İrana qarşı təlimlər başladı – TƏHLİL

İrana qarşı təlimlər başladı – TƏHLİL
  06 May 2013    Oxunub:2034
Bu gündən etibarən Ərəb Körfəzində Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında beynəlxalq hərbi təlimlərə start verilir. Mayın 30-na kimi davam edəcək təlimlərdə dünyanın 30-dan artıq ölkəsi iştirak edəcək.
Təlim prosesində, sualtı minaların, partlamamış mərmilərin müəyyən edilməsi və zərərsizləşdirilməsi, desant çıxarma, pilotsuz təyyarələrdən istifadə kimi məşğələlər icra ediləcək. Rəsmi açıqlamalara görə, təlimlərin əsas məqsədi Ərəb Körfəzində mülki nəqliyyatın və neft daşınmalarının təhlükəsizliyinin gücləndirilməsindən ibarətdir.

Amma bir sıra ölkələrdə, xüsusilə də Rusiyada bu izahat şübhə ilə qarşılanır. Moskvalı ekspertlər iddia edirlər ki, təlimlər İran hakimiyyətinə və müəyyən mənada iran xalqına təzyiq göstərmək məqsədi daşıyır.

Bu il, iyunun 14-də İranda prezident seçkiləri keçiriləcək. Qərb bir növ iranlılara, hazırkı rejimin İranı necə bir güclə üz-üzə qoyduğunu nümayiş etdirmək niyyətindədir. Bu formada Qərb, ictimai rəyə və müəyyən qədər seçkilərin nəticəsinə təsir göstərmək ümidindədir.

Məsələni iqtisadi tərəfdən izah edənlər də var. Ərəb Körfəzi dünya iqtisadi sistemi, xüsusilə də Amerika üçün böyük əhəmiyyət daşıyır. Dünyada dəniz yolu ilə neft daşımalarının 40%-i körfəz vasitəsilə həyata keçirilir. İran rəsmilərinin Hörmüz boğazını bağlamaq təhdidləri Qərbi narahat etməyə bilməz. Körfəz təlimləri Tehrana vəziyyətin ciddiliyini, Amerikanın iqtisadi maraqlar naminə nələrə hazır olduğunu izah edəcək.

Digər tərəfdən, Ərəb Körfəzində keçiriləcək təlimlər Rəsmi Tehran üçün daha ciddi sınaq xarakteri daşıyır. Müharibə hədələri həmişəki kimi okeanın o tayından, hardasa uzaqlardan gəlmir, Rəqib bu dəfə İranın dövlət sərhədlərində güc nümayiş etdirir. Məşğələlərə 30-a yaxın ölkənin cəlb edilməsi isə, Vaşinqtonun illərdir inşa etdiyi Anti-İran koalisiyasının, iqtisadi sanskiyalardan ziyadə, daha radikal məqsədlər üçün hazır olduğunu sübut edir.

İran probleminin yeganə həll yolunu hərbi müdaxilədə görən mütəxəssislər iddia edirlər ki, Qərb İrana hücumun yekun konturlarını çəkir. Belə bir mümkün müharibənin məhz Ərəb Körfəzindən başlanacağı isə heç kimdə şübhə doğurmur.

Amerikanın bölgədə ən böyük hərbi dəniz bazası 5-ci donanma məhz burda, Bəhreyn sahillərində mövqe tutub. Əksər körfəz ölkələri Birləşmiş Ştatlarla bir cəbhədə yer alır. Başqa sözlə, indi Vaşinqton, Ərəb körfəzində - İRAN SƏRHƏDLƏRİNDƏ – gücünün pik nöqtəsindədir.

Bu gündən etibarən, ayın sonuna qədər Ərəb Körfəzi böhranlı dövrə qədəm qoyur. Fikrimcə, bir ay ərzində, bölgədə sabitlik, Amerika və müttəfiqlərinin hərbi gücündən yox, rəsmi Tehranın əsəblərinin möhkəmliyindən asılı olacaq.
P.S. Mən, İrana ilk zərbə endirilən ana qədər, ABŞ və İsrailin müharibə hədələrinin ciddiliyinə inanmayacam... Fikrimcə, məhz bu cür İran, gələcəkdə Ərəb regionunda Amerikaya lazım olacaq...

Elzar AĞAYEV


Teqlər:  





Xəbər lenti