Nobellərin Bakı imperiyası – ARAŞDIRMA, FOTOLAR

Nobellərin Bakı imperiyası – ARAŞDIRMA, FOTOLAR
  20 May 2013    Oxunub:8809
Füzuli Sabiroğlu

1913-cü il sentyabr ayının sonuncu günüydü. Antverpendən İngiltərəyə yola düşən “Drezden” paroxodu sahildən yenicə aralanmışdı ki, yayılan həyacanlı xəbər bütün sərnişinləri dəhşətə gətirdi. Gəmi sərnişinlərindən biri özünü suya ataraq intihar etmişdi. Bu, dövrünün böyük ixtiraçısı Rudolf Dizel idi. Bu intihar hadisəsindən o zaman ən çox kədərlənən isə Nobel qardaşları oldu.

Onlar ən yaxın dostlarını və müttəfiqlərini itirmişdilər. Onlara ən çox lazım olan anda böyük bir insanı-alimi itirmişdilər. Birinci dünya müharibəsinin ərəfəsində baş vermiş bu faciə hələ də sirr olaraq qalsa da, Nobellər haqqında yazıya bu intihar hadisəsi ilə başlamağımız bəlkə də sizə təəccüblü görünəcək. Ancaq tarixin dərinliklərinə boylananda bunun məntiqi bir qanunauyğunluq olduğunu görəcəksiniz. Çünki, aradan düz 100 il keçməsinə baxmayaraq, bəzi tədqiqatçılar hələ də bu intihar sirrinin açarını Nobel qardaşlarının keçdiyi ömür yolunun hansısa dolanbacında axtarırlar.

Nobel tarixinin başlanması

1837-ci il, 1 avqust. Çar Rusiyasının mərkəzi Sankt-Peterburq şəhəri öz tarixinin ən qaynar dövrlərindən birini yaşayırdı. A.S.Puşkinin dueldə öldürülməsindən cəmi bir neçə ay keçməsinə baxmayaraq, şəhər hələ də bu faciənin təlatümlərini yaşayırdı. Bu qətlin fonunda M. Lermontovun Qafqaza sürgünü qızğın müzakirə mövzusuna çevrilmişdi. Peterburqla Tsarskoye-Selo arasında açılmış dəmir yolu xətti haqqında isə yeni bir möcüzə kimi danışılırdı. Belə bir zamanda Peterburqa kasıb görkəmli, üz-gözündən əzab və yorğunluq tökülən bir nəfər gəldi. Bu, İsveç vətəndaşı Emmanuel Nobel idi.

Öz vətənində borcların əlindən qaçıb Rusiyaya pənah gətirən bu böyük ixtiraçı burada özünə yeni bir həyat quracağına ümid edirdi. Çətinliklə də olsa o, yeni ixtirasının layihəsini Çar hökumətinə təqdim edə bildi. Bu, dəniz döyüşlərində istifadə olunması nəzərdə tutulan sualtı minalar idi. Dəniz sərhədlərinin mühafizəsini gücləndirəcək bu minalardan o zaman heç bir dövlətdə yox idi və həmin vaxt Rusiya Qara dənizdə Osmanlı dövləti ilə müharibələr apardığından, layihəsi dərhal qəbul olundu. Emmanuel Nobelə sualtı minaların istehsalını təşkil etmək üçün 20 min rubl pul ayırıldı. Bu, Nobellərin böyük sərvətinin - öz ixtiraları, ağılları və real işə qoyduqları sərmayələr hesabına qazanılacaq sərvətin başlanğıcı oldu.

50-ci illərdə Emmanuel Nobel artıq Sankt-Peterburqda tanınmış şəxslərdən idi. Ona birinci gildiya tacir rütbəsi verilmişdi.Həm İsveçdə, həm də Rusyada yaşayan Nobel vətəndəki bütün borclarını ödəməklə bərabər, hətta İsveçdəki qohumlarına da yardım edrdi.

Ancaq oğlanları Alfred, Lüdviq və Robert olmasaydı, 200 illik bir dövr keçdikdən sonra bütün bunlar onu xatırlamaq üçün yəqin ki, bəs eləməzdi. Oğlanları nəinki atalarının yolu ilə getmiş, hətta bütün sahələrdə onu xeyli qabaqlamışdılar.

Fərli oğullar

Emmanuel Nobelin övladlarından ən kiçiyi olan Alfred Sankt-Peterburqda məşhur rus kimyaçısı, akademik N.N.Zininin yanında tətbiqi kimyanın sirlərinə yiyələndikdən sonra bir çox xarici ölkələrdə kimya laboratoriyalarında çalışmağa başladı. 1859-cu ildə atası ilə İsveçə qayıdan Alfred bütün fəaliyyətini partlayıcı maddələrin öyrənilməsinə həsr etdi. Onun diqqətini 1846-cı ildə Antonio Sobrero tərəfindən kəşf edilmiş partlayıcı maddənin- natrium qliserinin sənayedə təhlükəsiz istehsalı və istifadəsi məsələsi cəlb elədi. Alfred istədiyinə 1868-ci ildə nail ola bildi. Ona dinamitin və tüstüsüz barıtın kəşfinə görə patent verildi. Avropanın müxtəlif ölkələrində kütləvi şəkildə dinamit istehsalına başlanması Nobellərə xeyli sərvət qazandırdı.

Ancaq Nobellərin fəaliyyət sahəsi bununla məhdudlaşmırdı. Nobel qardaşlarının ortancılı olan Lüdviq Rusiyadakı ən böyük maşınqayırma zavodunun sahibi idi. Onun Vıborqdakı “Lüdviq Nobel” maşınqayırma zavodunda artilleriya mərmiləri, minalar, torpedolar, toplar, tüfənglər və başqa hərbi və sənaye təyinatlı məhsullar istehsal olunurdu.
1870-ci ildə Lüdviqin dəvəti ilə Sankt-Peterburqa gələn Robert də qardaşının tüfəng istehsalı sahəsində çalışmağa başladı.
Emmanuelin sualtı minaları, Alfredin dinamiti, Lüdviqin silah müqavilələri... Bütün bunlara nəzər salanda, bəziləri onların ixtiralarının əsasən qeyri-humanist məqsədlərə xidmət elədiyini önə çəkirlər. Hesab edirlər ki, Nobellər öz sərvətlərini insanların qanı bahasına qazanıblar. Ancaq bu cür düşünən insanlar unudurlar ki, Nobellər öz sərvətlərinin böyük hissəsini Bakı neftindən əldə ediblər.

Qundaqla zərbə

Həmin illərdə qardaşının zavodunda istehsal olunan “Berdanka” tipli tüfənglərə qundaq hazırlamaq üçün etibarlı ağac materiallarının axtarışı üçün Robert Nobel Azərbaycana gəldi. Bakıda gördükləri Roberti heyrətə salmışdı. Burada neftlə bağlı geniş imkanlar olması onun diqqətini o saat cəlb elədi. 1873-cü ildə Sankt –Peterburqa dönən kimi qardaşının diqqətini Bakı neftinə yönəltməyə çalışsa da Lüdviq bu işin perspektivinə inanmadığından cüzi məbləğdə vəsait ayırmaqla kifayətləndi.

1875-ci ildə Bakıya gələn Robert qardaşının verdiyi pula Qaraşəhərdə Tiflis Companidən balaca bir neftayırma zavodu aldı. Qardaşı çox inamla fəaliyyətə başlasa da Lüdviq bu işin uğurlu olacağına heç cür inana bilmirdi. Ancaq qardaşı Alfredin Parisdən göndərdiyi bir teleqram onun fikirlərinin tamam dəyişməsinə səbəb oldu.

Paris birjasında Bakı nefti ətrafında böyük mübahisə və skandalları görən Alfreddə Bakı neftinə böyük maraq yaranmışdı. O, Lüdviqə göndərdiyi teleqramda Parisdəki işgüzar dairələrin Bakı neftindən bəhs etdiklərini, Rotşildlərin adamlarını buraya göndərərək ən yaxşı torpaq sahələrini ələ keçirməyə çalışdıqlarını söyləyirdi. Ardınca isə dərhal bu istiqamətdə işə başlamalarını və bunun üçün lazım olan qədər pul verməyə hazır olduğunu əlavə edirdi. Beləliklə, Nobellərin fəaliyyətində yeni bir sahə yarandı.

Nobellər + Bakı nefti

Burada cəsarətlə deyə bilərik ki, Nobellərin neft imperiyası nəinki əyalət şəhəri sayılan Bakıda, bütün Rusiya İmperiyasında həyatı kökündən dəyişdi. Onlar neftin yeni istehsal və emal üsullarını, benzindən asfalta qədər yeni istehlak sahələrini yaratdılar.
Özündə Rus və İsveç kapitalını birləşdirən “Nobel qardaşları birliyi” (Товарищество нефтяного производства братьев Нобель) sənayedə əsl çevriliş etdi və cəsarətlə demək olar ki, bizim bu günkü həyatımızın inkişaf istiqamətini müəyyənləşdirdi.

Öz ixtiraları və kəşfləri ilə bərabər Nobellər dövrün böyük alimlərindən də istifadə edirdilər. Belə alimlərdən biri böyük kimyaçı Dimitri Mendeleyev idi. Nobellər onun dahi nəzəriyyəçi olmaqla bərabər, həm də yaxşı praktik olduğunu, dünyada neft üzrə nəhəng mütəxəssislərdən biri olduğunu gözəl bilirdilər. Burada qeyd eləmək yerinə düşərdi ki, D.Mendeleyev həmişə şikayətlənərmiş ki, Nobellər neftin imkanlarını axıra qədər dəyərləndirmirlər. Bir çox qalıq məhsulları atırlar. Çünki onları ancaq kerosin maraqlandırırdı. Ancaq sonralar Mendeleyev onları inandırdı ki, neftin tərkibində yararsız maddə yoxdur və onun bütün komponentlərini istifadə eləmək olar.

Neftin çıxarılması prosesi boyu əl əməyindən və çoxlu işçi qüvvəsindən istifadə olunması istehsal olunan neftin maya dəyərini artırırdı. Bu problem daim Nobelləri düşündürür, onları yeni üsullar axtarmağa sövq edirdi. Nəhayət, Nobellərin ixtiraçılıq qabiliyyəti sayəsində bu məsələ də öz həllini tapdı və Balaxanıdakı mədənlərdə ilk neft qüllələri görünməyə başladı. İndi artıq nefti mancanaqla qablarda quyulardan çıxarmırdılar. Nasoslar vasitəsilə sorurdular. Bu, istehsal xərclərini 100 dəfəyə qədər azaltdı. Neftin bir tonunun çıxarılma xərci 27 rubldan 30 qəpiyə düşdü. Ancaq daha bir problem həll olunmamış qalırdı: Nefti necə daşımalı?

Daha bir “inqilab”

Neftin daşınması ciddi problemə dönmüşdü. Çıxarılan nefti çəlləklərə doldurur, sonra isə gəmilərlə Həştərxana daşıyıb orada dəmir yolu vaqonlarına yükləyirdilər. Bütün Rusiyaya və xarici ölkələrə göndərilən çəlləklərin boşaldılması da eyni problemi yaradırdı. Nobellər neftin nəql olunması problemini həll etməklə onun qiymətini o həddə qədər aşağı salmaq istəyirdilər ki, o, bazardan başqa yanacaq növlərini sıxışdırıb çıxarsın. Onda Nobel qardaşları çox orijinal bir üsul tapdılar. Çəlləklərin özlərini neft vaqonlarına və gəmilərə çevirməyə qərar verdilər. Gəminin ambarları möhkəm izolyasiya olunmuş çənə çevrilməli və neftlə doldurulmalıydı. Gəmi nefti limana çatdırdıqdan sonra neft üzərinə iri çənlər qoyulmuş vaqonlara boşaldılacaqdı. Nobellərin bu layihəni təkbaşına həyata keçirmək üçün kifayət qədər vəsaitləri yoxuydu. Onların başqa Bakı milyonçularına bu layihədə ortaqlıq təklifləri də uğursuz oldu. Bakının neft maqnatları perspektiv layihələrə vəsait yatırmaqdansa, dəbdəbəli saraylar tikdirməyə daha çox üstünlük verirdilər.

Nobellər vəziyyətdən çıxış yolunu Avropadakı sənayeçilərə və maliyyəçilərə müraciət etməkdə gördülər. Nəticə gözlənilən kimi oldu. Böyük məbləğdə pul vəsaiti toplandı və “Nobel qardaşları birliyi”nin aktivləri 20 milyon rubla qədər yüksəldi. Bu, həmin dövr üçün ağılagəlməz bir rəqəm idi.

Beləliklə, ciddi məxfilik şəraitində neft daşıyan gəminin - “Zoroastr” adlanan dünyada ilk neft tankerinin əsası qoyuldu və dünyada ilk vaqon-sisternlərinin istehsalına başlandı. Bununla paralel olaraq, Nobel qardaşları həm də ilk neft boru xəttlərini yaratdılar. Mədənlərdə çıxarılan neft bu boru xətlərilə dəmir yolu stansiyalarına və limanlara nəql olunur, oradan isə çənlərə və tankerlərə doldurularaq daşınırdı. Nəticədə neftin 1 tonunun istehsal qiyməti 6 qəpiyə qədər düşdü. Görülən tədbirlər nəticəsində ağ neftin də qiyməti xeyli aşağı düşdü. Belə ki, 1877-ci ildə bir pud ağ neftin qiyməti Saritsində, orta hesabla, 1 rubl 85 qəpik olduğu halda, 1879-cu ildə 75 qəpik, sonradan isə 15-20 qəpik oldu.

Nobellərə qarşı savaş

Ancaq hər şey ilk baxışda göründüyü kimi çox da yaxşı deyildi. Nobel qardaşlarının neft istehsalında və sənayedə tətbiq elədikləri yeniliklərin nəticəsində minlərlə insan işsiz qalırdı. Həmin dövrdə Bakı və ətraf kəndlərin əhalisinin böyük bir hissəsi çəlləklərlə neft daşınması ilə gündəlik çörəkpulunu çıxarırdılar. İşsiz qalmış bu adamlar Nobellərə qarşı əsl müharibə elan etmişdilər. Onlar müəssisələrin işçilərinə hücumlar edir, neft borularını deşərək, yanğınlar törədirdilər. Boruların 1-1,5 m torpağın altına basdırılması da kömək eləmirdi. Bu “müharibə” beləcə uzun illər davam elədi.

Ard; burada

Qalereya




Teqlər:  





Xəbər lenti