİ infrastrukturuna 500 milyard dollar sərmayə qoyacağını bəyan edən ABŞ-nin digər yüksək texnologiya şirkətləri hansı cavabı hazırlayacaqlar? O cavabların qabağında Çinin şirkətləri əldə etdikləri liderliyi qoruyub saxlaya biləcəklərmi?
Biz suala müsbət cavab verməyə meyilliyik, çünki Çin şirkətləri “mavi okean taktikası” deyilən yolla gedirlər: mövcud bazarda rəqabət aparmır, özləri yeni bazar yaradırlar. Bu, ciddi strategiyadır, “TikTok”u bloklamaq deyil.

Vüsal Məmmədov
AzVision.az


Teqlər:   Süni-İntellekt   Çin  





Xəbər lenti