10 iyun 2026-cı il tarixində Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qarşı tərəfin təşəbbüsü əsasında baş tutmuş görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə məlumat verib. Milli brendimiz olan “ASAN xidmət”in intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb.
Səfir ölkəmizin dövlət xidmətləri sahəsində olan qabaqcıl təcrübəsini yüksək qiymətləndirib.
Görüş zamanı “ASAN xidmət” təcrübəsinin Yunanıstanın müvafiq qurumları ilə paylaşılması istiqamətində müzakirələr aparılıb.
Həmçinin səfər çərçivəsində qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olub.