ABŞ və Türkiyə Rusiya ilə niyə yaxınlaşır? – TƏHLİL

ABŞ və Türkiyə Rusiya ilə niyə yaxınlaşır? – TƏHLİL
  22 May 2013    Oxunub:2109
Amerika ilə Rusiyanın Suriya ilə bağlı mövqeləri gözlənilmədən yaxınlaşmağa başlayıb. Bu ilin iyun ayında Suriya məsələsilə bağlı beynəlxalq konfransın keçirilməsi planlaşdırılıb. Budəfəki konfransda əvvəlkilərdən fərqli olaraq, özlərini “Suriyanın dostları” adlandıran və Bəşər Əsəd rejiminin devrilməsini istəyən Amerika, Avropa ölkələri, Türkiyə və sünni ərəb ölkələrinin nümayəndələrindən başqa, əks qütbdə dayanan dövlətlərin nümandələri də iştirak edəcəklər.

Belə ki, konfransada Rusiya və hətta İran nümayəndə heyətinin iştirakı gözlənilir. Bu barədə razılıq Rusiya və Amerika xarici siyasət idarələrinin rəhbərləri Sergey Lavrovla Con Kerrinin mayın 19-da keçirilən görüşündə əldə olunub. Tərəflər Suriyada sülhün əldə olunması üçün birlikdə çıxış yolları tapmaq əzmindədirlər.

Ümumiyyətlə, Türkiyənin Rusiya ilə yaxınlaşmasını Ankara ilə Vaşinqtonun ümumi birgə planının tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Son hadisələr onu göstərir ki, Ankaranın Rusiya ilə Çinin nəzarətində olan Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü heç də qərbli tərəfdaşlarla əməkdaşlığına xəyanət deyil və Vaşinqtonun iradəsinə zidd olmayıb. Əksinə, Ankara ilə Vaşinqton əvvəlcədən razılaşdırılmış plana uyğun hərəkət etməkdədirlər. Hazırda da Amerika və Rusiya yaxınlaşması prosesində əsas vasitəçi rolunu məhz Türkiyə oynayır.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə görüşündən sonra müzakirə olunmuş bəzi məsələlər ətrafında razılığın əldə olunması üçün Rusiyaya səfər edəcəyini və bu məsələlər arasında Suriya məsələsinin də olduğunu bildirməsi yuxarıdakı fikirləri bir daha təsdiq edir.
Amerika ilə Türkiyənin Rusiya ilə yaxınlaşma siyasətində güdülən əsas məqsədləri ondan ibarət ola bilər ki, hansısa məsələdə Moskvanın mövqeyi yumşaldılsın və müəyyən güzəştlərə nail olunsun.

Vaşinqton güzəştə getməklə Rusiya rəhbərlərinə öz ölkələrinin qüdrətli olması və dünya dövlətlərinin onlarla hesablaşdığı illuziyazını yaradır, onlara qürur duymaq şansı qazandırır. Güman etmək olar ki, Amerika Rusiyadan Qafqaz və Orta Asiya regionunda güzəştə getməsinə nail olmağa çalışır. ABŞ-in məqsədi Qafqazdakı münaqişələri həll etməklə maneəsiz enerji koridoru yaratmaq və Orta Asiyadan qərbə enerji axınını təmin etməkdir.

Suriyadakı hazırkı vəziyyətin təhlili isə onu deməyə əsas verir ki, əslində Vaşinqtonun bu məsələdə Moskvaya güzəştə getməsi heç nəyi dəyişmir və amerikalılar heç də mövqelərini itirmirlər.

Amerika Rusiyanı Suriyaya cəlb etməklə öncə özü barədə dünya ictimai fikrində formalaşmış işğalçı obrazını silməyə çalışır. Belə bir təsəvvür yaranır ki, Vaşinqton həqiqətən də Suriyada sülhün əldə olunmasını istəyir bu bu məqsəd üçün Rusiyanın belə kömək göstərməsinə qarşı çıxmır. Vaşinqton anlayır ki, beynəlxalq konfransda tərəflər arasında hər hansı razılaşma, yaxud bəyamnamə imzalansa da, bu, Suriyadakı real vəziyyətə təsir göstərməyəcək. Ona görə ki, Suriyaya müdaxilə edən çoxlu sayda görünməyən əllər mövcuddur.

Eyni zamanda, həm Amerikanın həm də Rusiyanın özlərinin gürünməyən əlləri vasitəsilə bu ölkəyə müdaxilə etmək imkanları istisna edilməməlidir. Söhbət yalnız ondan gedə bilər ki, hər iki dövlət Suriyaya qarşı elan olunmuş müharibəyə başlamayacaqlarını bir-birinə söz verə bilərlər. Suriyaya qoşun göndərmək heç birinin maraqlarına da cavab vermir.

Suriya prezidenti Bəşər Əsəd də elə bir çıxılmaz vəziyyətə düşüb ki, ölkəsində qarşıdurmanın davam etməsi onun maraqlarına cavab verir. Belə ki, Əsədin yaxın ətrafı onun istefa verməsilə razılaşa bilməz. Çünki qiyamçıların formalaşdıracağı hakimiyyət onların salamatlığına zəmanət vermir. Buna görə Əsəd istefaya getsə belə, onun yaxın ətrafı hakimiyyəti əldən verməmək üçün sonadək mübarizə aparacaq. Eyni zamanda qiyamçılar da, Əsədin istefasına nail olmadan mübarizəni dayandırmaq fikrində deyillər.

Belə çıxır ki, vətəndaş müharibəsi hələ müəyyən müddət davam edəcək. Unutmaq olmaz ki, müharibə sərfəli silah bazarıdır, Əsəd illərdir topladığı pulları rus silahına, qiyamçılara dəstək verən zəngin ərəb şeyxləri isə Amerika silahına xərcləməyə məhkumdurlar.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti