Avro niyə ucuzlaşır və bundan təşvişə düşməyə dəyərmi? - TƏHLİL

Avro niyə ucuzlaşır və bundan təşvişə düşməyə dəyərmi? - TƏHLİL
  30 Yanvar 2015    Oxunub:9644
Avronun ucuzlaşmasının sürətlənəcəyi aydın idi. Yəni, Avropa Mərkəzi Bankının (AMB) devalvasiyaya siyasətinə gedəcəyi qabaqcadan bilinirdi. Çünki dünya iqtisadiyyatı hazırda həmişəki kimi dörd – ABŞ, Avropa İttifaqı (Aİ), Şərqi Asiya və Yaxın Şərq ölkələrinin deyil, təkcə bir ayağı - ABŞ iqtisadiyyatı üzərində dayanıb.

Belə ki, adları çəkilən digər zona ölkələrinin iqtisadiyyatları real olaraq ən yaxşı halda durğun vəziyyətdədir. Neftin ucuzlaşması və Aİ, o cümlədən Çində iqtisadi artımın geriləməsinə rəğmən, ABŞ iqtisadiyyatında müsbət tendensiyalar müşahidə edilməkdədir.

Təsadüfi deyil ki, Prezident Barak Obama ölkənin mövcud sosial-iqtisadi və siyasi vəziyyətinə dair illik hesabatla bu yaxında Konqresdə etdiyi çıxışda böhranın başa çatdığını - iqtsadiyyatının dirçəldiyi və işsizliyin 5,6 faizə qədər azaldığını dedi. Real olaraq isə neftin ucuzlaşması da dolları möhkəmləndirməsinə baxmayaraq, sözügedən ölkənin xeyrinə işləməkdədir.

Belə vəziyyətdə isə təbii ki, Aİ iqtisadiyyatını dirçəltmək üçün müvafiq tədbirlər həyata keçirtmək tələb olunurdu. Ancaq sual oluna bilər ki, niyə məhz devalvasiya? Onsuz da avro dollara nəzərən ucuzlaşmaqda idi. Neftin qiymətinin ucuzlaşması avtomatik olaraq ABŞ dollarını da bahalaşdırır. Buna uyğun olaraq, dünyanın digər aparıcı valyutaları da dəyərdən düşür. Qızıl isə əksinə, dəyərə minir. Düzdür, neftin 8 aydır ucuzlaşmasına baxmayaq bu, qızılın qiymətində müşahidə olunmur. Amma iqtisadi qanunlara əsasən belə olmalıdır. Bu barədə az sonra...

Məsələ bundadır ki, neftə görə avro dollara nəzərən ucuzlaşmaqda olsa da, Aİ ölkələrində deflyasiya müşahidə olunur. Bu da inflyasiyanın sabitliyi göstəricisidir. Sözügedən tendensiya həqiqi bazar iqtisadiyyatı mexanizmi şəraitində isə iqtisadi aktivliyin zəif olduğunu göstərir. Deməli, iqtisadi artıma nail olmaq və onu bərpa etmək üçün ekstensiv təsirlər həyata keçirtmək barədə düşünmək tələb olunurdu ki, avronun ucuzlaşdırılması da bu səbəbdən irəli gəlir.

Bu mənada, 2008-2009-cu illərdə yaranan qlobal maliyyə və iqtisadi böhrandan ABŞ hökümətinin xilasolma tədbirlərini xatırlamaq yerinə düşər. Belə ki, sözügedən böhrandan çıxmaq üçün federal hökumət iqtisadiyyata bacardıqca güclü maliyyə dəstəyi göstərdi. Və bunun nəticəsi olaraq da uğur əldə edildi. Bu siyasətin baş ideoloqu isə ölkənin mərkəzi bankı sayılan Federal Ehtiyat Sisteminin (FES) sabiq rəhbəri Ben Bernanke oldu. Bu gün ABŞ-ı həmin böhrandan xilasediciləri sırasında birinci növbədə məhz onun adını çəkmək lazımdır.

Xatırladaq ki, ABŞ həmin böhranın episentri sayılırdı və hər şey 2008-ci ilin avqustunda bu ölkədə ipoteka kreditləşdirilməsindən başlamaqla bütün dünyaya yayıldı. Lakin 2009-cu ilin II rübündən etibarən sözügedən ölkənin iqtisadiyyatında geriləmənin yavaşığı müşahidə olunmağa başlandı ki, amerika iqtisadiyyatının növbəti böyük depresiyadan qurtulduğu elan edildi. Ben Bernanke də həmin vaxt ABŞ iqtisadiyyatında resesiyanın 2009-cu ilin sonuna doğru yekunlaşacağını bəyan etdi.

Ümumiyyətlə, FES rəhbəri B. Bernanke böyük depresiya illərində ABŞ mərkəzi bankının ən böyük səhvinin məhz nəğd pul kütləsinin həcmini kəskin azaltmaqda, bankların iflasının qarşısını almamaqda və real sektoru ciddi dəstəkləməməkdə olduğunu göstərdi.

Həqiqətən də, 2008-2009-cu illərdəki böhran zamanı amerika hökuməti həmin siyasəti təkrar etməyərək iqtisadiyyatın zəif, real sektorun təzyiq altında olduğunu nəzərə alıb dolların “çapını” dayandırmadı və dövriyyəyə nə qədər lazımdırsa, pul buraxdı. Beləliklə də dövlət bütün gücü ilə iqtisadiyyatı dəstəkləməyə çalışdı ki, nəticədə uğur əldə edildi.

Qısa desək, Avropa Bankının kəmiyyət yumşaldılması adlı siyasəti də bunun bir başqa formasıdır. Belə ki, bu, iqtisadi aktivliyə nail olmaq üçün ABŞ-da həyata keçirilən Ben Bernankenin “xilasolma tədbirlərinin” bir növ başqa üzü – bir medalın o biri əksidir.

O ki qaldı, bunun ölkəmizə təsirinə, avro ilə bağlı Azərbaycan kimi ölkədə təşviş keçirməyə və ajiotaja düşməyə heç bir ehtiyac yoxdur. Əvvəla ona görə ki, Azərbaycan iqtisadiyyatı dollara bağlıdır. Ixracımızın 86 faizini xam neft təşkil edir. Ölkəmizdə manatın avroya görə məzənnəsi dollara əsasən formalaşır.

Müəyyən xırda təzahürlərin olması manatın dəyərini titrətsə də, sarsıda bilməz. Burada Aİ ölkələri ilə ticarət dövriyyəmizin 34 faizə yaxın təşkil etməsi faktı da mənasız arqument xarakteri daşıyır. Bunu avronun hər dəfə ucuzlaşmasına rəğmən, daxili bazarımızda Avropa mallarının qiymətlərinin ciddi dəyişikliyə məruz qalmaması da sübut edir. Çünki bizdə ən çox tələb olunan mallar heç də Avropa istehsalına aid deyil.

İkincisi də, bu siyasət mart ayından tətbiq edilməyə başlanılacaq. Düzdür, qeyd olunur ki, 2016-cı ilin sentyabrına qədər davam edəcək. Ancaq bunun bir həddi olacaq. Belə ki, əvvəlki illərdə olduğu kimi bunda da çox güman, ABŞ ilə Almaniya başda olmaqla, Avropanın əsas aparıcı ölkələri arasında müəyyən razılıq əldə edilmişdir. Çünki Avropa valyutasının ucuzlaşması Almaniya, Fransa və məsələn, İtaliyanın xeyrinə olsa da müəyyən həddə ABŞ-ın zərərinədir.

Ucuzlaşma o vaxta qədər davam edə bilər ki, bundan Avropa ABŞ-dan artıq səmərə götürə bilməsin. Çünki həddindən artıq ucuzlaşma “bumeranq” olaraq geri qayıdıb ABŞ-a dəyə bilər. Başqa sözlə desək, Birləşmiş Ştatlar bazarı ucuz Çin idxalı ilə yanaşı, avronun dövriyyədə olduğu məkana aid ölkələrin də mallarının təzyiqi ilə üzləşə bilər ki, bu da Amerika iqtisadiyyatının mənafeyinə uyğun deyil.

Odur ki, Azərbaycanda avroya görə narahatlıq keçirtməyə əsas yoxdur. Avronun ölkəmiz üçün kritik həddə qədər ucuzlaşması da real görünmür. Yalnız valyuta ehtiyatlarımızın bir hissəsinin avroyla olması müəyyən narahatlıq yarada bilər ki, bunda da mənfi təsirlərdən sığortalanmaq üçün hökumətin əlində kifayət qədər geniş imkanlar mövcuddur.

Yeri gəlmişkən, yuxarıda da qeyd etdik ki, əvvəllər neftin qiyməti ucuzlaşarkən qızılın qiməti qalxırdı, əksinə olduqda isə enirdi. Çünki qızıl bir növ yatırım mənbəyi sayılır. Son vaxtlar isə bu tendensiya sanki pozulmuşdu. Başqa sözlə desək, qızılın qiyməti ilə neftin dəyəri arasında əlaqə itmişdi. Ancaq indi bu tendensiya da normal məcraya qayıdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti