“Tüpürüm sizin müdafiənizə...”
E.Fətullayev Almaniyada olarkən Frankfurtdakı mitinqin dağıdılması ilə bağlı səhnələrdən dəhşətə gəldiyini deyib: “Almaniyada olanda “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarına da müraciət etmişəm. “Amnesty İnternational” təşkilatının Almaniya ofisinin rəhbəri Aleksandr Boşdan müsahibə almışam. O da Almaniya polisini müsahibədə tənqid edib. Bu, kiminsə adından istifadə etmək sayıla bilərmi? Mənim Almaniya səfirliyi ilə münasibətim yaxşı olub. Lakin Bakıya qayıdandan sonra qəribə münasibətlə qarşılaşdım. Demək belə çıxır ki, tərifləyəndə münasibət yaxşı olur, tənqid edəndə pis. Məndən tələb edirdilər ki, layihənin maliyyə məbləğini açıqla. Mən də demişəm ki, layihəni dəstəkləyənlərdən biri “Black Sea Trast” təşkilatıdır. Almaniyanın Xarici İşlər Nazirliyi həmin təşkilata məktub göndərib ki, bu nə layihədir dəstəkləyirsiniz? Bu nə deməkdir? Demək, siz təşkilatlara təsir edirsiniz. Əgər mən maliyyə məbləğinin adını düzgün açıqlasaydım, o zaman gör nələr olardı. Bizim təşkilatın illik büdcəsi 200 min manatdan çox olub. Almaniyaya gedib monitorinq aparmaq nə böyük maliyyə tələb edir ki? Demək, Azərbaycanı tənqid etmək olar, Almaniyanı yox. Mənə fondlar deyir ki, Almaniya Xarici İşlər Nazirliyi bizə sizinlə əməkdaşlıq etməyi tövsiyə etmir. Amma gözləyirdim ki, Almaniya səfirliyi mənə təşəkkür edəcək. Mən hamını tənqid edirəm, buna görə də Azərbaycan hökuməti tərəfindən cəzalandırılıram. İndi Almaniya hökuməti də məni cəzalandıracaq? “Amnesty İnternational” təşkilatının nümayəndəsi Maks Taker mənə yazır ki, sən ikinci dəfə tutulsan, səni müdafiə etməyəcəyik. Tüpürüm sizin müdafiənizə. Belə müdafiə heç mənə lazım deyil. Burda bunu da açıqlayıram ki, “Amnesty İnternational”ın əsas maliyyəçisi Almaniya dövlətidir. Mən elə bilirdim ki, buna görə mənə təşəkkür edəcəklər və göstərəcəklər ki, demokratiya belə olur. Mən Angela Merkelə də müraciət edəcəyəm ki, bunu edənlər cəzalandırılsınlar. Bu hərəkət Almaniyaya yaraşmaz. Bizim layihəmiz başqa ölkələrdə də keçiriləcək. Bunun Almaniyadan başlanmasında nə problem var ki?”
Tədbirdə iştirak edən Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Fredrik Hanke isə deyib ki, Almaniya dövləti Eynulla Fətullayevin layihə keçirməsinə hər hansı problem yaratmayıb: “Black Sea Trast” təşkilatı özü bizə müraciət edib. Biz demirik ki, Almaniyanı tənqid etmək olmaz. Lakin Almaniya ilə Azərbaycanın problemləri fərqlidir”.
E.Fətullayev isə bildirib ki, o, hər şeyi sübutla danışır: “Lakin cənab Hanke düzgün danışmır. Düzdür Almaniya inkişaf etmiş ölkədir, lakin Azərbaycan inkişaf etməkdə olan ölkədir. Almaniyanın 200 illik müstəqillik tarixi var. “Black Sea Trast” təşkilatı mənə müraciət edib ki, Almaniya Xarici İşlər Nazirliyi onlara məktub göndərib ki, niyə Eynullaya dəstək verirsiniz. Bu, nə deməkdir?”
(APA)