Avropa demokratiyadan yorulub

// Köhnə dünya “güclü əl” arzulayır

   Avropa demokratiyadan yorulub
  21 Fevral 2026    Oxunub:2646
Avropanın 5 ölkəsinin vətəndaşları arasında keçirilən sorğu zamanı onların 22%-i bildirib ki, müəyyən hallarda diktatura demokratiyadan daha faydalı ola bilər. 26% isə effektiv və güclü liderə hətta demokratik prosedurlara zidd olaraq fövqəladə səlahiyyətlərin verilməsinə razıdır.
“Progressive Lab” analitik mərkəzinin sifarişi ilə “AboutPeople” institutu Yunanıstan, Fransa, İsveç, Britaniya və Rumıniyada sorğu keçirib. Sosioloqlar belə nəticəyə gəliblər ki, əhali demokratiyanı dəstəkləsə də, onunla bağlı məyusluğu artır.

Demokratiyadan ən yüksək narazılıq Şərqi Avropa ölkələrindədir. Yunanların 76%-ü düşünür ki, demokratiya lazım olan nəticəni vermir. Fransızların 68, rumınların 66, britaniyalıların 42%, isveçlilərin 32%-i belə qənaətdədirlər.

Ekspertlər bu məyusluğu inflyasiya, miqrasiya böhranı, siyasi qeyri-sabitlik, ənənəvi partiyalara inamın azalması ilə izah edirlər. Onların fikrincə, “güclü əl” axtarışı demokratik prosedur və hüquqlardan imtinanı yox, problemləri qətiyyətlə həll etməyə qadir olan lider arzusunu ifadə edir.

Analitiklər xəbərdarlıq edirlər ki, belə vəziyyət populist və radikal elementlərin önə çıxması üçün münbit mühit yaradır.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Sorğu   Avropa   Demokratiya   Güclü-əl  



Xəbər lenti