"Avropaya üz tutduq, Aİ bizi saymadı" - Erməni deputat

  "Avropaya üz tutduq, Aİ bizi saymadı"    - Erməni deputat
  17 Fevral 2025    Oxunub:1108
Ermənistan parlamentinin “Şərəfim var” müxalifət fraksiyasının üzvü Tiqran Abramyan sosial şəbəkələrdə diqqət çəkən paylaşım edib.
O, iqtidarı tənqid edərək yazıb ki, Avropa İrəvanın diplomatik gedişlərinə adekvat reaksiya vermir.

"Ermənistan hakimiyyətinin öz vətəndaşlarını Avropa Birliyinə üzv olmağa inandırması və onları “işıqlı gələcəyə” aparan “qətiyyət”i Aİ-nin səlahiyyətliləri tərəfindən heç bir reaksiya ilə qarşılanmadı",- deputat gileylənib.

Erməni deputat: "Aİ layihəmiz təhlükəli avantüra və saxta gündəmdir"
O qeyd edib ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan Aİ-nin genişlənməsinə dair panel müzakirəsini izləyərkən məyus olub. Hansı ki, orada Albaniya, Şimali Makedoniya baş nazirləri və Aİ-nin genişlənmə üzrə komissarı da iştirak edib.

"Əlbəttə ki, sağlam düşüncəli adamlar bu məsələdən təəccüblənməyəcəklər- həmin 1-1,5 saatlıq müzakirə zamanı Ermənistanın durumu və İrəvanın Aİ-yə üzvlük prosesinin başlanması barədə heç nə danışılmadı. Bunun əvəzində Qərbi Balkan ölkələri olan Albaniya, Monteneqro, Serbiya, həmçinin Moldova və Ukraynanın Aİ-yə mümkün üzvlüyü ilə bağlı qızğın müzakirələr getdi. Son vaxtlar Aİ ilə Tbilisi arasında münasibətlərin kəskinləşməsi kontekstində hətta Gürcüstanın da adı məlum istiqamətdə çəkildi. Ermənistanla bağlı bir kəlmə də, eyham görmədik. Sizə qəribə gəlmir? Aİ-nin gələcəyi, genişlənmə perspektivləri, hətta ideyalar ilə bağlı müzakirələr fonunda parlamentində ökənin quruma daxil olması istəyi ilə bağlı qanun layihəsi qəbul edilmiş bir dövlətin adı çəkilmədi”,- erməni deputat yazıb.

Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib. Ölkə rəhbərliyi açıq şəkildə Ermənistanın Aİ-yə üzvlük prosesinin başlandığını elan edir. Baş naziri Nikol Paşinyan isə qeyd edib ki, İrəvanın bloka daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə qəbul edilə bilər. Dünən isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib ki, bu layihə sadəcə ictimai sənəddir .

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan    





Xəbər lenti