ABŞ-Çin "tarif müharibəsi" başlayıb - "Bloomberg"

   ABŞ-Çin "tarif müharibəsi" başlayıb    - "Bloomberg"
  04 Fevral 2025    Oxunub:339
ABŞ prezidenti Donald Trampın Pekindən gətirilən mallara 10 faizlik gömrük rüsumları tətbiq etməsindən sonra Çin cavab tədbirləri elan edib.
"Bloomberg"in yaydığı məlumata görə, Çin "Google"yə qarşı araşdırmalara başlayıb və bir sıra Amerika mallarına tariflər tətbiq edib.

BMT: ABŞ-nin tarifləri qlobal iqtisadi problemlərə təsir edəcək
Belə ki, Çin Maliyyə Nazirliyi ABŞ-dən kömür və mayeləşdirilmiş təbii qaza 15 faiz, neft və kənd təsərrüfatı avadanlıqlarına isə 10 faiz rüsum tətbiq etdiyini açıqlayıb.

Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının bəyanatına görə, Çin ABŞ-nin texnologiya nəhəngi "Google"yi də antiinhisar pozuntularına görə təhqiq edəcək.

Çinin elan etdiyi tədbirlərə həmçinin volframla əlaqəli materiallara ixrac nəzarəti və "Calvin Klein" şirkətinin, "PVH Corporation"un, "Illumina Inc"in etibarsız təşkilatlar siyahısına əlavə edilməsi daxildir.

"ABŞ-nin birtərəfli rüsum tətbiq etməsi Ümumdünya Ticarət Təşkilatının qaydalarını ciddi şəkildə pozur. Bu nəinki məlum ölkənin öz problemlərini həll edə bilməyəcək, həm də Çin və ABŞ arasında normal iqtisadi. ticarət əməkdaşlığına xələl gətirir", - Çinin Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Bundan öncə BMT rəsmiləri ABŞ-nin Çin ilə yanaşı Meksika və Kanadaya tətbiq etdiyi yeni rüsumların mümkün iqtisadi nəticələrindən narahatlıqlarını ifadə etmişdilər. Beynəlxalq təşkilatın saytında yayılan məlumata görə, BMT sözçüsü Stefan Dujarrik dünyanı yeni iqtisadi çətinliklərlə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, bu cür tədbirlər xüsusilə inkişaf etməkdə olan ölkələrdə iqtisadi problemləri daha da pisləşdirə bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çindən idxal edilən məhsullara rüsum tətbiqi barədə 3 sərəncam imzalayıb. Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz gömrük tarifləri tətbiq ediləcək. İstisna yalnız neftlə bağlı olub. Yanacağın bahalaşması ehtimalını minimuma endirmək üçün Kanadadan enerji idxalına tariflər 10 faiz azaldılıb.

Bu sərəncamlar faktiki olaraq hər 3 ölkə ilə bir neçə ildir mövcud olan rüsumsuz ticarəti ləğv edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   BMT   Tarif  





Xəbər lenti