Neftin ucuzlaşması manatı zəiflədə bilərmi? – TƏHLİL

Neftin ucuzlaşması manatı zəiflədə bilərmi? – TƏHLİL
  14 Yanvar 2015    Oxunub:2947
Artıq dünya bazarlarında neftin 1 barrelinin qiyməti 50 ABŞ dollarından da aşağı səviyyədədir. Bu cür sürətlə ucuzlaşma gəlirləri neftin ixracından asılı olan ölkələrdə dövlət daxilolmalarını azaldır. Ucuzlaşma 2015-ci ilin ortasınadək davam edərsə, makroiqtisadi sabitlikdə “titrəyiş” yarana bilər. Bu da özünü, ilk növbədə manatın alıcılıq qabiliyyətində göstərəcək.

Qonşu Rusiyadakı vəzyyət buna əyani sübutdur. Son günlər digər qonşu ölkələrdə - Türkiyə və Gürcüstanda da eyni tendensiya start götürüb ki, bu, heç də rublun ucuzlaşmasından qaynaqlanmır. Yeri gəlmişkən, rublun enişi Azərbaycan manatına da birbaşa olaraq təsir etmir və edə də bilməz.

Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ilin yanvarın 10-dan manatın məzənnəsini müəyyənləşdirməkdə manat və ABŞ dollarının nəzərə alınması siyasətindən istifadə edir ki, əvvəl bivalyuta (dollaravro) səbətindən istifadə olunurdu. Hansı ki, bu mexanizm, yəni manatın məzənnəsinin müəyyən edərkən bivalyuta (dollar/avro) səbətindən istifadə 2008-ci ildən qüvvədə idi.

Dediyimiz odur ki, rubl ABŞ dollarına görə məzənnədən düşdükcə manat da ona nəzərən bahalaşır. Lakin qeyd etdiyimiz kimi, ucuzlaşma ilin ortasınadək davam edərsə, manatın da ABŞ dollarına görə məzənnəsində "titrəyiş" hiss oluna bilər.

Ümumiyyətlə, hər bir ölkənin milli valyutası dünyanın aparıcı valyutalarına nəzərən məzənnədən düşməyə başlayırsa bu, həmin ölkənin iqtisadiyyatında makrosabitlik üçün təhlükədir. Milli valyutaların dəyəri məxsus olduğu ölkərin iqtisadi gücünü və onlarda istehsal olunan ümumi daxili məhsul həcmini göstərir. Milli valyuta ölkənin Mərkəzi Bankı tərəfindən ya “şüurlu” və yaxud “düşünülmüş” şəkildə dəyərdən salına, ya da ölkədə tədiyyə balansının pozulması - idxalın ixracı getdikcə kəskin üstələməsi ucuzlaşdıra bilər.

Azərbaycanda hər iki cəhətdən vəziyyət qənaətbəxşdir. Düzdür, ixracının əsas hissəsini neft və karbohidrogen məhsulları təşkil edən ölkələrin milli valyutaları ABŞ dollarına çox bağlıdır. Çünki, dünya bazarlarında neft və neft məhsulları ABŞ dollarına alınıb-satılır. Rusiya ilə Azərbaycan da bu qəbildən olan ölkələrdəndir.

Belə ki, rublun ABŞ dollarına görə məzənnədən düşməsi məlum səbəblər üzündən Moskvaya qarşı tədbiq edilən iqtisadi sanksiyalarla yanaşı, həm də neftin ucuzlaşması ilə əlaqədardır. Sözügedən ölkəyə demək olar, hər gün bir qədər də az dollar daxil olur, odur ki, dövriyyədə artıq rubl kütləsi yaranır. Ona görə də ya rubl sərbəst buraxılmalı, ya da dövriyyəyə müdaxilə edərək artıq rubl kütləsi çıxarılmalıdır.

Bu isə dövlətin əlində mövcud valyuta ehtiyatları vasitəsilə həyata keçirilə bilər. Başqa sözlə desək, sözügedən müdaxilə müəyyən limitə sahibdir ki, Rusiyada da bundan istifadə çoxdan maksimuma yaxınlaşmışdır.

Bizdə isə manat sabit vəziyyətdədir. Əvvəla ölkəmizə qarşı Rusiyadan fərqli olaraq iqtisadi sanksiyalar tədbiq edilməyib. İkincisi Azərbaycan Rusiya kimi böyük ölkə olmadığından sahib olduğu iqtisadi “təhlükəsizlik yastığı” daha uzun müddətə yararlı xüsusiyyət kəsb edir. Üçüncüsü də ölkəmizin tədiyyə balansı bayaq da qeyd etdiyimiz kimi müsbət saldoya malikdir.

Düzdür, maliyyə naziri Samir Şərifov da neftin ucuzlaşması ilə əlaqədar dövlət büdcəsində olmasa da, icmal büdcədə özünü əyani göstərəcəyini qeyd edib. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi ucuzlaşma 2015-ci ilin ortasınadək davam edərsə ARDNF-ə gəlirlər azala bilər.

İcmal büdcə "əriyərsə" onun daxilində dövlətin əsas maliyyə sənədi üzrə də gəlir və xərclərin də nəzərdə tutulduğu kimi həyata keçirilməsi mümkün deyil. Yəni, belə vəziyyət yaranarsa ardınca büdcə xərcləri də azaldılmalıdır. Bu zaman sosial xərclər isə azaldıla bilməz, çünki bunlar sekvestri mümkün olmayan xərclərdir. Deməli, investisiyalar dayandıılmalıdır. Bu isə qeyri-neft sektorun maliyyələşməsini məhdudlaşdıra bilər.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti