Ankarada “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisinin açılışı olub

Ankarada “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisinin açılışı olub
  31 May 2025    Oxunub:650
Ankara Rəsm və Heykəllər Muzeyində Mirzə Qədim İrəvaniyə dair “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisinin açılışı və “Cənnət yuxusu” filminin nümayişi olub.
Azərbaycan dəzgah boyakarlığının banisi, görkəmli rəssam Mirzə Qədim İrəvaninin anadan olmasının 200 ili münasibəti ilə təşkil olunan tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türkiyədəki səfirliyimiz nəznindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə səyləri ilə baş tutub.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, İrəvan xanlığı hər zaman zəngin mədəniyyəti, yüksək dövlətçilik və maarifçilik ənənələri, milli-mənəvi dəyərlərin qorunub saxlanılması ilə seçilib. “Burada doğulmuş, fəaliyyət göstərmiş sənətkarlar, alimlər, şairlər nəinki öz dövrü, həm də onlardan sonra gələn nəsillər üçün zəngin irs qoyub gedib”, - deyə nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda formalaşmış Azərbaycan mədəni mühitinin ən parlaq nümayəndələrindən biri olan XIX əsrdə İrəvanda yaşamış görkəmli rəssam, portretçi, ornamentçi Mirzə Qədim İrəvani müasir Azərbaycan panel rəssamlığının əsasını qoyaraq Şərq və Qərb rəssamlığını sintez edib, yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində vacib dəyişikliklərlə yadda qalıb.

“Təəssüf ki, XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlıların bu torpaqlardan kütləvi deportasiyası nəticəsində Qərbi Azərbaycanın çoxəsrlik tarixi-mədəni irsi ciddi təhdid altına düşüb, bir çox tarixi-mədəni abidələr, sənət əsərləri məhv edilib, ya da saxtalaşdırılaraq erməniləşdirilib”, - deyə S.Yusifova bildirib.

O, qeyd edib ki, taleyin bu ağır sınaqlarına baxmayaraq Mirzə Qədim İrəvaninin yaradıcılığı Azərbaycan mədəniyyətində dərin iz qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ildə Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzaladığını xatırladan nazir müavini tədbir çərçivəsində nümayiş olunan “Cənnət yuxusu” filmindən də danışıb.

Daha sonra çıxış edən Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Serdar Çam bildirib ki, bu kimi sərgilər ümumi yaddaşın yaşadılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Xalqlarımızın kökləri nə qədər məhv edilməyə çalışılsa da sağlamdır. Bugünkü sərgi bunun ən gözəl sübutudur. Bütün çətinliklərə baxmayaraq biz yenə də ayağa qalxırıq, ilahi ədalət öz yerini tapır” - deyə, S.Çam vurğulayıb.

İki qardaş ölkənin rəsmiləri sərginin açılış rəmzi olan lenti kəsiblər. Tədbir iştirakçıları sərgi ekspozisiyası ilə tanış olub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal edilən Mirzə Qədim İrəvaninin sənət irsinə həsr olunmuş “Cənnət yuxusu” bədii-sənədli film sənətsevərlərinin böyük marağına səbəb olub.

Qeyd olunub ki, bu film vasitəsilə yalnız Mirzə Qədim İrəvaninin bənzərsiz yaradıcılığı deyil, həmçinin tarixi Azərbaycan torpaqlarında yaradılmış indiki Ermənistandan deportasiya edilmiş azərbaycanlıların və onların yaratdığı irsin faciəli taleyi təqdim edilib.

“Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi Türkiyə paytaxtında iyulun 18-ə qədər davam edəcək.(AzərTac)

AzVision.az



Teqlər:





Xəbər lenti