Övladlarına görə işdən qovulan məmurlar – SİYAHI

Övladlarına görə işdən qovulan məmurlar – SİYAHI
  17 Sentyabr 2014    Oxunub:29518
Yüksək çinli məmurların təkcə özləri ilə bağlı deyil, onların övladları, ailələri haqda məlumatlar hər zaman ictimai kəsimin diqqət mərkəzindədir. Yüksək vəzifə sahibləri ictimai əhəmiyyətli fiqurlar hesab olunurlar, bu baxımdan onları əhatə edən xəbərlər, qeyri-rəsmi söhbətləri, görüntüləri mətbuat səhifələrində diqqətçəkən başlıqlarla tirajlanır, geniş müzakirələrə yol açır.

Məmur övladları heç də həmişə cəmiyyət üçün nümunəvi olmurlar. Bir çoxları valideynlərinin tutduğu posta güvənərək qanun pozuntularına yol verir, xoşagəlməz hadisələrlə gündəmə gəlirlər.

Mətbuatda bahalı maşınları, “avtoşluq”ları ilə ad çıxaran, qiymətli qızıl-zinət əşyaları ilə öyünən, bahalı villalarını sosial şəbəkələrdə açıq-aşkar reklam edən məmur övladları və onların “şıltaqlıqları” gözdən yayınmadı. Qiymətli yüz minlərlə ölçülən maşınlarla Bakıda avtoxuliqanlıq edən məmur balalarının yol verdiyi nöqsanlardan daha çox onların vəzifə sahibi olan ataları əziyyət çəkdi.

Hətta iş o yerə gəlib çatıb ki, ölkə başçısı keçirdiyi müşavirədə bu məsələnin üzərində xüsusi dayanmış və bu hallara yol verən məmurlara və onların övladlarına sərt xəbərdarlıq etmişdi.

Harınlamış bəzi məmur övladlarının özlərini ifşa etdikləri əsas yer isə sosial şəbəkələrdir.
Ümumiyyətlə əksər hallarda məmurların işdən çıxarılmasında özlərinin yol verdikləri nöqsanlarla yanaşı, övladlarının da davranışları mühüm rol oynayır.

AzVision.az saytı övladlarının yol verdiyi nöqsanlara görə işindən azad olunan məmurlarla bağlı araşdırma aparıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin keçmiş sədr müavini Mübariz Mədətov



Xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə (həyat yoldaşı və nəvəsinin ölümü) səbəb olmuş məmur övladının törətdiyi qəzadan çox yazılıb. Belə ki, xalq artistinin ailəsinə ölüm gətirən bahalı “Mercedes-Benz G-55”in sürücüsü Xalid Mədətov və onun məmur atası Mübariz Mədətov cəzasız qalmadı. Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini vəzifəsindən azad edildi.

Xatırladaq ki, M.Mədətov Xəzər Dəniz Neft Donanmasının rəisi olub, Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılmasından sonra QSC-nin sədr müavini təyin edilib. Bu hadisədən sonra məmur oğlunun özü isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Xalid Mədətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Məhkəmənin hökmü ilə X. Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il həbs cəzasına məhkum edildi.

Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası azadlıqdan məhrum edilmə cəzası çəkiləndən sonra tətbiq olunacaq.

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov



Övladının yol verdiyi nöqsana görə vəzifəsində azad olunan məmurlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. Ötən ilin yanvar ayında oğlu Vüqar Ələkbərovla İsmayıllı sakinləri arasında yaranan insident sonrada həmin rayonda böyük etirazlara səbəb oldu.

Mətbuatda “İsmayıllı hadisələri” kimi işıqlandırılan bu hadisə zamanı eks nazirin oğluna məxsus “Çıraq” oteli və onun bir neçə bahal avtomobili yandırılıb. Nazirin həmin rayonun icra başçısı olan qardaşı Nizami Ələkbərov da bu hadisələrdən sonra tutduğu vəzifədən azad olundu.

Olaydan sonra 18 nəfər həbs olunub. Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin keçmiş rəisi Əliməmməd Həsənov

Avtoxuliqanlıqda təqsirləndirilərək inzibati qaydada həbs edilən polis əməkdaşının məmur atası da işdən çıxarılıb. Bir neçə ay öncə Zığ şossesində avtoxuliqanlıq edən polis əməkdaşı Tural Həsənovun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov da övladının ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib.

Belə ki, onun övladı T. Həsənov Zığ şossesində dostu ilə avtomobillə sürətlə yarışa çıxaraq dəfələrlə qəza vəziyyəti və bakılıların həyatı üçün real təhlükə yaradıb. Bundan sonra Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə T. Həsənov polis orqanlarından da xaric olunub.

Onun yarışdığı digər avtoxuliqan, dostu Rahib Abdulbağırov isə 15 sutkalıq həbs edilib.

Tərtər rayon icra başcısını keçmiş birinci müavini Vidadi Bəylərov

Övladının törətdiyi qəzaya görə işdən çıxarılanlardan biri də Tərtər rayon icra başcısını keçmiş birinci müavini Vidadi Bəylərov olub. Ötən il V. Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi avtomabil qəzası nəticəsində bir nəfər ölüb. Bu fakta görə Tərtər rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini Vidadi Bəylərov tutduğu vəzifədən azad olunub. Hadisəyə gəlincə, məmur oğlu başqa bir gənclə "qonkaya" çıxıb və "rəqib"ini sıxışdıraraq, yoldan çıxmağa məcbur edib.

Nəticədə isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib.

Bir neçə müddət işsiz qalan Vidadi Bəylərova bu yaxınlarda yeni vəzifə verilib.
Tərtər rayonuna yeni icra başcısı təyin edilən Müstəqim Məmmədov tələbə yoldaşı Vidadi Bəylərovu Tərtər rayon Telekommunikasiya qovşağının rəisi təyin edib.

Bakı şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin keçmiş rəisi Ramiz Nəbiyev



Övladının sosial şəbəkədə dəbdəbəli həyatlarını nümayiş etdirməsi prokuroru işindən etdi. Bakı şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadə xeyli sayda pulları və müxtəlif avtomobilləri sosial şəbəkədə nümayiş etdirib.

1988-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Elvin Nəbizadənin fotosunu paylaşdığı “Volkswagen” və Rusiya istehsalı olan “Niva” markalı avtomobillər onun özünə məxsus olub. Digər “Jeep” markalı bahalı avtomobil isə atası Ramiz Nəbiyevə məxsus olub. “Lexus” markalı avtomobilin sahibi isə Elvin Nəbizadənin böyük qardaşıdır. Prokurorun oğlu yaşadıqları lüks evin fotosunu da sosial şəbəkədə yayıb.
Bütün bunlarla bağlı mətbuatda yazılandan sonra onun atası öz ərizəsi ilə vəzifəsində azad olunub.

Hazırladı: Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti