Tünzalə: `Yaponiyada səfir olmaq istəyirəm` - MÜSAHİBƏ

Tünzalə: `Yaponiyada səfir olmaq istəyirəm` - MÜSAHİBƏ
  28 Yanvar 2015    Oxunub:15036
“Şou-biznesin yazılmamış qanunları var”

Müğənni Tünzalə Ağayeva bir müddət əvvəl `Bakı-2015` Olimpiya Oyunlarında atıcılıq idman növü üzrə səfir seçilmişdi. Onunla söhbətimizə də elə buradan başladıq:


- Bəziləri başqa idman növünü istəyirdi, amma seçdiyi zərfdən istəmədiyi idman növü çıxırdı. Atıcılıq idman növü mənim də istədiyim idman növü idi. İdmanla bağlı bir neçə layihəm olub, atıcılıq üzrə çepionumuz Zemfira Meftəhəddinovanı da yaxşı tanıyıram. Bundan sonra da bu çərçivədə onunla görüşlərimiz olacaq.

- Bəs özünüz atıcılığı bacarırsınız?

- Bir az bacarıram. Ara-sıra məşğul olmuşam (gülür).



- Səfir olmağınızı gözləyirdiniz?

- Mən 2014-cü il Milli Olimpiya Komitəsinin Fəal, Sağlam Ailəm kampaniyası çərçivəsində onsuz da səfir seçilmişdim. Belə deyək, o səfirlik statusunu 2014-cü ildən daşıyıram və bəzi söhbətlərdən, insanların davranışlarından artıq nə isə gözləyirdim, hiss edirdim ki, səfir seçiləcəyəm. Həm də səfirlik təcrübəsini keçmişdim. Hətta mən ikiqat səfirəm. Bakı-2015 Olimpiya oyunlarının könüllülərinin səfiriyəm. Yəni, iki ad daşıyıram. Könüllülərin səfiri və Ulduz səfir.

- Səfirlik əlavə məsuliyyətdir. Müğənnilik fəaliyyətinizlə paralel necə çatdıracaqsınız? Sizə təklif gələndə bunları düşünüb işlərinizi necə planlaşdırdınız?

- Yox, düşünmədim. Çünki bu tarixi hadisə bütün ölkəmizə aiddir. Bizim hər birimizin orada töhfəsi olmalıdır. Ulduzun ulduz, vətəndaşın vətəndaş, təşkilatçının da təşkilatçı töhfəsi olmalıdır. Bir sözlə, bu, təkcə idmançılara aid olan hadisə deyil. Bu, ölkəmizin bayramıdır. Hesab etdim ki, niyə də mənim qatqım olmasın? Bu təklifi əlavə iş hesab etmədim. Amma artıq bilirəm ki, iyun ayına qədər harada olacağam, saat neçədə olacağam.



- Əgər diplomat kimi fəaliyyət göstərsəydiniz, hansı ölkədə səfir kimi işləmək istərdiniz?

- İstərdim ki, maraqlı ölkələrdən biri olan Yaponiyada çalışım. Orada səfir olmaq istərdim. Onların mədəniyyəti mənə çox maraqlıdır. Qardaş Türkiyəni də sevirəm və orada da səfir olmaq istəyərdim.

- Sizin millət vəkili olmaq istəyiniz barədə şayiə yayılmışdı...

- Bu, mənim ən qıcıqlandığım mövzudur. Mən bu haqda heç düşünmədiyim halda nədənsə media nümayəndələri bu sualı mənə tez-tez verir. Allah işlərini avand eləsin. Bizim həmkarlardan hansı bu istəkdə olubsa, mən ancaq onlara uğur arzu edirəm. Amma bu suallar niyə mənə ünvanlanır, başa düşmürəm. Belə çıxır ki, millət vəkili olmağımı mən yox, insanlar istəyir. (gülür).



Bu cür xəyalla yaşamamışam, yaşamıram da. Sadəcə, bir həqiqət var: Heç vaxt `heç vaxt` demə. Həyat məni hara gətirəcək, bunu zaman göstərəcək. Bir vaxtlar mən oxumaq, müğənni olmaq istəmirdim. Amma indi mən müğənni kimi müsahibə verirəm. Bilmirəm gələcəkdə kim olaraq müsahibə verəcəyəm. Öz sənətimin vəkili, diplomatı, səfiri, oğlu, qızıyam.

- Ümumiyyətlə, hansısa vəzifə sizi sənətdən uzaqlaşdıra bilərmi?

- Mənim vəzifəmin içində bütün vəzifələr var. Səhnəyə çıxanda səfir oluram, mədəniyyətimi təmsil edirəm.

- Belə görünür ki, məmurluğa meyilli deyilsiniz...

- Qətiyyən yox.



- Sizcə, şou-biznesin rəsmi qaydaları olmalıdırmı?

- Şou-biznesin bu gün-sabah 100 illiyini qeyd etmək lazımdır. Onun qurulmuş sistemi var. O sistem də onun hədəfindən asılıdır. Hədəf nədir? Bu, gözəl görünüşü və bir az səsi olan insandan para qazanmaqdır. Bunu da kim qazanır? Müğənni özü-özünə qazandıra bilməz. Ona şərait qurub, sərmayə qoyurlar. Bu da şou-biznesin qaydalarıdır.



Düzdür, bizdə müğənni özü-öz başına hərəkət edir. Özü yaşayır, həll edir, qərar verir. Baxmayaraq, bu gün Türkiyədə də deyirlər ki, onlarda da stereotiplər sınmağa başlayır. Müğənnilər özləri özlərilə işləməyə başlayır. Şirkətlərlə çox az şərtlərlə müqavilə bağlayırlar. Məsələn, albomu burax, vəssalam. Klip çəkilişinə və s. işlərə qarışma. Bu gün biz də peşəkar şəkildə elə işləyirik. Konserti bir təşkilatçı, klipi bir agentlik, səfərini bir başqası hazırlayır. Belə işləməyə məcbursan. Bir sözlə, şou-biznesin öz yazılmamış qanunları var.



Nuron Məmmədov
Fotolar müəllifindir

Qalereya




Teqlər:  





Xəbər lenti