Ağdam sakinləri üçün kurslar təşkil olunacaq

Ağdam sakinləri üçün kurslar təşkil olunacaq
  24 May 2025    Oxunub:358
Ağdam Sənaye Parkında fəaliyyət göstərən istehsal müəssisələri rayona köçürülən sakinlər üçün kurslar təşkil edəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Ağdam Sənaye Parkında fəaliyyət göstərən "EOS QRUP" MMC-nin meneceri Ramin Bəhmənli məlumat verib. Onun sözlərinə görə, sakinlər üçün kurslar şirkətin hesabına təşkil olunacaq:

"EOS QRUP" MMC Ağdam Sənaye Parkında artıq bir ilə yaxındır fəaliyyət göstərir. Hazırda müəssisədə 50-si Ağdam rayonundan olan keçmiş məcburi köçkün olmaqla 60-dan çox işçi çalışır. Onlardan bir neçə nəfər Ağdamın Sarıcalı və Kəngərli kəndinə köçən yerli sakinlərdir".

O deyib ki, istehsal sahəsində ehtiyac duyulan müxtəlif kateqoriyalar üzrə mütəxəssislərin hazırlanması da nəzərdə tutulur. Bu isə gələcəkdə müəssisələrin yerli mütəxəssislər hesabına idarə olunmasına imkan verəcək:

"Qarşımıza qoyduğumuz başlıca məqsəd müəssisəmizin Ağdamdakı filialının əsas işçi qüvvəsini rayon ərazisinə köçən sakinlərdən formalaşmasını təmin etməkdir. Fabrikin gələcək fəaliyyətinin inkişafında yerli kadrların yetişdirilməsinə diqqət yetiririk. Namizədlərin həm Ağdamda, həm də Bakıda kurslara cəlb olunması və onların sertifikasiyadan keçməsi üçün xərcləri şirkət ödəyəcək".

AzVision.az


Teqlər: Ağdam   sakinlər   kurslar  





Xəbər lenti