Rusiya müharibəyə hazırlaşır? - TƏHLİL

Rusiya müharibəyə hazırlaşır? - TƏHLİL
  29 Yanvar 2013    Oxunub:2814
Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukovun tutduğu vəzifədən azad edilməsinin səbəbləri arasında rüşvət qalmaqalı ilə yanaşı, ölkəsinin xaricdəki hərbi maraqlarını lazımi şəkildə təmin etməməsi də göstərilir. Serdyukovu bu vəzifədə əvəz edən Rusiyanın yeni müdafiə naziri Serqey Şoyqu sələfinin buraxdığı səhvləri düzəltmək əzmindədir. Müdafiə nazirinin Ermənistan və Qazaxıstana gözlənilən səfəri artıq təffərrüatları sezilən böyük bir planın tərkib hissəsidir.
Qərb Yaxın Şərq və Xəzər hövzəsinin enerji resurslarını Rusiyadan yan keçərək Avropaya nəqlinin təmin edilməsi istiqamətində illərdir apardığı siyasi oyunu qələbə ilə başa çatdırmaq ərəfəsindədir. Oyunun əsas məqsədi Xəzər hövzəsinin neft-qaz ehtiyatlarını Azərbaycan və Gürcüstan vasitəsilə, Ərəb yarımadasının ehtiyatlarını Əsəd devriləndən sonra Suriyadan keçərək Aralıq dənizinə çıxarmaqdır. Bu layihəyələrdən birinə gələcəkdə İraq və İranın ehtiyatlarının calanması mümkündür.
Hiss olunur ki, Rusiya nəhayət, Qərbin əsl məqsədlərini anlayıb və prosesin qarşısını almaq üçün tədbir görmək istəyir. Moskvanın artıq Yaxın Şərqin itkisilə barışdığını ehtimal etmək olar. Bununla belə, Kreml Xəzəri itirmək istəmir və bunun üçün Qafqaz və Orta Asiyada möhkəmlənmək qərarına gəlib.
Adəti üzrə Rusiya siyasi yollardan daha çox, hərbi yollara əl atmaq fikrindədir. Bunu müdafiə naziri Şoyqunun bu yaxınlarda Rusiya Hərbi Akademiyasında çıxışı zamanı verdiyi bəyanat da sübut edir. O, bildirib ki, ölkələr arasındakı siyasi və iqtisadi fikir ayrılıqlarının həll olunmasında güc tətbiqetmə metodları vacib rol oynayır. Rusiyanın bu yola əl atmaq istəməsinə təəccüblənmək lazım deyil. Çünki siyasi yollardan fərqli olaraq, hərbi müdaxilənin nəticələrini tez əldə olunur və güman ki, Putin tez bir zamanda, bircə zərbəylə “yadellilər”in öz “ərazisindən” qovulmasını istəyir. Həm də yeni nazir gözə görünən “nəticə” ortaya çıxarmalıdır.
Bəs Xəzər hövzəsinin əldən getməməsi üçün Rusiyanın həll etməli olduğu məsələ nədən ibarətdir?
Birincisi, Qafqazda enerji axının qarşısını almaq. Bunun üçün Azərbaycanın Türkiyə ilə bağlantısı kəsilməli, yaxud Azərbaycana qarşı elə bir təsir vasitəsi seçilməlidir ki, Bakı öz xoşu ilə ehtiyatlarının ixracını Rusiya vasitəsilə həyata keçirməyə razı olsun. Bunun üçün Rusiyanın iki yolu var - ya Gürcüstanı tamamilə işğal etmək (Bu təklifi vaxtilə Jirinovski səsləndirmişdi), ya da Azərbaycanın Ermənistan tərəfindən işğal ediılmiş ərazilərinə öz qoşunlarını yeritmək (Daha dəqiq desək, öz qoşunların yeridilməsinə hüquqi don geyindirmək). Yalnız belə olan halda Azərbaycan məcburiyyət qarşısında Gürcüstan kimi Moskva ilə danışıqlar aparmalı olacaq. Rusiyanın Dağlıq Qarabağa soxulmasına hüquqi don geyindirilməsi üçün Moskva tərəfindən yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) adı ilə “təşkilata üzv dövlətə qarşı təhlükənin aradan qaldırılması”, yaxud “regionda sülhün təmin edilməsi” bəhanələri irəli sürülə bilər. Lakin bu addıma KTMT-nın Belorus və Qazaxıstan kimi digər üzvlərinin müsbət yanaşacağı inandırıcı deyil. Çünki hər iki ölkə ilə Azərbaycanın yüksək səviyyəli münasibətləri mövcuddur. Hər bir halda Rusiya anlayır ki, regionda qalmış yeganə dayaq nöqtəsi Ermənistandır və burada hərbi cəhətdən qüvvəsini artırmalıdır. Bu, o deməkdir ki, yaxın gələcəkdə nəinki Azərbaycan, ümumiyyətlə, region və qonşu dövlətlər üçün əsas təhlükə mənbəyi məhz Ermənistan olacaq. Şoyqunun Ermənistana səfəri zamanı da mümükün hərəkət planlarının müzakirəsi mümkündür.
Xəzərin ehtiyatlarının əldən çıxmaması üçün Rusiyanın nəzarətdə saxlamaq istədiyi digər region isə Orta Asiyadır. Qazaxıstan, Tacikistan və Qırğızıstanda Rusiya hərbi bazaları qalsa da, Özbəkistanla Türkmənistanda vəziyyət fərqlidir. Təbii sərvətlərlə zəngin olan bu iki ölkə Xəzər dənizi vasitəsilə təbii qazın Azərbaycana, buradan isə Avropaya ixracına can atırlar. Hər iki ölkə KTMT-nin üzvü deyil və Rusiyanın bu dövlətlərə qarşı əlavə təsir imkanları yoxdur. Putin Özbəkistanı su ilə imtahana çəkmək fikrinə düşüb və bu məqsədlə mənbəyini Qırğızıstandan götürən çaylar üzərində bəndlərin tikilməsinə vəsait ayrılmasına razılıq verib. Lakin planın reallaşması bir neçə il vaxt aparacaq. Təbii ki, əgər Moskva söz verdiyi maliyyə yardımını vaxtlı-vaxtında ayırarsa. Buna da inam azdır.
Odur ki, Moskva uzun zaman gözləməkdənsə, hərbi təzyiq vasitələrini işə salmağa çalışır. Bunun üçün Qazaxıstandan faydalanmaq fikrindədir. Şoyqu Ermənistandan sonra Qazaxıstana gedəcək. Yayılan məlumata görə, Rusiya bu ölkədə müasir Havadan Müdafiə Qurğularının quraşdırılması niyyətindədir.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti