Natavan Həbibi: `Özləri sataşırlar, sonra da...` - MÜSAHİBƏ

Natavan Həbibi: `Özləri sataşırlar, sonra da...` - MÜSAHİBƏ
  26 Yanvar 2015    Oxunub:24468
Populyar müğənni Natavan Həbibi AzVision.az-a müsahibəsində sonuncu məhkəmə çəkişməsinə və bir sıra digər məsələlərə aydınlıq gətirib.

- İlk olaraq yaradıcılığınızdakı yeniliklərdən danışaq...

- Yaradıcılığımda yeni mahnılar var, o cümlədən, türk dilində bəstəsi mənə məxsus olan, “Anlayamadım” adlı mahnıya klip çəkdirməyi düşünürəm. Mahnını 2007 -ci ildə Hacı Nazimlə birlikdə yazmışıq. Ancaq uzun müddət idi ki, nədənsə utanırdım, təqdimata ürək etmirdim. Amma bu il özümü toplayıb Türkiyədə klip çəkdirmək qərarı verdim. Digər yeniliklərdən biri də odur ki, yeni sayt üzərində işləyirik. Sayt birbaşa instagram ve facebookla bağlı olacaq.

- İnstagram, Facebook demişkən, çox adamı həmin sosial şəbəkələrdə sizin özünüzün olub- olmadığı maraqlandırır.



-Mən hər dəfə bu cür suallarla qarşılaşıram. Ona görə də sizin vasitənizlə də bildirirəm ki, heç bir sosial şəbəkədə yoxam, əvəzimdən köməkçilərim mənim adımdan idarə edirlər. Yalnız instagramı (natavanhebibi) çox vaxt özüm işlədirəm. Tanıdığım insanlara özüm cavab verirəm, şəkilləri telefonumla paylaşıram.

- Bəs saytları, televiziyanı necə izləyirsinizmi? Gündəlik informasiyaları hansı saytlardan alırsınız?

-Belə bir xarakterim var ki, özümü pis xəbərlərdən uzaq tuturam. Çünki pis məlumatlar vaxtilə özümü və ətrafımdakıları o qədər üzüb ki, indi daha səbr edə bilmirəm onlara. Çalışıram ki, normal, səviyyəli xəbər saytlarını oxuyum, elə sizin AzVision.az da daxil olmaqla. Elə saytlar var ki, instagramdan şəkil götürüb, xəbər hazırlayırlar...

- Gələk sizin sön günlər gündəmi alt–üst edən məhkəmə məsələsinə...



- Mən bizim dövlətimizin qanunlarına sığınıb öz hüquqlarımı müdafiə etdim. Ona görə də bu haqda elə qanunlara əsasən danışmalıyam. Haqq-ədalət nəhayət ki, yerini tapdı. Elə insanlar, jurnalistlər var ki, bu haqda danışmamaq tapşırığı aldıqları üçün yazmağa ürək etmirlər. Özləri appellyasiya məhkəməsinə verirlər, özləri də uduzurlar. Elə bayaq xəbər aldım ki, Xətai rayon məhkəməsində bunlardan birinin Tarix Əliyevə (Tolik) məğlubiyyəti qanuni şəkildə təsdiqləndi, yəni yenə də uduzdu. Onlar üçün çətindir... (gülür)

- Məhkəmənin qərarına görə Aygün Kazımova sizdən üzr istəməlidir. Sizcə, bunu edəcəkmi?

- Bilmirəm. Bu, onun öz işidir. Hər halda, qanunlarımıza tabe olmaq hər kəsin borcudur. Mənim çəkinəcəyim, qorxacağım heç nə yoxdur.

-Belə iddialar səsləndi ki, guya Appelyasiya Məhkəməsinin qərarı hansısa tapşırıqla verilib...

- Natavan Həbibi Xalq artistindən güclü ola bilər? Yox. Xalq artistinin pulu Natavandan az ola bilər? Yox. Əgər xalq artistinin sözü keçmirsə, əgər xalq artistinin pulu yoxdursa, Natavanın necə olsun? Mən sadəcə, sənətçiyəm. Xalq artistinin qazancı, tanışları ilə məni müqayisə etmək olmaz. Deməli, qanunlar işləyir. Əgər mən pul vermişəmsə, Aygünün pulu mənim pulumdan çoxdursa, onda o versin məhkəməni alsın. Onlar 37 nəfərdir, hətta yığışıb bir yerdə də pul verə bilərlər, əgər pul vermək mümkündürsə... Mən bu iddiaya görə də onları məhkəməyə verə bilərəm. Məhkəmə özü belə onları bu iddiaya görə məhkəməyə verə bilər.



Siz kimə şər atırsınız? Bizim prezident korrupsiya ilə mübarizə aparır, amma onlar açıq-aşkar deyirlər ki, Natavan kiməsə pul verib məhkəmə qərarını satın alıb. Bilirsiniz, necədir, belə bir məsəl var: aşığın sözü qurtaranda lay-la-lay edir, bunlar da həmçinin. İnsan nə qədər alçala bilər ki, uduzacağını bilə-bilə məhkəmə iddiası qaldırsın? Sən sussaydın, söhbət yaddan çıxardı. Mən özüm gənc olaraq yaşca böyük insanların belə hərəkətlərinə baxıb, çox təəccüblənirəm. Necə ola bilər ki, yaş, həyat, təcrübə insanı öyrətməyib?

- Belə başa düşdüm ki, sizin Aygün Kazımovaya qarşı kininiz yoxdur. Hətta o, sizdən üzr istəsə, yaxud da barışsanız, rəfiqə də ola bilərsiniz...

- Deməli, siz məni heç tanımırsınız. Həmişə deyirəm ki, mən sözü bir dəfə deyirəm. İstər dostum olsun, istərsə də düşmənim, mən sənə nöqtə qoydumsa, bitdi, vergül ola bilməz. Bir neçə il bundan qabaq o qadın mənə sataşdı və sataşa-sataşa qaldı. Bilmirəm ki, mən bu neçə ildə niyə susmuşam?! Bilmirəm baş qoşmaq istəmirdim, yoxsa enerjimi sərf etmək istəməmişəm, bilmirəm, halbuki hamı deyirdi ki, sən Aygün Kazımova ilə özünü reklam edirsən. Özləri sataşırlar, sonra onlara zərbə dəyəndə, küncə sıxışdırılanda deyirlər ki, reklam üçün ondan istifadə edilir. Onun adı mənim reklamım üçün lazım deyil.

- `Crystall Hall`da, Heydər Əliyev Sarayında konsertlər təşkil etmisiniz. Bunlar kifayət qədər maliyyə tələb edən layihələrdir. Həm də açıqlamışdınız ki, toya getmirsiniz. Bu konsertlərin təşkilatçılığı üçün maliyyə problemini necə həll edirsiniz?



- Mənim Sarayda olan konsertim çox bahalı konsert idi, amma heç vaxt qiymət açıqlamağı sevmirəm. Bunu görməmişlik sayıram. Ona görə bahalı idi ki, o konsertdə səsdən tutmuş işıq, mikrofona qədər hər şey yüksək səviyyədə idi. Dünyada sonuncu çıxan avadanlıqlar gətirilmişdi. Mən bir holdinqin simasıyam. Konsertin sponsoru da həmin holdinq idi. Bir sözlə, konsertə cibimdən bir manat da xərcləməmişəm. Prodüserim Roland sponsorlara müraciət edib, onlar da baxıb qiymətləndiriblər ki, bu konsertdə səviyyəli iş olacaq və onları adı bu konsertdə hallansa, yaxşı olar. Ona görə də asanlıqla hər şey həll olunub.

Bir gün də düşünmədik ki, nəsə problem ola bilər. Mənim ödənişli konsertlərim də olub, onlar mənə pul verir ki, oxuyum. Məsələn, `Crystall Hall`-dakı konsert. Əgər solo konsert olarsa, onda sponsor tapıb pul xərcləmək lazımdır, amma dəvət olunuramsa, mənə ifamın qarşılığında pul ödənməlidir.

- Bizim müğənnilərin əksəriyyəti xarici estradaya can atır, orada tanınmağa çalışırlar. Amma sizdə bu həvəs gözə dəymir. Bu, nədir: vətənə bağlılıqdır, yoxsa...

- Maks Fadeyev özü məni tapıb, yazdığı mahnını göndərib, oxumağı təklif edib. Onun öz yanında oxumuşam. Sonra mənə müqaviləni göndərdilər, amma qorxdum. Müqavilədə inanılmaz çətin şərtlər var. Risk edib o işə atıla bilmədim. Çünki bizim müğənnilərin gündəlik rejimi standartdır. Çəkiliş olmasa səhər yuxudan gec oyanırıq, çəkiliş varsa, səhər tezdən durub, çəkilişə gedirik, sonra gedib dostlarla haradasa otururuq. Orada – müqavilədə isə elə şeylər yox idi və ola da bilməz. Məsələn, şərtlərdən biri bu idi ki, mən Rusiyada yaşamalı idim. Bakıya gəlmək üçün 6 ay öncə xəbərdarlıq etməliyəm. Düşündüm ki, iraq olsun, birdən Bakıda nəsə pis hadisə baş verdi və mən gəlməməliyəm, onda?! Onlarda toy yoxdur, ancaq konsertlərdir, turneyə çıxırlar. Mən həmişəki kimi özümü yox, ailəmi düşündüm və geri çəkildim. Bəlkə də risk edib o müqaviləni imzalamalı idim. Amma nə olursa, yaxşılığa doğru olur.

- Heç biznes-ledi olmağı düşünmüsünüz?

- Mən artıq sırf bizneslə məşğulam, sənətdə olan bizneslə yox. Həmin biznesin rəhbəri mənəm, lakin onu başqaları idarə edir. Bəlli insanlar var ki, sırf bu işlə məşğuldurlar.

- Axır vaxtlar hamı deputat olmaq eşqinə düşüb. Məsələn, Elza Seyidcahan...

- Yox, mənim bununla bağlı, ümumiyyətlə, siyasətə qatılmaq fikrim yoxdur. Çünki siyasətə qoşulanda adam sərbəst olmur. Məsələn, indi sizinlə söhbət edirik, gecə evə gedib düşünürəm ki, səhər ürəyim harasa gedib, istirahət etmək istəyir, amma siyasətdə, dövlət işində bu rahatlıq olmur.

-Ümumiyyətlə, elə şansınız olsaydı, hansı vəzifədə çalışardınız?

- Mənim xarakterimdə idarəetmə, təşkilatçılıq ruhu var. Məsələn, konsertimdə rejissor olmayıb, iş bölgüsünü özüm edirdim ki, filankəs sən bu işi gör, bəhmənkəs sən başqa işi. Hər sahədə beləyəm, mətbəxdə də idarəçiliyi bacarıram. Hərəyə bir iş tapşırıram və gözəl süfrə alınır.

- Mətbəxdə ancaq idarəçilik edirsiniz? Bəs qollarınızı çırmalamırsınız?

-Yemək yeməyi çox xoşlayıram. Sənətə başlayana qədər bütün günü evdə olurdum, təmizlik işlərini görürdüm və yeməkləri bişirirdim, özü də dadlı alınırdı.

- Nədənsə, `şarmlı müğənni` deyəndə ilk 3-lükdə siz ağıla gəlirsiniz...



- Bu, çox yaxşıdır. Bəzən soruşurlar ki, nəzər dəyməyindən qormxursan? Əslində mənə çox tez-tez göz dəyir. Ola bilsin, fikirləşərlər ki, özümdən çox razıyam, amma bu, özündən razılıq deyi . Doğrudan, ailəmizdə belə bir hal var. Nəzərə çox tez tutuluruq. Ona görə də evdə həmişə üzərlik yandırılır, üstümdə gözmuncuğu olur. Çox fikir verməsəm də, təsirini hiss edirəm. Məsələn, başım ağrayır, adətən də toylarda olur, o dəqiqə hiss edirəm ki, göz dəydi.
Geyim tərzinə gəlincə, adətən çalışıram ki, özümə yaraşanı geyinim. Nə olursa-olsun, xanımın gözəlliyi olmasa da, şarmı mütləq olmalıdır.

Çəkilişdə göstərdiyi köməyə görə “Ay&Su” butikə təşəkkürlər!

Nuron Məmmədov
Fotolar müəllifindir



Teqlər:  





Xəbər lenti