Killerin etirafı: Gürcü `vor-zakon` necə öldürüldü

Killerin etirafı: Gürcü `vor-zakon` necə öldürüldü
  05 Mart 2015    Oxunub:32953
Bəhram Çələbi
AzVision.az üçün

1994-ci il, ümumiyyətlə, 90-cı illlərin ortaları Rusiyanın mafiya liderləri üçün çətin, təsəvvürəgəlməz dərəcədə uğursuz dövr olub. Demək olar, hər ay mətbuatda hansısa bir mafiya liderinin qətlə yetirilməsi barədə səs-küylü məqalələr dərc olunurdu. Belə hadisələrdən biri də 94-cü ilin aprel ayının 5-də Otari Kvantrişvilinin ölümü olur.

Qatillər dörd güllə atmışdılar. Birinci güllə dazbaş kişinin yaxınlaşmaq istədiyi avtomobilə dəymişdi. İkincisi onun başını, üçüncü və dördüncü güllələr sinəsini deşmişdi. Kişi qeyri-təbii hərəkətlə Allaha dua edirmiş kimi əllərini asimana doğru uzatdı və fırlanaraq yerə oturdu. Həndəvərində olan idmançı bədənli cangüdənlər şaşırmış halda hinə qovulmuş toyuqlar təki vurnuxdular. Kişinin yaralarından qan fışqırır, boğazından xırıltılı-köpüklü nəfəs qaynayırdı. Cangüdənlərdən biri, gec də olsa, sahibin üstünə qapanaraq atılacaq yeni atəşdən onu qorumağa çalışdı. Gec idi...

...Təcili yardım gələndə “Qara Kardinal” hələ sağ idi. Boktinski xəstəxanasının reanimasiya şöbəsinə Moskvadakı ən məşhur həkimlər, tibb alimləri toplaşsalar da, dörd güllə yarası alan “Krivonosik”i xilas etmək mümkün olmadı.

Otarini Vaqankov qəbristanlığının mərkəzi guşəsində qardaşı Amiranın yanında dəfn etdilər. Mərasimdə dünyaca məşhur idmançılar, müğənnilər, incəsənət xadimləri iştirak edirdilər. İttifaqın bütün ucqarlarından gələn oğrularla bahəm Aleksandr Rozenbaum, İosif Kabzon, Mixail Mamiaşvili Otariyə son sözlərini dedilər...

Arayış:
Otari Kvantrişvili 1948-ci ildə Gürcüstanın Zestafoni şəhərində anadan olub. Moskvada daimi qeydiyyatdadır. 19 dekabr 1966-cı ildə Moskva şəhər məhkəməsinin qərarı ilə (maddə 117.3 - zorlama) 9 il müddətinə azadlıqdan məhrum edilib. 1970-ci ildə Moskvanın Sverdlovsk rayon məhkəməsinin qərardadı ilə psixatriya xəstəxanasına göndərilib və oradan azadlığa buraxılıb.

1980-cı ilin əvvəllərində Kurmayev, Menyalkin və Letuçiy milis idarəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Ərizədə İvankov, O. Kvantrişvili və Bıkovun firıldaqla onlardan qumar zamanı yüz min rubl udduqları barədə məlumat verilirdi. Fırıldaqçıları istintaqa cəlb eləmək mümkün olmur. Onların qurbanları və şahidlər ilkin izahat – ifadələrini dəyişirlər. Şikayəti geri götürürlər.


`Lyoxa Soldat`: `Kvantrişvilinin ölümü labüd idi`

Məhkəmədə Orexovo-Medvedkovo qruplaşmasının killeri “Lyoxa Soldat” – Aleksey Şerstobitov 1994-cü il 5 aprel tarixində Otari Kvantrişvilini necə və nəyə görə öldürdüyünü danışır:

- “Krivonosik” Sergey Timofeyevin işlərinə mane olur, mütəmadi yolumuzu kəsirdi. Mən Otarikin bütün qohum-əqrəbalarından, xüsusən də onun zövcəsi Eliso Kvantrişvilidən üzr istəyirəm.

Hakim Ştunder hadisənin nə cür baş verdiyini soruşur.
Aleksey Şerstobitov:

- Biz əvvəlcə Andrey İsayevi aradan götürməli, rəqib və düşmənlərimizə nəyin necə olduğunu göstərməliydik. Raspisnoyun hərəkətləri Silvestrin heç xoşuna gəlmirdi. Mən Raspisnoyun Osenniy Bulvardakı evinin qarşısında avtomobili minaladım. Partlayışdan Rospisin cangüdəni dünyasını dəyişsə də, zakonnik salamat qaldı, – `Soldat` təəssüflənirmiş kimi dərindən köksünü ötürür, nəzərlərini hakimin üzünə zilləyərək biganə səslə davan edir, - Mən bombanı qoyarkən yaxınlıqda bir qadının iki uşaqla həyətdə gəzişdiyini gördüm və ona dedim ki, indi buraya mebel gətirəcəklər, çıxıb getməyiniz məsləhətdir, - killer özünü təmizə çıxarmağa çalışır.

Məhkəmənin gedişi zamanı qadın şahidlərdən biri Şestebitovun həqiqətən ona yük maşınının gələcəyini dediyini ifadəsində təsdiqlədi. Qadın `Soldat`a qulaq asmadığına görə uşaqlarından birinin yüngül yaralandığı barədə ifadə verdi.

- Bu hadisədən az sonra, daha doğrusu, apreldə mən Qriqoriy Qusyatinskidən Otari Kvantrişvilini öldürmək tapşırığını aldım, - müttəhim gülləkeçirməyən şüşələr arxasındakı qəfəsdən işgüzarcasına danışır, - O, mənə dedi ki, Silvestrin həyatı üçün çox qorxulu bir adam var - Otari! Qusyatinski mənə səsboğucu ilə təhciz olunmuş optik nişangahlı tüfəng, futlyar və sintezator verdi. Həmin gün, yəni 5 apreldə mən hələ bilmirdim ki, güllə atmaq lazım gələcək. Sadəcə, pusquda dayanacağım yerə baxmaq istəyirdim. Podelniklərım - Sergey Butorin ( “Osya” – İt arısı) və Sergey Ananyevlə (“Kultik”) 1905-ci il küçəsində görüşdük. Dedilər ki, Krasnopresnenski hamamları civarında bizi gözləyirlər. Qusyatinski də buraya təşrif buyurmuşdu. Mənə güllə atacağım yeri, çardağı göstərdilər. Burada cəmisi bir çıxış olduğuna görə xoşuma gəlmədiyindən, qonşu binanın çardağını seçdim, - peşəkar qatil soyuqqanlıqla davam edir: – Otari hamamların yanına qara CİP-də gəldi. Onunla bahəm maşından daha bir neçə adam düşdü. Mənə demişdilər ki, hamısını qırmaq gərəkdir. Mən həm Butorindən, həm də Ananyevdən qorxurdum. Osyanın səkkiz, yaxud da doqquz qətldə barmağı olduğunu bilirdim. Kulturnıy da bir o qədər can almışdı. Kultik böyük intellekt sahibi, ali təhsilli olsa da, həddən ziyadə qəddarlıqla başqalarından seçilirdi. Otari maşına tərəf yeriyəndə mən çardaqda idim və bir neçə dəfə atəş açdım. “Krivonosik” yıxıldı. Bir başqası düşdü maşından və Otariyə tərəf əyildi. Mən onu nişan alsam da, tətiyi basmadım. Hadisə yerində dostunu qoyub qaçmadığına görə, ona sımpatiya, hörmət yarandı qəlbimdə. Atəş açmadım.

Vəkillərdən bir neçəsi aydınlaşdırıcı suallar verdilər. Nina Xaxalina soruşdu ki, Kvantrişvilinin qatillərindən hazırda sağ qalanı varmı?

- Yalnız mən və Butorin... – dedi Soldat.
- Bəs bu `qəhrəmanlıq` üçün hansı məbləği almısınız? – hakim Ştunder soruşur.
- Heç nə qədər... – qatil çiyinlərin çəkir. - “Jiquli” və üçotaqlı mənzil. Amma bunları Kvantrişviliyə görə deyil, ümumi işlərimə görə hədiyyə ediblər.
- Doğrudanmı siz bütün bunları Butorin və Kultikdən qorxduğunuza görə törətmisiniz? – hakim təəccübünü davam etdirir.
- Başa düşün, mən necə imtina edə bilərdim? Əlli nəfərlik qrupdan on səkkizi başlarını qoyublar, - killer baxışlarını gizlədərək mızıldanır, - özü də özümüzünkülər tərəfindən. Bəli, bəli... dünən bir-birinin sağlığına badə qaldıranlar, səhəri gün başçının əmri ilə xlebnikini, hətta qohumunu gözünü qırpmadan “Soçiyə” - əbədi istirahətə göndərirdi. Dəfələrlə şahidi olmuşam.

Hakimin suallarının ardı kəsilən kimi Şerstobitov üzünü Eliso Kvantrişviliyə tutaraq, ayağa qalxdı:

- Mən elədiyim yaramazlığa görə Sizdən üzr diləyirəm, - dedi. – Basa düşün, əgər bunu mən eləməsəydim, başqa bir icraçı tapılacaqdı. Otarinin xaçı qoyulmuşdu və bu qətl mütləq törədiləcəkdi. Belədə mən öz həyatımı xılas etdim. Bu, mənim birinci işim idi.

“Soldat”ın son cümləsi həqiqətdən çox-çox uzaq idi.

Rusiya Federasiyası baş prokurorluğunun istintaq komissiyasının sədri İrina Kırçanovanın RİA “Novosti”yə verdiyi müsahibədən: “Soldatın əlləri daha 12 sifarişli qətlin qanına bulaşıb. Sifarişçi də bəllidir. Silvestr ayamalı mərhum Sergey Timofeyev! Bu yaxınlarda ittihamnaməni tamamlayıb məhkəməyə göndərəcəyik”.

Olaydan bir il öncə, 1993-cü ilin avqustun əvvəllərində Otarinin böyük qardaşı Amiran Kvantrişvilini qətlə yetirmişdilər. O vaxt hətta Boris Elsin Otarıyə başsağlığı vermişdi. Amiranı çeçenlərlə razborkada öldürmüşdülər. Qətldən bir neçə həftə əvvəl böyük Kvantrişvili həyatına qəsd olunacağı barədə DİN və FSB-yə xəbər vermiş, müdafiə istəmişdi. Xahiş rədd olunmuşdu.

... Aleksey Şerstobitov – “Lyoşa Soldat” – “Kuzmin”i yalnız 2006-cı ildə yaxalamaq mümkün oldu.

Daxili qoşunların sabiq zabiti 1990-cı ildən Medvedkovo kriminal qrupunun ştatdakı killeri kimi fəaliyyət göstərirdi. Moskva şəhər məhkəməsi Soldatın ciddi rejimli düşərgədə 14 il müddətinə islah olunacağı qənaətinə gəldi.

Otarinin milyonları haqqında çox az adam xəbərdar idi. “Xahiş edirdim və mənə gətirirdilər” – deyirdi “Qara Kardinal”. Moskvanın yüksək dairələrində “Krivonosik”in xüsusi yeri vardı. Mərasim və məclislərin yaraşığı sayılırdı. Yelsinin yan-yörəsində dolanan oloqarxlarla ünsiyyət qurmağı, Moskvanın meri Yuri Lujkovla dostluq əlaqələri yaratmağı bacarmışdı. DİN-nin yüksək rütbəli generaliteti də Kvantrişviliyə qulluq göstərmək üçün işarə gəzirdilər. Bununla bahəm Krivonosik cinayət aləminin liderləri ilə də can bir qəlbdə yaşayırdı.

Zakonniklərlə ünsiyyəti, yaxınlığı barədə Kvantrişvili açıqcasına, böyük həvəslə televiziya debatlarında və qəzetlərdə bəyan edirdi.

`Qara Kardinal` öz ideyasına doğru qətiyyətlə, iri addımlarla getməyi sevirdi və çox vaxt istəyinə çatırdı. Hələ yeniyetməliyindən azartlı oyunlara meyl salan Kvanti qardaşları “Va-bank!” sözünü işlətməkdən həzz alırdılar. Az sonra Gürcüstan zonası Kvantrişvilılər üçün darlıq etməyə başladı və qardaşlar artıq Moskvadakı “Sovetskaya” mehmanxanasında lövbər saldılar.

Otarınin dəstəsindən olan “üzükfırladan”lar paytaxtın bütün rayonlarında pul qırxır, gecələr sarısaçlı rus gözəlkələri ilə restoranlarda, barlarda dəmə qoyurdular. Krivonosik Arbatda qədim peşə ilə pul qazanan cavan qızları “Sovetskaya” mehmanxanasında yaratdığı fransızsayağı pritona yığmışdı və bu sahəni xlebniki dağıstanlı Askerxana həvalə etmişdi. Otari orgiyalar zamanı da “işləyirdi”.

Qorbaçovun “suxoy zakon”u dövründə qardaşlar şərab alverindən küllü miqdarda qazanc götürdülər. Bu pullara Moskvanın mərkəzi küçəsi Arbatda yeni bir ofis özəlləşdirdilər. Paytaxtın mərkəzində yerləşən fahişəxana da az sərvət gətirmirdi. Moskva milisi “Dinamo”da klassik güləş üzrə idman ustası kimi tanınar Otarini ilişdirmək qərarına gələndə, hamıya “batone”, “daraqoy” deyə müraciət edən “Krivonosik”in 18 yaşı yenicə tamamlanmışdı.

Xüsusi pritonunda onlarca fazankası olan “çernojopıya” zorlama maddəsi ( 117, 3 –cü bənd) yapışdırdılar. İlkin istintaq dövründə KPZ-də bu maddəyə görə Otarini alçaltmaq istərkən, idman ustası gözü qızmış zeki “bedro” fəndi ilə “parter” vəziyyətinə salaraq qulağının yarı parçasını qoparmışdı. Ertəsi gün “Monqol”dan gələn malyavada gürcü balasına icəşənləri pis aqibət gözləyəcəyi barədə hədə yazılmışdı. Otari tutulmazdan əvvəl dəfələrlə Monqolun dan toplayan briqadirinə “obşak” haqqı ödəmişdi.

1980-cı ildən Otari Monqolun və yüksək vəzifəli gürcü tanışlarının köməkliyi ilə Moskvanın “Dinamo” cəmiyyətində məşqçi-müəllim vəzifəsinə işə düzəlir. O vaxtlar paytaxtda qeydiyyatı olmayanları yalnız kommunal təsərrüfatda kanalizasiya çilingərləri, zibil daşıyan və sair kimi işlərə, özü də xüsusi yoxlamalardan sonra, qəbul edirdilər. Ali təhsili olmayan Kvantrişvilinin mentlər cəmiyyətində məşqçi vəzifəsinə qəbulu Monqolun nüfuzundan xəbər verirdi. Çünki “Dinamo”da məşqçi vəzifəsinə ali təhsilli güləş üzrə dünya və Avropa çempionları belə yaxın düşə bilmirdilər. Az sonra Otarinin perspektivli şagirdlərinin əksəriyyəti Yaponcik - İvankovun dəstəsinin üzvlərinə çevrilirdilər.


Teqlər:  





Xəbər lenti