Mozambik prezidentinin oğlu Rusiya bankını necə aldadıb

   Mozambik prezidentinin oğlu Rusiya bankını necə aldadıb
  20 May 2025    Oxunub:445
Nyu-Yorkun Bruklin federal məhkəməsi Mozambikin keçmiş Maliyyə nazirini və “Credit Suisse” bankının üç keçmiş bankirini Mozambikin sabiq prezidenti Armando Qebuzanın ailə üzvləri ilə bağlı irimiqyaslı fırıldaqçılıq sxemi işində zərərçəkmiş tərəf kimi tanınan VTB Qrupuna 352 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.
AzVision.az xəbər verir ki, afrikalı məmurlar və bankirlər 2014-cü ildə Mozambik dövlət istiqrazlarının 2 milyard dollarlıq buraxılışı ilə bağlı olan korrupsiya sxemində iştirak ediblər ki, bu da ölkənin ÜDM-nin 12%-dən çoxu deməkdir.

Pul tun balıqlarının ovu, sahil mühafizəsi və tərsanə tikintisi layihələri üçün Mozambikin zəmanəti altında toplanıb. Lakin alınan kreditlərin 500 milyon dolları izsiz yoxa çıxıb, 200 milyon dollar bank komissiyalarına xərclənib və vəsaitin bir hissəsi İsveçrənin “Credit Suisse” bankının keçmiş işçilərinə geri qaytarılmasına və Mozambik məmurlarına rüşvətə sərf edilib. Rusiyanın “VTB” bankı bu proqramın ən böyük investorlarından biri olub.

Layihənin maliyyə arxitektorları İsveçrənin “Credit Suisse” bankının əməkdaşları idi. Onlar Mozambik hökuməti ilə birlikdə Xarici Korrupsiya Təcrübələri Aktını (FCPA) pozaraq və istiqraz alıcılarından Mozambik borcunun həqiqi həcmini və nəticədə 2016-cı ildə baş vermiş yüksək defolt riskini gizlətməklə investorları aldadıblar.

Hakim Nikolas Qaraufis qeyd edib ki, “VTB” bu sxemin şəriki olmayıb. Bunun əvəzində Çanq və onun əlaltıları “VTB”-ni Mozambikdəki layihələrlə əlaqəli olan iki şirkətə “fırıldaqçılıq yolu ilə 1,2 milyard dollar kredit verməyə razı salıblar” . Rusiyanın “VTB” bankı ABŞ-nin sanksiyaları altında olsa da, hakim dələduzluğun qurbanı olduğu üçün “bu, onu dəymiş ziyanı almaq hüququndan məhrum etmir” qərarına gəlib.

Vaşinqton İsveçrə bankını cəzalandırır
Məhkəmənin verdiktinə əsasən, “Credit Suisse” bankının beynəlxalq şöbəsinin keçmiş rəhbəri Endryu Pirs 264 milyon dollar, onun tabeliyində olan Surjan Sinqh və Detelina Subeva müvafiq şəkildə 35,2 milyon və 10,6 milyon dollar ödəməlidir. Günahlarını etiraf edən hər üç bankir həbs olunub. Çanq dövlət bankına 42,2 milyon dollar ödəməlidir. O, ABŞ-də dələduzluqda təqsirli bilinərək 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

“Tun balığı səhmləri” işi ilə bağlı məhkəmə Mozambikdə də məhkumların real cəzalar alması ilə nəticələnib. Mozambikin keçmiş prezidenti Ndambi Qebuzanın oğlu 12 il müddətinə azadlıqdan məhrum edilib. İki keçmiş kəşfiyyat rəhbəri Qreqorio Leao və Antonio do Rosario da eyni cəzaya məhkum olunublar.

Mozambik hakimi Efigenio Baptista Ndambi Gebuzanın oğurlanmış pulları dəbdəbəli əşyaların ödənilməsinə xərclədiyini vurğulayaraq, cinayətin nəticələrinin “nəsillər boyu davam edəcəyini” bildirib.

Xatrıladaq ki, iki həftə əvvəl ABŞ-nin Ədliyyə nazirliyinin saytında yerləşdirilən məlumatda amerikalılara vergidən yayınmada yardım göstərməkdə günahını etiraf edən İsveçrənin “Credit Suisse” bankının törəmə şirkəti 510,61 milyon dollar məbləğində cərimə ödəməli olacağı açıqlanmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Mozambik   VTB   fırıldaq  





Xəbər lenti