YUĞ-da sərhədlər bölünəcək

YUĞ-da sərhədlər bölünəcək
  07 May 2013    Oxunub:1745

Yarandığı gündən Yuğ Teatrının yaradıcılığının prioritet istiqamətlərindən biri də dünya teatr məkanına inteqrasiya, beynəlxalq əlaqələrin qurulması olub.
Bu günlərdə polşalı rejissor Tomasz Leszczynski (Tomaş Leşçinski) YUĞ Teatrında Slavomir Mrojekin pyesi əsasında hazırlanan “Sərhəddə” adlı tamaşanın məşqlərinə başlayıb. Sözügedən tamaşa beynəlxalq müştərək prodüser layihəsi çərçivəsində hazırlanır.

Layihə Polşa Respublikasının Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, YUĞ Dövlət Teatrı, AR Production - Beynəlxalq Prodüser Şirkəti, A.Mitskeviç İnstitutu və prodüser Səbuhi Məmmədovun təşəbbüsü ilə həyata keçirilir. Dövlət teatrları sistemində ilk beynəlxalq müştərək prodüser layihəsi olan tamaşanın premyerası may ayının sonlarına nəzərdə tutulub.

“Sərhəddə” tamaşasında mənzilləri dövlət sərhədlərinə bölünmüş bir ailənin həyatından bəhs edilir. Ailəvi şam yeməyi yeyərkən diplomatlar gəlir və uzun müzakirələrdən sonra ailə başçısına bildirirlər ki, onların evlərindən dövlət sərhəddi keçəcək və bu sərhəd ailə üzvlərinin hərəsini müxtəlif dövlətlərin vətəndaşlarına çevirəcək.

Beləliklə, ilk baxışda gülünc görünən, mahiyyət etibarilə isə faciəvi hadisələr başlanır. Sərhədçi sənədsiz “dövlət sərhəddini” keçməyə çalışan nənəni öldürür. Evin sərhədlərə bölünməsi ilə ailənin bütün varlığı əməlli-başlı problemə çevrilir. Tamaşanın sonunda qüvvələr hərbi qarşıdurmaya hazırlaşır. Ailə isə buna fikir verməyərək, əvvəlki kimi öz həyatlarını yaşamağa çalışırlar. Hətta onlar sərhəddə toplaşan əsgərləri ev sahibinin doğum gününə dəvət edirlər. Mrojek üslubuna sadiq qalaraq, bu pyesdə də finalı açıq qoyur. Oxucu – tamaşaçı nə baş verəcəyini özü düşünməlidir.

Bu pyesində Mrojek müharibələrin, sərhədlərin insanları ayırması, bəşəriyyətin səadətinə mane olması fikrini qabardıb. İnsanların özləri üçün yaratdığı sərhədlər də - dini, irqi, sosial ayrıseçkilik, bəşəriyyətin növlərə, irqlərə bölünməsi insan faciələrinə səbəb olur. Bu pyesdə bir ailənin başına gələn hadisələrin nümunəsində Mrojek çox qəribə bir üslub və təhkiyə ilə insan mövcudluğunun mənasızlığı ideyasına toxunur.

Tomaş Leşçinski 1980-ci ildə Belostokda anadan olub və ibtidai təhsilini orada alıb. Polşada Varmin-Mazur Uiversitetində aktyor fakültəsində və Sankt-Peterburqda Teatr Sənəti Akademiyasında Veniam Filştinskinin kursunda təhsil alıb. Təhsilini başa vurduqda sonra bir müddət Moskvada və Nyu-Yorkda yaşayıb, aktyor kimi fəaliyyət göstərib. Daha sonra vətəni Polşaya qayıdıb və bu günə qədər Polşada yaşayır. Bir sıra kino və televizya layihələrində aktyor və rejissor kimi iştirak edib. Rus dilindən polyak dilinə və əksinə, bir sıra tərcümə əsərlərinin müəllifidir.

Tomaş Leşçinskinin teatr fəaliyyəti də məhsuldar və çoxşaxəlidir. O, Polşanın, Rusiyanın, Gürcüstanın və Belarusiyanın müxtəlif teatrlarında çoxsaylı tamaşalara quruluş verib.



Teqlər:  





Xəbər lenti