Birinci Xanım: PORTRET cizgiləri

Birinci Xanım: PORTRET cizgiləri
  26 Avqust 2014    Oxunub:11995
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yubileyini qeyd edir. Artıq indidən bəllidir ki, bu xanım ölkə tarixində qalacaq bir şəxsiyyətdir - ən azı ona görə ki, Azərbaycanda ilk dəfə “First Lady” institutunu o formalaşdırdı və “Azərbaycanın birinci xanımı necə olmalıdır” sualına o cavab verdi.

Azərbaycanda Mehriban Əliyevaya qədər sözün əsl anlamında birinci xanım olmamışdı. Prezidentlərin həyat yoldaşları olmuşdu, amma məhz birinci xanımlar yox. Və ona görə də Azərbaycan cəmiyyəti yaxşı bilirdi ki, Prezidentin həyat yoldaşı və birinci xanım – bunlar əslində ayrı-ayrı anlayışlardır.

Birinci xanımlıq xüsusi bir siyasi-ictimai statusdur. Onun dövlət idarəçiliyində ayrıca yeri və rolu var. Amma bir qədər fərqli şəkildə. Əgər dövlətin başçısı güc və iradə mərkəzidirsə, birinci xanım gözəllik və zəriflik mərkəzi olmalıdır. Azərbaycanda birinci xanımlıq institutunu ilk dəfə formalaşdırmaq tarixi missiya idi və bu yük Mehriban Əliyevanın üzərinə düşdü. O, Azərbaycanın özünəməxsus - nə sırf Şərq, nə də sırf Qərb modellərini təkrarlamayan birinci xanım obrazını yaratmalı idi. Elə obraz ki, hər bir insan tərəddüdsüz qəbul etsin – “bəli, Azərbaycanın birinci xanımı məhz belə olmalıdır”.

Mehriban xanım bu tarixi missiyanın öhdəsindən gəldi: Azərbaycanda özünəməxsus, fərqli birinci xanım obrazını və birinci xanımlıq institutunu yaratdı.

Birinci xanımlıq – böyük missiyadır. Əvvəla, bu obraz, bu sima Azərbaycanı dünyada təmsil edir. İkincisi, o, həm dünyada, həm də ölkə daxilində humanitar sferada dövlətin siyasətini tamamlayır. Hakimiyyətin sadə insana qayğı fəlsəfəsini reallaşdırır.

Obrazlı desək, dövlət başçılarının imicində bir ata zəhmi olmalıdırsa, birinci xanımda da ana mərhəməti və qayğıkeşliyi olmalıdır. Azərbaycanda minlərlə insanın Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fonduna ümid yeri kimi baxması bu obrazın həqiqətən də cəmiyyətin şüurunda möhkəmləndiyini təsdiqləyir. İnsanlar onu qayğı, mərhəmət simvolu kimi qəbul edirlər.

Mehriban Əliyeva Azərbaycan qadını üçün bir modeldir. Həm çox müasir, həm milli adətlərə bağlı; həm çox savadlı, həm adi insanlarla danışıb, onları anlayacaq qədər sadə; həm gözəl, həm ciddi; həm böyük imkanlara malik, həm də təvazökar... İdeal halda Azərbaycan qadını yəqin ki belə olmalıdır və Mehriban xanım öz obrazı ilə bu idealı cəmiyyətə təqdim edir. Görmək çətin deyil ki, əksər qadınlarda ona bənzəmək cəhdləri var, demək olar, hamısı onun hansısa cəhətini götürürlər. Yəni birinci xanım obrazı cəmiyyətin şüurunda bu baxımdan da öz yerini tutub.

Amma bunlardan başqa, birinci xanım həm də çox fəal ictimai xadimdir. Avropanın ilk Olimpiya Oyunlarının təşkilatçılığı missiyasının onun üzərinə düşməsi tarixi roldur. Və bu, heç də təsadüfi deyil: buna qədər Azərbaycanın birinci xanımı irili-xırdalı müxtəlif tədbirlərin təşkilatçısı kimi uğur qazanaraq, bacarıqlı ictimai xadim olduğunu dünyaya göstərə bilmişdi.

Bu gün istər dünyada, istərsə də ölkə daxilində Mehriban Əliyeva birinci xanım obrazında sözün həqiqi mənasında qeyri-adi populyarlığa malikdir. O, dünyadakı birinci xanımların arasında hər baxımdan seçilir. Əvvəla, ictimai fəallıq baxımından heç bir “first lady” Mehriban Əliyeva ilə müqayisə oluna bilməz. Adətən iri dövlətlərdə birinci xanımların fəaliyyəti bir neçə xeyriyyə fondu ilə əməkdaşlıqdan o yana getmir. Azərbaycanın birinci xanımı üçün isə “birinci” sözü təkcə status deyil, həm də fəaliyyəti ilə qazandığı yer və mövqedir. O, təkcə taleyin sayəsində birinci olmayıb, fəaliyyəti ilə də bu birinciliyi qazanıb. Yəni sözün həqiqi mənasında birincidir. Və elə həm də sözün həqiqi mənasında xanımdır – gözəl, qayğıkeş, əsl Azərbaycan xanımı!

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti