Benzinin bahalaşmasının səbəbi

Benzinin bahalaşmasının səbəbi
  13 Yanvar 2015    Oxunub:4434
Azərbaycanda gözlənilmədən benzinin və dizelin qiymətinin qalxması günün mövzusuna çevrilib. Belə ki, ötən gün Tarif Şurası qiymət artımı ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

Benzin niyə bahalaşıb?

Tarif Şurasının yaydığı rəsmi məlumatda qeyd edilir ki, məlum olduğu kimi, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yarasız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub.

Yol vergisinin yanacağın qiymətinə daxil edilməsi nəticəsində verginin ödənilməsi prosesi və verginin yığılması üzrə inzibatçılıq sadələşir, avtonəqliyyat vasitəsindən daha az istifadə edən şəxslər daha az vergi ödəyir, illik vergi bir dəfəyə deyil, hər dəfə yanacaq alınan zaman hissə-hissə ödənilir, hüquqi şəxslər tərəfindən vergi orqanlarına yol vergisi bəyannamələrinin təqdim olunması ləğv edilir, verginin tam yığılması təmin olunur.

Reallıq nədən ibarətdir...?

“Yol vergisinin ləğv edilməsi benzinin qiymətinin qalxmasının üzərinə transfer olundu”

Bunu AzVision.az-a a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Benzinin bahalaşmasına münasibət bildirən ekspertin sözlərinə görə, parlamentin tənzimlənən qiymətlərin pərakəndə satış qiymətinə təsir imkanı yoxdur:

“Strateji məhsulların qiyməti yalnız Tarif Şurası tərəfindən dəyişdirilə bilər. Strateji məhsulların qiyməti Traif Şurasında müəyyənləşdirildiyi üçün Tarif Şurası topdansatış qiymətlərinə tətbiq etdiyi 2 qəpiyi, pərakəndə satış qiymətlərinə transfer edib. Həmin 2 qəpiyi sahibkarlar deyil, vətəndaşlar ödəyəcək”.

İqtisadçı bildirib ki, hazırda neft alan ölkələrdə benzinin qiyməti aşağı düşür:

“Neftin dünya bazarında qiyməti aşağı düşdükdən sonra Almaniyada benzinin qiyməti 12 faiz, ABŞ-da isə 15 faiz azalıb. Bir sıra ölkələrdə qiymət azalmaları müşahidə olunur.

Əksinə, neft satan ölkələrdə benzinin qiyməti artıb. İndoneziyada benzinin qiyməti 20 faiz, Malayziyada 10 faiz artıb. Bu əks mənzərənin yaranmasının əsas səbəbi onunla bağlıdır ki, neft alan ölkələr daha ucuz neft alır və onlarda istehsal olunan benzin ucuz başa gəlir. Neft satan ölkələrdə neft çıxardan və benzin istehsal edən şirkətlər əsasən eyni şirkətlərdi. Azərbaycanda 1 barrel neftin maya dəyəri 15 dollardır, indiki halda belə ARDNŞ mənfəət əldə edir. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi səbəbindən ölkəyə daxil olan vəsatlərin həcmi azaldığına görə bəzi ölkələr aksız vergilərini artırmaqla büdcədə yarana boşluğu doldurmağa çalışırlar. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi səbəbindən bir çox ölkələr dövlət büdcəsinə təsirlərini daha çox aksız vergilərlə ödməyə çalışıblar ki, bu da neft istehsal edən ölkələrdə benzinin qiymətinin artımına, benzin alan ölkələrdə isə qiymət azalmasına səbəb olub”.

Ekspert bundan başqa qeyd edib ki, ölkəmizdə baş verən 2 qəpiklik artım, il ərzində dövlət büdcəsinə 60 milyon manat əlavə gəlirin daxil olmasına gətirib çıxaracaq:

“Bu artım neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda dövlət büdcəsinə mənfi təsirləri konpensasiya etmək məqsədi daşıyır. Hökumət çalışır ki, büdcəyə qeyri-neft sektorundakı daxilolmaları artırsın. Bununla da neftin dünya bazarında qiymətinin aşağı olması səbəbindən dövlət büdcəsinə təsirləri minimuma endirmək mümkün olsun”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti