İnflyasiya arta bilərmi? – TƏHLİL

İnflyasiya arta bilərmi? – TƏHLİL
  21 May 2013    Oxunub:4957
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, bu ilin aprel ayında ərzaq məhsullarının qiymətlərinin 0,9 % yüksəlməsi, qeyri-ərzaq malları ilə əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə əvvəlki ayla müqayisədə eyni səviyyədə qalması istehlak mallarının qiymətləri ilə xidmət tariflərinin 0,4% bahalaşmasıyla nəticələnib.

Cari ilin I rübü ərzində isə istehlak qiymətlərinin indeksi 1,2 % təşkil etmişdi. Apreldə bahalaşmanın cüzi də olsa artmasına rəğmən, payıza kimi mövcud tendensiya sabit qalacaq. O səbəbdən ki, yayda bilavasitə ərzaq məhsullarının bahalaşacağı gözlənilmir. Çünki mövsümlə əlaqədar, bazarda təklifin nisbətən artacağı mümkündür.

Ancaq sosial istiqamətdə xərclərin – maaş və pensiyaların artırılacağı gözlənilir. Nazirlər Kabinetinin 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı da vurğuladı ki, buil maaş və pensiyalar artırılacaq.

Ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 2013-cü ildə büdcədən maliyyələşən elm və tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, həmçinin müdafiə və hüquq mühafizə orqanlarında çalışanların, həmçinin dövlət qulluqçularının aylıq və minimum əməkhaqqlarının artırılacağı hələ keçən ildən söylənilmişdi. Bu isə təqribən, 700 min nəfər deməkdir. Bunun üçün 240 milyon manat sərf etmək nəzərdə tutulur ki, bəzi istiqamətlər üzrə artım ola bilər, 15-20% təşkil etsin.

Qeyd olunan istiqamətdə sonuncu artım 2011-ci ilin II yarısında əmək pensiyalarından başlanılmaqla, həmin ilin sonuna yaxın bir sıra sosial ödənişlər də daxil, bir çox büdcə təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşlarının orta hesabla 10% yüksəldilməsiylə həyata keçirilmişdi. Keçə il də maaş və pensiyaların artırılması üçün büdcədən 800 milyon manat ayrılmışdı. Ancaq bu, baş vermədi. Və belə ehtimal yarandı ki, həmin məbləğ 1 il əvvəlki artımların maliyyələşdirilməsinə sərf edildi.
Sual olunur ki, buil üçün nəzərdə tutulan artımlar, inflyasiyanı yüksəldə bilərmi?

Azərbaycan Mərkəzi Bankı (AMB) cari il üçün 5-6% inflyasiya nəzərdə tutub ki, bundan ötrü çevik pul siyasəti, sabit, ixraca dəstəkçi məzənnə siyasəti həyata keçiriləcəyini bəyan edilib.

Keçən il ölkəmizdə inflyasiya 1,1% təşkil etmişdi ki, bu da ötən onillik ərzində 2001-ci və 2009-cu illərdə qeydə alınan 1,5%-lik nəticədən də aşağı oldu.

Ümumiyyətlə, ölkədə 2009-cu ildən indiyə qədər (2009-cu ildə 1,5, 2010-cu ildə 5,7, 2011-ci ildə isə 7,9%) birrəqəmli inflyasiya səviyyəsi qeydə alınır ki, hökumət bunu qoruyub saxlamağa çalışır. Makroiqtisadi sabitlik üçün sözsüz ki, bu, vacibdir. Elə bunun nəticəsidir ki, bir qrup ölkə vətəndaşının sovet dövründən qalma əmanətlərinin cari ilin aprelinə qədər olan müddətə kimi qaytarılan 589,9 milyon manat və bu ilin ilk 3 ayında 35 milyon manatdan çox vəsait qiymətlərə heç bir təsir göstərmədi.

Məsələ bundadır ki, ölkəmizdə sosial xərclərin inflyasiyaya təsiri ümumiyyətlə, dəqiq məlum deyil. Düzdür, sosial istiqamətdə artımlar inflyasiya üçün həmişə narahatlıq doğurub. Maaş və pensiyalar artan kimi qiymətlərin yüksəldiyi, süni qiymət artımı nəticəsində inflyasiyanın əhalinin gəlirlərinin bir hissəsini “yediyi” az müşahidə edilməyib. Cari ildə maaş və pensiyalar artırılacağı təqdirdə, bunun təkrarlanacağı yenə istisna deyil. Xüsusən də, kənd təsərrüfatı məhsullarının qiymətlərində...

DSK-nin cari ilin aprel ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında məlumatına əsasən, sözügedən ayda əvvəlki ayla müqayisədə 1,5%, o cümlədən, birillik bitkilərin istehsalçı qiymətləri üzrə 0,3% və çoxillik bitkilər üzrə 0,8% yüksəldiyi halda, diri heyvan və heyvandarlıq məhsulları üzrə isə 3,1% enib. Payız aylarında bunların hamısının bahalaşacağı mümkündür.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu (BFV) da ölkəmizdə inflyasiyanın yüksələcəyini proqnozlaşdırır . Adı çəkilən qurumun “Dünya iqtisadiyyatının perespektivləri – 2013” adlı bu yaxında dərc olunmuş hesabatında Azərbaycanda inflyasiyanın bu il 7%, gələn il 6,5 % təşkil edəcəyi bildirilib.

Ancaq bir daha təkrar edirik ki, söhbət inflyasiyadan gedirsə, bizcə, diqqət daha çox büdcədən əsaslı xərclərə və infrastruktur xarakterli investisiya layihələrinə yönəldilən vəsaitlərin sərfinə cəmləşdirilməlidir. İnflyasiyaya ən güclü təsiredici qüvvə məhz bu amil sayılır.

Düzdür, dövlət büdcəmizdə sosialyönümlü xərclər ağırlıq təşkil edir. 2013-cü ilin büdcə xərclərində sosial məsrəflər 25,4% təşkil etməklə 5037,2 milyon manat həcmində proqnozlaşdırılıb ki, bu da 2011-ci ilə nisbətən 333,1 milyon manat və ya 7,1% və həmin ildəki faktiki icrayla müqayisədə isə 696,9 milyon manat və yaxud 16,1% çoxdur. Ancaq bu, infyasiyaya səbəb ola bilməz.



Pərviz Heydərov


Teqlər:  





Xəbər lenti