Paşinyan: “Müharibədə məğlubiyyət bizə yeni imkan yaradıb” - VİDEO

      Paşinyan:    “Müharibədə məğlubiyyət bizə yeni imkan yaradıb”  - VİDEO
  04 Fevral 2025    Oxunub:271
Ermənistanın özü ən ali məqsəddir və Ermənistan Respublikasından yüksək milli məqsəd ola bilməz.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda “Save Armenia (Ermənistanı xilas et)” təşkilatının üzvləri ilə görüşündə belə deyib. Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatıan görə, ölkədə gedən proseslərə, ideoloji dəyişikliklərə toxunan Paşinyan 44 günlük müharibədə məğlubiyyətə uğrayan Ermənistanın müstəqil, suveren dövlətə sahib olmaq imkanı qazandığını vurğulayıb.

Görüşdə Paşinyan, həmçinin İrəvanın Ağ Evin yeni administrasiyasından gözləntilərini də dilə gətirib.

“ABŞ-nin nöqteyi-nəzərindən Ermənistanı dəstəkləməyin ən təsirli yolunun hansı olduğunu soruşsanız, deyərdim ki, Cənubi Qafqazda sülhün əldə edilməsi gündəliyinin ABŞ siyasi elitasının prioritetləri sırasına daxil edilməsi çox vacib olardı”, - Ermənistanın baş naziri bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan arvadı Anna Akopyanla birgə fevralın 3-dən 7-dək Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olacaq. Səfər zamanı Paşinyan Vaşinqtonda Beynəlxalq Dini Azadlığa dair 5-ci illik Sammitdə, həmçinin Milli Namaz səhər yeməyində iştirak edəcək.

Vaşinqtondakı erməni icması ilə görüşmək üçün Ermənistan səfirliyinə gələn Paşinyanı diplomatik nümayəndəliyin binası qarşısında “Daşnaksütyun” terror təşkilatının gənclər qanadının üzvləri “Paşinyan Ermənistanı məhv etdi” şüarı ilə qarşılayıblar. Yəni onların öz təbirincə desək, baş nazir üçün “hərarətli” qəbul təşkil ediblər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   məğlubiyyət   nəticə  





Xəbər lenti