Təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.
Qeyd edək ki, kənddə inşa olunmuş bir çox qeyri-yaşayış binasının, o cümlədən məktəb binasının damında da Günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Yeni istifadəyə verilən Kəngərli tam orta məktəbi bunun daha bir nümunəsidir.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, müasir standartlara uyğun inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək.
Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.
Ölkəmizdə yeni uşaq müəssisələrinin yaradılması prosesi işğaldan azad olunmuş ərazilərimizdə də uğurla davam edir. Həyata keçirilən bu layihələr həmin ərazilərimizə köçən uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin uğurlu nəticələrindəndir.
AzVision.az