“Bizim ürəklərimiz parçalanıb. 21 mart 2025-ci ildə əzizlərinin əhatəsində dinc şəkildə dünyasını dəyişən sevimli Corc Edvard Formanın vəfatını dərin hüznlə bildiririk. Göndərdiyiniz sevgi və dualara görə minnətdarıq və bu insanın qeyri-adi həyatına hörmətlə yanaşdığımız üçün tənhalıq arzulayırıq”, - bəyanatda deyilir.
Xatırladaq ki, 1968-ci ildə Olimpiya çempionu olmuş Forman, habelə WBC, WBA və IBF üzrə peşəkarlar arasında ağır çəkidə dünya çempionudur. Ümumilikdə, Forman peşəkar rinqdə 81 döyüş keçirib, onlardan 76-da (68-də nokautla) qalib gəlib və 5-də məğlub olub.
1949-cu il yanvarın 10-da Texasda anadan olan idmançı 1970-ci illərdə ağır çəkidə dünya çempionu titulunu qazanaraq məşhurlaşıb. İdmandan müvəqqəti olaraq ayrıldıqdan sonra 1987-ci ildə boksa qayıdıb və 1994-cü ildə 45 yaşında yenidən ağır çəkidə titulunu ələ keçirərək, tarixin ən yaşlı ağır çəkili çempionu titulunu qazanıb.

1974-cü il oktyabrın 30-da o zamankı çempion Corc Edvard Formanın və əfsanəvi Məhəmməd Əlinin arasında baş tutan qarşıdurma 20-ci əsrin ən məşhur boks görüşlərindən biri kimi tarixə düşüb. “Cəngəllikdə gurultu” adlnadırılan bu döyüşdə Forman öz karyerasında ilk məğlubiyyətə uğrayıb.
Sahil İsgəndərov
AzVision.az