Nulandın səfərinin gizli məqamları

Nulandın səfərinin gizli məqamları
  18 Fevral 2015    Oxunub:7411
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Cənubi Qafqaz səfəri çərçivəsində öncə Bakıya gəldi və Azərbaycan prezidenti İlham Əliyevlə görüşdü. Nulandı müasir dövrdə Amerika xarici siyasətinin əsas fiqurlarından biri hesab etmək olar. Dövlət katibi Con Kerri xarici siyasətdə dialoq və danışıqlara üstünlük verməklə, qərarların daha yumşaq və mülayim yolla əldə olunmasına üstünlük verirsə, onun müavini Nuland sərt mövqe nümayiş etdirir. Başqa sözlə desək, Nulandın regiona gəlişi o deməkdir ki, Vaşinqtonun Qafqazla bağlı artıq konkret fəaliyyət planı mövcuddur və onun reallaşmasına start verildi.

Xatırlatmaq yerinə düşər ki, Viktoriya Nulandın əri Karneqi Fondunun əməkdaşı Robert Kaqan Amerikanın xarici siyasi prioritetlərinin formalaşmasına təsir göstərən şəxslərdən biri hesab edilir. Kaqanın fikirlərində əsas ideya Amerikanın dünya hegemonluğu, dünya düzəninin ən güclü dövlət kimi ABŞ tərəfindən qurulması, bir çox hallarda təhlükə hesab etdiyi qüvvələrə qarşı güc tətbiq etməyin vacibliyidir. Robert Kaqan “Güclülər və zəiflər” adlı məqaləsində Avropanın onu gözləyən təhlükələrə fəal müdaxilə etmədiyini, təhlükələrə qarşı daha dözümlü olduğunu bildirir və bunu Avropanın ümumi zəifliyi ilə əlaqələndirir. Onun fikrincə, təhlükələrin dəf edilməsində Amerika adətən naharı hazırlayan, yaxud xörəyi bişirən, Avropa isə nahardan sonra qabları yuyan və ortalığı təmizləyən tərəf qismində çıxış edir.

Bu analogiyadan Ukraynadakı hadisələrə yanaşarsaq, artıq Amerikanın oradakı işinin başa çatdığını və Avropa dövlətlərinin “qab yuma” mərhələsinə başladığını söyləmək olar.

Nulandın Qafqaza gəlməsi Amerikanın regiona müdaxiləsinin artacağından xəbər verir. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda inqilaba namizəd ölkə kimi Ermənistan seçilir. Yerevanın hazırki rejimi Rusiyanın ətəyindən əl çəkmir və ümumilikdə regionun Qərbə inteqrasiyasına mane olur. Hakimiyyətdən narazılıq o həddə çatıb ki, artıq əhali nümayişlərə başlamaq ərəfəsindədir. Yəni “maydan” üçün münbit şərait yaranıb və Vaşinqtonlu elçilərin bundan yararlanacağını ehtimal etmək olar.

Azərbaycana gəldikdə isə, Nuland özü müzakirə olunan məsələlər barədə məlumat verdi. Birincisi demokratiya, insan haqları və liberal dəyərlərlə bağlıdır. Azərbaycanda özünü hüquq müdafiəçisi adlandıran bəzi şəxslər, Amerika tərəfindən maliyyələşdirilən bir sıra QHT-lərin dövlət əleyhinə fəaliyyəti ortaya çıxdı və hökümət bu qüvvələri mövcud qanunvericiliyə uyğun olaraq fəaliyyətinin qarşısını aldı. Amerika anladı ki, müxtəlif QHT-lər vasitəsilə yarılegal formada Azərbaycanda “demokratiyanın inkişafına nəzarət etməsi” artıq qeyri-mümkündür. Çünki həmin QHT və hquq müdafiəçisi adlanan şəxslər bir çox hallarda həqiqətə uyğun olmayan yaxud şişirdilmiş məlumatlar verir, institutlaşmanın olmaması onların məsuliyyət səviyyəsini azaltdığı üçün bəzi hallarda müxtəlif qüvvələrin təsirinə düşür yaxud öz maraqlarına uyğun fəaliyyət qururlar. Nəticədə Amerikanın Azərbaycana təsir imkanları məhdudlaşır.

Nuladın vətəndaş cəmiyyəti və demokratikləşmə məsələləri üzrə Amerika-Azərbaycan xüsusi dialoq formatının yaradılması ilə bağlı razılığın əldə olunması o deməkdir ki, artıq bu məsələlər tam institutlaşacaq və leqal xarakter daşıyacaq. Yəni ABŞ rəsmi qaydada demokratiyanın inkişafı sahəsində öz tövsiyələrini bildirəcək, Azərbaycan isə öz iradəsinə uyğun öhdəliklər qəbul edəcək. Prosesin institutlaşması ayrı-ayrı şəxslər və qüvvələrin bu prosesdən öz məqsədləri üçün istifadə etməsinə şərait yaratmayacaq.

Digər məqam isə “Cənub” qaz dəhlizi ilə bağlıdır. Nuland bu layihənin ABŞ, Avropa və Azərbaycanın birgə layihəsi olduğunu bildirməklə Vaşinqtonun layihəni dəstəklədiyini vurğuladı. Bu, o deməkdir ki, Rusiyanın Türkiyə ilə razılaşdırdığı “Mavi axın” layihəsi TANAP-a rəqib ola bilməz. Eyni zamanda, Amerikanın TANAP-a dəstəyi Avropada layihənin icrası ilə bağlı bürokratik yubanmaların aradan qalxmasına təkan verəcək.

İqtisadiyyat sahəsinə gəldikdə isə, Nuland iqtisadiyyatın diversifikasiyası ilə bağlı söhbətin aparıldığı, İKT, kənd təsərrüfatı və nəqliyyat sahələrinin inkişafının vacibliyindən danışıldığını söyləyib. Belə nəticəyə gəlmək olar ki, ABŞ hələ uzun müddət Rusiyaya təzyiq göstərməyi davam etdirəcək və neftin qiymətinin yaxın vaxtlarda kəskin qalxmasını gözləmək lazım deyil. Azərbaycan bu müddətdən istifadə edib iqtisadiyyatın digər sahələrinin daha da inkişaf etməsinə nail olmalıdır.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:  





Xəbər lenti