Azərbaycanın “Oskarı” təsis edildi

Azərbaycanın “Oskarı” təsis edildi
  29 Yanvar 2013    Oxunub:2653
Teatr, musiqi, təsviri sənət və kino sahəsində ənənəvi “Zirvə” mükafatını təsis edilib. Mükafata təqdimatlar fevral ayının 20-dək göndərilməlidir
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində ənənəvi "Zirvə" mükafatını təsis edib.

"Zirvə" mükafatı 2013-cü ildə teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslərə veriləcək.

Bu mükafata teatr sənəti, musiqi, kinematoqrafiya, memarlıq, heykəltəraşlıq, boyakarlıq, qrafika sahəsində, habelə xəttatlıq, dekorativ və milli tətbiqi sənət növləri, milli mədəniyyətimizin tarixinin qorunması, zənginləşdirilməsi və inkişafına xidmət edən elmi-nəzəri əsərlər, eləcə də beynəlxalq, regional və milli səviyyədə mədəniyyətin və incəsənətin inkişafına dair genişplanlı proqramlar və layihələr üzrə yaradılmış əsərlər təqdim oluna bilər.

Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Mükafat həcmi 5000 (beş min) manatdır və aşağıdakı sahələr üzrə verilir:

Teatr sahəsi üzrə - dramaturq, quruluşçu rəssam, rejissor, aktyor, aktrisa, teatrşünas, bəstəkar

Musiqi sahəsi üzrə - bəstəkar, ifaçı, musiqişünas

Təsviri sənət üzrə - rəssam, heykəltəraş, dekorativ sənət, sənətşünas

Kino sahəsi üzrə - ssenari müəllifi, rejissor, operator, aktyor, aktrisa

"Debüt" bölməsi - teatr, musiqi, təsviri sənət və kino sahəsində çalışan gənclər üçün

"Azərbaycan mədəniyyətinə dəyərli töhfə" - mədəniyyət sahəsindəki xüsusi xidmətlərinə görə

"Mədəni sərvət" bölməsi - mədəniyyət sahəsindəki uzunillik əvəzsiz xidmətlərinə görə

Mükafatlar mart ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Mükafat Komissiyasının təqdimatı ilə veriləcək. Qaliblərə rəmzi simvol, diplom və pul mükafatı təqdim olunacaq.

Təqdimatlar fevral ayının 20-dək teatr-tamaşa, konsert, elmi-tədqiqat müəssisələri, yaradıcılıq təşkilatları tərəfindən göndərilməlidir.


Teqlər:





Xəbər lenti