Tramp Trüdonu "fərsiz" adlandırdı
-1740314906.jpg)
İki lider arasındakı gərginlik Boston şəhərində ABŞ və Kanada komandaları arasında keçirilən xokkey oyunundan sonra daha da artıb. Matç zamanı Kanada azarkeşləri ABŞ himnini fitə basıblar. Oyun Kanada millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bundan sonra Trüdo "X" sosial şəbəkə hesabından Trampa səslənərək, "Nə ölkəmizi ala bilərsiniz, nə də oyunumuzu!" yazıb.
Ertəsi gün Fox News kanalında Brayan Kilmidin verilişində Tramp Trüdonun sözlərinə cavab verib. "Castin fərsizdir. Həmişə də belə olub. O, Kanadanı məhv edir. Radikal solçu və marksist siyasəti ilə ölkəni uçuruma aparır", – deyə Tramp bildirib.
O, Kanada ilə ümumilikdə yaxşı münasibətlərinin olduğunu, lakin Trüdonu bəyənmədiyini deyib. "Kanada indi çox pis vəziyyətdədir", – deyə Tramp əlavə edib.
Tramp həmçinin Trüdonun növbəti seçkilərdə iştirak edəcəyi təqdirdə məğlub olacağını deyib. "Deyəsən, o, namizəd olmayacaq. Bu, ağıllı gedişdir, çünki heç bir şansı yoxdur", – Tramp vurğulayıb.
Qeyd edək ki, Trüdonun reytinqi 2015-ci ildə vəzifəyə gəldiyi zaman 60% olduğu halda, 2024-cü ilin dekabrında 22%-ə düşüb. Yanvar ayında o, Kanada Liberal Partiyasının lideri və baş nazir vəzifəsindən geri çəkiləcəyini açıqlasa da, növbəti seçkilərdə iştirak edəcəyini təsdiqləyib.
Bu ayın əvvəlində Tramp Kanada mallarına tətbiq ediləcək tarifləri 30 gün müddətinə təxirə salmağa razılaşıb. O, dəfələrlə Kanadanın ABŞ-ın bir hissəsi olacağı təqdirdə iqtisadi cəhətdən daha güclənəcəyini iddia edib. Ottava bu fikri rədd edir. Trüdo "Kanada heç vaxt 51-ci ştat olmayacaq" deyir.
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər: