WP: “Bütün kartlar Putinin yox, Trampın əlindədir”

      WP:    “Bütün kartlar Putinin yox, Trampın əlindədir”
  01 Aprel 2025    Oxunub:770
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Putinin Ukraynada sülhün bərqərar olmasına maneçilik törətdiyi qərarına gəlsə, Moskvanı sanksiyalarla vuracaq və Kiyevə hərbi dəstəyi artıracaq.
AzVision.az xəbər verir ki, “The Washington Post (WP)” qəzetinin köşə yazarı Mark Tissenin fikrincə, reallıq Putinin iqtisadi və hərbi cəhətdən zəifliyindən və Ukrayna üzərində qələbəyə aparan yolun olmamasından ibarətdir: “Onun əlində kartları yoxdur, Trampda var. O, kartları oynamağa hazırlaşır”.

Jurnalsit düşünür ki, Trampın məyusluğu Putinin Volodimir Zelenskinin devrilməsini və Ukraynada keçid hökumətinin yaradılmasını müharibənin dayandırılması üçün şərt kimi tələb etməsindən sonra pik həddə çatıb.

“Putin vaxtı uzadır və tələb etmək iqtidarında olmadığını anlamır. Rusiya həm iqtisadi, həm də hərbi baxımdan inanılmaz dərəcədə zəifdir. Bu, isə o deməkdir ki, Tramp danışıqlarda bütün kartları əlində saxlayır. Rusiya tükənib və bu, Trampa böyük üstünlük verir. Əgər Putin onun sülh tələblərini rədd etsə, Tramp Moskvaya qarşı Rusiyanı məhv edəcək İran tipli maksimum təzyiq kampaniyası aça bilər”, - Mark Tissen vurğulayır.

Analitik bildirib ki, ötən il Rusiya Ukraynaya qarşı müharibədə 427 mindən çox ölən və ya yaralanan insan itirib. Bir ay ərzində ruslar ABŞ-nin Əfqanıstanda 20 illik müharibədə düçar olduğu itkilərdən daha çox itki veriblər.

- Hətta Putinyönlü rusiyalı analitiklər etiraf edirlər ki, orta statistik rus əsgəri öldürülməzdən əvvəl indi cəbhə xəttində bir aydan az sağ qalır”, - jurnalist yazıb.


Onun dediyinə görə, insanların taleyinə biganə olan Putin həm də hədsiz dərəcədə hərbi texnika itkisi ilə üzləşir. Ukrayna 2024-cü ildə Rusiyanın 12 min tank və zirehli döyüş maşınını, habelə 13 min artilleriya sistemini məhv edib. Putinin zirehli texnika ehtiyatı o qədər azdır ki, Moskva SSRİ dövründən qalma tank və zirehli texnikaya üz tutmağa məcbur olub. Bəzilərinin istehsalı 1950-ci illərə təsadüf edən bu tankların arasında hətta “Mosfilm” şirkətində filmlər üçün rekvizit kimi istifadə olunanları da var.

"Rusiyanın müdafiə sənayesi bazası mövcud itkilərin öhdəsindən gələ bilmir. Moskva hər ay təxminən 350 tank və artilleriya qurğusu itirir, amma bu müddət ərzində yalnız 20-ni istehsal edə bilir. Putin “ukraynalılar üçün mənzərənin getdikcə pisləşdiyi, rusların irəlilədiyi təəssüratını yaratmaq üçün” belə böyük həcmdə strateji insan və texnika qurbanlarına gedir”, - Mark Tissen ISW-nin (Amerikanın Müharibənin Tədqiqatı İnstitutu) eksperti Corc Barrosdan sitat gətirir.

Amma reallıq budur ki, Rusiyanın Ukraynada hərbi məqsədlərinə çatması üçün Putinin qoşun və ya texnikası yoxdur. Putinin iqtisadi vəziyyəti isə onun döyüş meydanındakı mövqeyindən də zəifdir.
- Rusiya iqtisadiyyatını çökməkdən saxlayan yeganə şey prezident Co Baydenin Putinə hədiyyəsi olan neft və qaz ixracatından gələn qazancın artmasıdır. Rusiyanın enerji gəlirləri 2024-cü ildə 26%-dən çox artaraq 108 milyard dollara çatıb və bu, enerji sektorunu Kreml üçün yeganə ən vacib pul mənbəyinə çevirərək, Rusiyanın federal büdcəsinin yarısını təşkil edib. Tramp Rusiyaya qarşı İran tipli maksimum təzyiq kampaniyasından uğurla istifadə edərsə, Putini diz çökdürə bilər”, – jurnalist vurğulayıb.

Onun iddiasına görə, Tramp həmçinin Ukraynadakı döyüş meydanında Putinə təsir göstərmək üçün maksimum təzyiq kampaniyasına balamaq imkanına malikdir. Putin hərbi əməliyyatları dayandırmağa razı olmasa, Ukraynaya Amerika silahlarının axınını artırmaq kifayət edəcək. Mark Tissen bununla bağlı Donald Trampın “Mən Putinə deyərdim: əgər razılaşmasan, biz ukraynalılara çox şey verəcəyik. Lazım gəlsə, onlara indiyə qədər sahib olduqlarından daha çoxunu verəcəyik” bəyanatını xatırladıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tissen   Tramp   Putin  





Xəbər lenti