Uran bahalaşmaqda davam edir

Uran bahalaşmaqda davam edir
  26 Sentyabr 2025    Oxunub:1342
Nyu-Yorkun COMEX birjasında uranın qiyməti 1,58% artaraq ötən ilin payızından bəri ən yüksək həddə çatıb.
AzVision.az “RBK” telekanalına istinadən xəbər verir ki, oktyabr ayında təmizlənmiş uran konsentratının fyuçersləri bir funt üçün 83,45 dollar təşkil edib.

Sonuncu dəfə uranın qiyməti 2024-cü il oktyabrın ortalarında bu səviyyədən yuxarı qalxıb, bu il sentyabrın əvvəlindən isə onun artımı təxminən 9% olub.

“Birja fondlarından artan tələb və nüvə yanacağı bazarı üçün uzunmüddətli proqnozlar fonunda uranın qiyməti demək olar ki, bir ilin ən yüksək səviyyəsinə qalxıb. Dünyanın ən böyük “The Sprott Physical Uranium Trust” investisiya fondu üçüncü rübdə uran alışını 2,3 milyon funta çatdırmağı planlaşdırır. Bundan əlavə, Britaniyanın “Yellow Cake” şirkəti uran almaq üçün 125 milyon dollar cəlb edib”, - “Trading Economics” iqtisadi platformasının məlumatında deyilir.

Portal qeyd edir ki, fond alışları tez-tez bazar likvidliyinin aşağı olması səbəbindən uranın qiymətlərinin artması üçün katalizator rolunu oynayır. Rusiyadan idxal məhdudiyyətlərinin gücləndirilməsi fonunda ABŞ tədarükün azalmasını əvəzləmək üçün strateji uran ehtiyatlarını artırdığını elan etdikdən sonra fondlar aktivləşib.

Öz növbəsində, ABŞ-nin Energetika naziri Kris Rayta istinad edən “Bloomberg” agentliyinin yaydığı məlumata görə, Amerika hakimiyyəti iqtisadiyyatın elektrikləşdirilməsi nəticəsində elektrik enerjisinə artan tələbat fonunda nüvə enerjisini inkişaf etdirmək niyyətindədir.

Orası da var ki, Rusiya ABŞ-nin elektrik enerjisinin təxminən beşdə birini istehsal edən 94 Amerika nüvə reaktoru üçün zənginləşdirilmiş uranın təxminən dörddə birini verir. Alternativlər və ya əlavə ehtiyatlar olmadan Rusiya təchizatının kəskin şəkildə kəsilməsi enerji istehsalının təxminən 5%-ni təhlükə altına qoya bilər.

- Biz həm böyük reaktorlar, həm də kiçik modul reaktorlar tərəfindən idarə olunan ABŞ-nin uran istehlakında sürətli artım görəcəyimiz ümid edirik. Eyni zamanda, ABŞ-nin böyük həcmdə yerli uran istehsalına və zənginləşdirmə qabiliyyətinə ehtiyacı var”, - Kris Rayt “Bloomberg” agentliyinə açıqlamaslnda vurğulayıb.

“Trading Economics” həmçinin qeyd edir ki, Dünya Nüvə Assosiasiyasının proqnozlarına əsasən, 2030-cu ilə qədər nüvə enerjisinin istehsalı üçün urana tələbat 28% artacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: uran   bahalaşma  



Xəbər lenti