“Mən nə qədər mənasız adamam...” – Müsahibə

“Mən nə qədər mənasız adamam...” – Müsahibə
  16 Sentyabr 2014    Oxunub:14364
“Bütün yazılarımı atam yazır”
Hər zaman qalmaqalla gündəmə gəlməyə çalışan gənc yazar Kəramət Böyükçölün AzVision.az-a müsahibəsi

– Kəramət, görəsən, ədəbi gənclik bir-birindən niyə bu qədər ayrı düşdü?

– Azərbaycan elə böyük bir ölkə deyil ki, kimsə bir-birindən ayrı düşsün. Bu məmləkətdə ayrılmaq olur ki? Bapbalaca yerdir. Burdan batıb, ordan çıxırsan...

– Maraqlıdır, bu bapbalaca məmləkətdə yeni nə yazırsan?

– O qədər yoruluram ki, nəsə yazmağa bir qram da həvəsim yoxdur.

– Bu qədər bədbinsən, amma bəzən üç roman yazmağınla öyünürsən.

– Əvvəla, bu, öyünmək deyil, özünəironiyadır. İkincisi, lap öyünürəm, pulumla, var-dövlətimlə, villamla öyünmürəm ki, bunu mənə nöqsan tutasan. Əlimdən bircə yazmaq gəlir və yaza bilməyimlə öyünürəmsə, bunu nəyi pisdir ki? Yaşamaq üçün adicə bir təsəllini mənə niyə çox görürsən?

– Üç roman müəllifiyəm deyirsən, amma nədənsə, hamı bircə “Çöl”ü gördü.

– Markes o boyda əsərlər yazdı, amma hamı “Yüz ilin tənhalığı”n gördü. Və yaxud, Orxan Pamuk “Yeni həyat” kimi əsər yazdı, amma heç kəs görmədi. Yəni belə şeylər çox olur. Ümumiyyətlə, Markes, Orxan Pamuk və Kəramət Böyükçöl təxminən eyni taleyi yaşayan yazıçılardır.

– Sənə elə gəlmir ki, hələ də “Çöl”də qalmısan?

– Əslində, kim “Çöl”ü tərifləyirsə, acığım tutur.

– Ona görə ki, “Səkkizinci gün”dən danışmırlar?

– Düzünü deyim, “Səkkizinci gün” romanımı haralardasa təbliğ etməyə həvəsim yoxdur. Həm də, o əsəri kiminsə oxuyub-oxumamağı mənim üçün qətiyyən maraqlı deyil. Əksinə, oxumasalar daha yaxşıdır.

– Niyə oxumasınlar ki?

– Bəlkə də o romanı oxusalar, məni Əkrəm Əylislidən də pis günə qoyarlar.

– Yeri gəlmişkən, səni qeyri-vətənpərvərlikdə, insanların milli hislərini, duyğularını alçaltmaqda qınayırlar.

– Həmişə insanı yazmağa çalışıram və yazmaq istədiyim insanın milləti yoxdur. Sadəcə, bu insanın gözü, qulağı, burnu, əlləri var, sevgisi var, göz yaşı var, hissi, duyğusu var. Kimlər üçünsə bu insan erməni də ola bilər, türk də, rus da... Mənim üçün insan var. Və insanlığa bir az yuxarıdan baxmaq istəyimi kim milli hisslərinə toxunmaq kimi qəbul edirsə, öz işidir.

– Belə çıxır ki, sənə vətənpərvər insan demək olmaz...

– Heç kəsin hisslərinə toxunmaq niyyətim yoxdur. Sadəcə, düşündüklərimi yazıram. Və kimsə boynuma öhdəlik də qoymayıb ki, sən mütləq vətənpərvər olmalısan.

– Bəziləri deyirlər ki, sən bir çox hərəkətlərinlə Əkrəm Əylislinin yolunu gedirsən.

– Əkrəm Əylisli çılğın və əsəbi adamdır. Mənim Əkrəm Əylisliyə olmağa duxum çatmaz. Mən “Daş yuxular” kimi əsər yazsaydım, bəlkə də, qorxumdan şalvarımı isladardım və Azərbaycan xalqından üzr istəyərdim.

– “Pozğun”u romanın, deyəsən, “Çöl”ün ikinci hissəsidir.

– Düzdür.

– Bəs onu ayrıca kitab kimi çap etdirməyə nə ehtiyac vardı?

– “Çöl”ün strukturu belədir ki, burada iki avara dost sözü bir yerə qoyur və roman yazmağa başlayırlar. “Çöl”də əslində, bir-bir ilə heç bir bağlılığı olmayan iki roman var. Və bunları yazanda da ayrı-ayrı əsər kimi yazmışdım.

– Elədirsə, niyə iki romanı bir əsər kimi çap eləmisən?

– Ağır dərdir. Gör, 4-5 il bundan qabaq nə qədər mənasız hisslərlə yaşamışamsa, təsəvvür elə ki, Milli Kitab Mükafatına təqdim etmək üçün tələmtələsik hər iki əsəri birləşdirib bir kitab kimi çap elətdirdim.

– Münasibət necə oldu?

– Azərbaycanda hansı əsərə qeyri-adi münasibət olur ki? Bizim insanlar nervisi çıxarılmış diş kimi bir şeydir. Bunlar heç nəyi hiss eləmir, heç nəyə reaksiya vermirlər. Kimdən münasibət gözləyəsən? İnanırsan, ədəbiyyat bu insanların heç tükünü də tərpətmir. Əksinə, ədəbiyyata lağ eləyirlər, ədəbiyyatı ələ salırlar. Maraqlı bir yazıçı, qeyri-adi və özlərinə oxşamayan bir adam görən kimi höyüllənirlər, dəli olurlar.

– Kəramət, niyə hər şeyə ironiya edirsən? Bəziləri bilmir ciddi danışırsan, yoxsa məzələnirsən.

– Nə bilim, bəlkə də, düz deyirsən. Bir az da ciddi olmaq lazımdır. Hamıya lağlağı gözlə baxanda istər-istəməz insanlardan ayrı düşməyə başlayırsan, heç kimlə yola getmirsən. Və belə yaşamaq getdikcə adama çətin gəlir. Amma o biri tərəfdən, dərin ironiya həm də özünüxilas yoludur.

– Necə yəni özünü xilas yoludur?

– Məsələn, o qədər olub ki, ciddi bir hadisə ilə məzələnmişəm və kənardan kimlərsə nə demək istədiyimi bilib. Amma əksəriyyət başa düşməyib, elə biliblər ki, kimisə tərifləməklə məşğulam və yaxud özümü pisləməklə məşğulam.

– Deyirsən ki, yaşamaq getdikcə çətinləşir. Görəsən, sənin hamı kimi, rahat yaşamağına nə mane olur ki?

– Mənə elə gəlir ki, Azərbaycanda kim rahat yaşayırsa, deməli, onun arzuları yoxdur. Məncə, arzular adamı yaşamağa qoymur. Məni də narahat eləyən ən çox reallaşmayan arzularımdır.

– Maraqlıdır, arzuların nədir ki?

– Arzularım əsasən, ədəbiyyatla bağlıdır və bəlkə də, kimlər üçünsə adi şeylərdir. Tutalım, istəyirəm ki, tamamilə yazıçı həyat tərzi sürüm. Ən böyük arzum budur.

– Bəs nə mane olur?

– Normal bir cəmiyyətimiz yoxdur. Məsələn, cəmiyyətdə kitaba maraq olsaydı, kitab almaq və kitab satmaq mədəniyyəti formalaşsaydı, gedib ucqar bir kəndə oturub əsərlərimi yazardım, kitablarım da az-çox satılardı. Mənə elə gəlir ki, yazıçı ancaq kitablarımın pulu ilə dolanmalıdır. Lap kitablarının pulu ilə bahalı içkilər içər, hər gün bahalı qızlarla kef eləyər, bazlıq eləyər. Bunun kimə nə dəxli var?

– Əladır ki...

– Əlbəttə, belə olmalıdır. Azərbaycanda bir dənə də olsun, həqiqətən, yazıçı həyatı yaşayan adam yoxdur. Bunu yazsam, filankəs inciyər, bunu yazsam, filankəs küsər... Çünki hamımız bu cür yetişmişik, lap balcasından tutmuş, içi mən qarışıq, lap böyüyünə qədər hamımız beləyik. Belə yazıçı olar? Azərbaycanda yazıçı adicə arvadının qorxusundan səmimi hisslərini yaza bilmir, o saat qayınları tutacaq yaxasından ki, bizim bacımıza niyə xəyanət edirsən? Çox dəhşətdir. Amma neyləyəsən, axırda ya reallıqla razılaşırsan, ya da dözməyib ölürsən.

– Sən hələ ki dözürsən.

– Bilirsən, belə şeylər sadəcə, bir yazı adamı kimi məni həvəsdən və ruhdan salır. Fikirləşirəm ki, mən kimin üçün yazıram? Ümumiyyətlə, niyə Azərbaycanda roman yazmalıyam? Bunun mənası nədir? Anlamıram. Əslində, dərin mütaliə və ardıcıl yazı məşqi eləyib təxminən, 40 yaşa kimi özümü tam yetişmiş və püxtələşmiş yazıçı səviyyəsinə çatdıra bilərəm və əminəm ki, buna gücüm də çatar. Amma belə insanların arasında yaxşı yazıçı-zad olmaq istəmirəm.

– Maraqlıdır, niyə özündən bu qədər arxayınsan?

– Çünki dostumuz Şərif Ağayar demişkən, güclü potensialım var və potensialıma inanıram. Bunu məndən yaxşı kim bilər ki?

– ANS-də çıxışın böyük qalmaqal yaratdı, bunu görə səni çox tənqid elədilər. Narahat olmadın ki?

– ANS-də dedim ki, şəhidin içində vətən sevgisi var, amma fərarinin içində həyat sevgisi. Sizcə, həyat sevgisi böyükdür, yoxsa vətən sevgisi? Elə bil başlarına hava gəldi.

– Necə düşünürsən, səncə, hansı sevgi böyükdür?

– Əlbəttə, həyat sevgisi böyükdür və böyük ədəbiyyatın mərkəzində də, içi həyat sevgisiylə dolu insan dayanır. Yəni ölmək istəmir, çünki həyat içində sönməyib, amma ölməyə məcburdur.

– Aydındır.

– Belə başa düşürəm ki, ciddi ədəbiyyat üçün vətən sevgisi boş şeydir. Ədəbiyyatın ən hörmətli yerində insan faktoru dayanır. Yəni bu insan ölməməlidir. Ədəbiyyat üçün insan o qədər qiymətlidir, təsəvvür elə ki, yer üzündə hamı ölüb, amma bircə insan qalıb, bax, o insana görə ağaclar olmaldır, meşə olmalıdır, təbiət olmalıdır, quşlar olmalıdır, o insana görə göylə buludlar getməlidir, günəş olmalıdır, ay çıxmalıdır... Çünki bunların hamısı insan üçündür və insan bu qədər önəmli varlıqdır. Torpaq nədi ki, insan onun yolunda ölsün? Torpaq üstündə də insan ölər?

– Bir tərəfdən deyirsən ki, yazmağa həvəsim yoxdur, amma o biri tərəfdən, kult.az saytında ardıcıl yazıların çıxır.

– Düzdür, bədii əsər yazmağa həvəsim yoxdur. Amma saytda işçiyəm, az-çox maraq doğuran yazılar yazıram, tanınmış insanlardan müsahibə alıram. Bunlar mənim işimdir.

– Belə bir fikir gəzir ki, sənin yazılarını Qəşəm Nəcəfzadə yazır.

– Bu suala müsahibərimdə dəfələrlə cavab vermişəm.

– Bilirəm, amma...

– Çox qəribədir, deyəcəm ki, yazılarımı özüm yazıram, deyəcəksən ki, bəs niyə belə deyirlər? Deyəcəm ki, doğrudan da, bütün yazılarımı atam yazır, qayıdacaqsan ki, niyə məzələnirsən? Bəs mən neyləyim? Çimim, gedim məscidə Qurana əl basım ki, yazılarımı özüm yazıram? Sənə nə cavab verim, bilmirəm. O biri tərəfdən, özümü kimədə sübut eləməyə ehtiyac görmürəm.

– “Ulduz” jurnalı eksperiment kimi indiyə kimi beş gənc yazarın redaktorluğu ilə çıxdı. Amma nədənsə, bu beş redaktorlardan heç kim orada təmsil olunmadı. Sənin özün də bu barədə səhv etmirəmsə, yazmışdın.

– Nə yazmışdım, heç yadımda deyil. Hər gün nə qədər yazılar yazıram, yadımdan çıxıb gedir.

– Səncə, Qulu Ağsəs “Ulduz”u necə çıxarır?

– Deyim ki, bu jurnalın baş redaktoru yaxşıdır, amma kollektivi mənə elə gəlir ki, yaxşı deyil. Bu kollektivlə inanmıram ki, axıra qədər həvəslə işləmək mümkün olsun.

¬ – Görəsən, Kəramət “Ulduz”da işləmək istəyər?

– Üçüncü, dördüncü dərəcəli iş yerim kimi, əlbəttə, işləmək istəyərəm.

– Maraqlıdır, sənin üçün yazıçı azadlığı nədir?

– Təəssüf ki, bizdə mətn bir yanda qalır, daha çox kimin nə dərəcədə azad olması müzakirə olunur. Bu, çox pis şeydir. Məncə, yazıçı azadlığı odur ki, içini olduğu kimi ifadə eləyirsən. Amma elə adamlar var ki, lap azadlıq da versən, azad ola bilmir. Çünki ruhu çezib və içi yoxdur. İçi yoxdursa, nəyi ifadə eləsin? Azadlıq onun nəyinə lazımdır ki...

– Razıyam.

– Əslində, azadlığın ləzzəti o zaman olur ki, o azadlığa kənardan ciddi əhəmiyyət verilir.

– Yəni...

– Tutalım, özünü azad hesab eləyən yazarlarımız var, onların azadlığı kim üçün maraqlıdır ki? Bir yazı yazır, ətrafında olan beş-altı adam paylaşır, o da həvəslənir, birini də yazır və həmin adamlar yenə onun yazısını paylaşır... Belələri azadlıq kimi böyük neməti gözümdən elə salıblar ki, azadlıq adı gələndə ürəyim bulanır. Hətta azadlığa nifrət edirəm.

– Bir ara Qan Turalını qrupbazlıqda və redaktoru olduğu saytı öz və dostlarının mənafeyi naminə gen-bol istifadə etməkdə ittiham edirdin. Bir qədər haqsızlıq etmirsən?

– Mən nə qədər mənasız bir adam olmuşam ki, gör kimi tənqid etmişəm. Doğrudan da, onu tənqid etmək böyük səviyyəsizlikdir. Özümü bağışlaya bilmirəm.

– “Gənc Ədiblər – I” məktəbinin məzunu olmusan. İndi “Gənc Ədiblər – II” fəlaiyyət göstərir. Səncə, hansı fərqlər var?

– “Gənc Ədiblər – II”-də az-çox görünən iki imza var: Emin Piri və Ramil Əhməd. Başqa heç kim nə yadıma düşmür, nə də tanımıram.

– Sən “Gənc Ədiblər – I” vaxtı elə də aktiv imza kimi görünmürdün. Və bir də gördük ki, bərabər olduğun gənc ədiblərin üstünə düşübsən, hərəsini bir şeydə ittiham edirsən.

– Yadıma gəlir, bir dəfə Yazıçılar Birliyində Sabir Rüstəmxanlı ilə görüş keçirilirdi. Sabir müəllim gəncliyindən danışdı. Dedi ki, nə yazırdımsa, məni görmürdülər. Və buna görə hamını ucdadtutma topa tutmağa başladım.

– Sən də Sabir Rüstəmxanlı kimi elədin?

– Nədənsə, Sabir müəlimin bu sözü ağlıma batdı. (gülür) Doğrudan, mən o söz-söhbətlərin hamısı unutmuşam.

– Bəs yazılarında tez-tez Səlim Babullaoğluna söz atmağına nə deyirsən?

– Səlim yaxşı insandır. Amma adamın başının üstündə Allah var, o, doğrudan da, istedadsızdır.

– Özün AYB üzvü olsan da, daha çox AYO-çu təsiri bağışlayırsan. Amma son yazılarında ətəyindəki daşları gənc AYO-çuların üstünə yağdırdın, ardıcıl yazılar yazdın.

– Təəssüf ki, vaxtilə cəmiyyətdə az-çox maraq doğuran bir təşkilatı – AYO-nu uşaq-muşaqla hörmətdən saldılar. Mən yazımda da bunu demişdim.

– “AYB, atam və dostum” yazında bir dostunu dəyişkənlikdə, gənclərdən istifadə edib az qala inqilaba səsləyib, amma özünün adicə bir iş yerinə uduzmasından yazmısan.

– Deyəsən, o yazıda ad çəkməmişəm.

– Ad çəkməmisən, amma ştirixləri də elə vermisən ki, istər-istəməz adamın yadına ilk növbədə Şərif Ağayar düşür.

– Mən o yazıda demişəm ki, dostum konkret adam deyil, ümumiləşmiş obrazdır. Yenə deyirəm, heç kəsin adını çəkməmişəm.

– Kərramət Böyükçöl bilərəkdən hamının fikrinin əksini deyir ki, səs-küy doğursun. Sənin haqqında belə fikirlər də var.

– Ümumiyyətlə, mənim beynim, ruhum çoxlarının əksinədir. Amma bəzən özümü gizlətməyə çalışıram. Bəzən də alınmır.

– Məsələn, ANS-də özünü saxlaya bilmədin. Alınmadı.

– Məhz ANS-də həmin şeiri qəsdən dedim.

– Niyə?

– İstəyirdim ki, insanlar qıcıqlansın. Belə də oldu. Hərdən dəlilik də lazımdır.

– Kult.az-da gah ciddi adamlarla müsahibə edirsən, gah da çoxunun, elə özünün də ələ saldığın qeyri-ciddi imzalarla danışırsan. Maraqlıdır, bu qədər dəyişməyi necə bacarırsan?

– Düzü, iki-üç il bundan qabaq özüm haqqında çox yüksək fikirdəydim. Yəni kimdənsə müsahibə almağı özümə sığışdırmazdım. Sonra başa düşdüm ki, yaxşı bir sayt işlətmək üçün belə şeyləri nəzərə almaq lazım deyil.

– Bəzən müsahibələrinlə bağlı deyirlər ki, canlı söhbətdə ayrı sual verirsən, amma dərc olunanda suallarını dəyişdirirsən. Yəni müsahiblərini pis durumda qoyub, onlardan məğlub obraz yaradırsan.

– İndiyə kimi nə qədər tanınmış adamlardan müsahibə almışam. O yazılarda nəyisə dəyişmiş olsaydım, həmin adam mətbuatda təkzib yayardı.

– Seymur Baycanla müsahibən ayrı saytda bir neçə əlavə suallarıa çıxdı. Bu necə oldu?

– Düzü, o adamla söhbət etmək həvəsim olmayıb. Sadəcə, işlədiyim yerdən dedilər, mən də gedib müsahibə aldım. O da müsahibəni bizim saytdan götürüb, özü-özünə ayrı suallar verib, sonra da cavab yazıb, təzədən öz saytında dərc eləmişdi. Nə iş idi, başım çıxmadı.

– “Ulduz”, “Azərbaycan”, “ Ədəbiyyat” qəzetində dəyişikliklər oldu. Bir gənc kimi hazırkı nəşrlər gözünə necə görünür? Nə gözləyirdin, nə oldu?

– Heç nə gözləmirdim. Heç nə də olmadı. Boş şeylərdir.

Emin Piri


Teqlər:  





Xəbər lenti