Qarabağda hər an hər şey ola bilər – Türkiyəli politoloq

Qarabağda hər an hər şey ola bilər – Türkiyəli politoloq
  03 Dekabr 2014    Oxunub:5090
“Türkiyə bölgədə ən güclü dövlət olan Azərbaycan ilə əlaqələrini hər gün inkişaf etdirməkdədir. Bu əlaqələr hər iki dövlət üçün lazımlıdır. Azərbaycanın qərbə açılan qapısı Gürcüstan üzərindən Türkiyədir. Türkiyənin isə Şərqə açılan 3 qapısı var, bunlardan biri Azərbaycandır.

Real siyasi baxımdan yaxınlaşanda, bu qarşılıqlı inkişafa açıq əlaqə forması regional güc tarazlığını Azərbaycanın lehinə artıracaq. Azərbaycan sahib olduğu qaynaqlardan balanslı istifadə və bu mənbələrdənəldə ediləcək gəlirin balanslı paylanmasını, ictimai ədaləti təmin etməklə bölgədə daha güclü olacaq”.

Bu sözləri AzVision.az-a müsahibəsində tanınmış politoloq, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay deyib. O, bildirib ki, Türkiyə-Azərbaycan əlaqələrini pozmaq istəyənlər var, ancaq bunlara meydan verməmək lazımdır.

- Münasibətlərimizdə Qarabağ mövzusu harada yer alır?

- Qarabağ soyuq müharibə dövründən qalan bir problem olaraq 22 ildir davam etməkdədir. Status-kvonun qalması Ermənistana sərf edir, amma bu status-kvo belə qala bilməz. Ermənistan bu gedişatı davam etdirməkdə çətinlik çəkir. Ermənistan vasitəsilə Türkiyə-Azərbaycan əlaqələrini hədələməyə çalışanlar Qarabağ problemini davamlı nəzarətlərində saxlamağa çalışırlar. Onların əsas məqsədi Türkiyə ilə Azərbaycanın arasını vurmaqdır. Qarabağ Qafqazın problemi olmaqan əvvəl Türk dünyasının problemidir və bu geniş perspektivdən baxılaraq həllini tapacaq. Təbii ki, Azərbaycan döyüş variantından başqa seçənəkləri də hərəkətə keçirməlidir.

- Nədir bu seçənəklər?..

- Diplomatiya beynəlxalq əlaqələrdə bir nömrəli açardır. Azərbaycan əvvəlcə bütün imkanlarını işə salaraq, diplomatiya yürütməliir. Savaş son variant ola bilər, amma diplomatiya davamlı dövrədə olmalıdır. Diplomatiya ilə dünyanın bütün diqqətlərini bölgəyə çəkə bilər. Qarabağda kim nəyi və nə üçün istəyir gerçəyini bütün dünyaya yaymaq lazımdır.

- Bəs Rusiyanın yanaşması necə olacaq?

- Rusiya çar dövrü strategiyasını davam etdirir. Onun bu strategiyanı dəyişməli olduğunu hər bir platformada ifadə etməliyik. Rusların Qafqaza, türk dünyasına baxışı dəyişməlidir.

- Yaxın perspektivdə Qarabağda hansı hadisələr baş verə bilər?

- Qarabağda hər an hər şey ola bilər. 2015-ci il Qafqaz üçün çox dinamik keçəcək və bunun düyün nöqtəsi Qarabağ olacaq.

Seymur Süleymanov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti