Geosiyasət mahnıları – TƏHLİL

Geosiyasət mahnıları – TƏHLİL
  23 May 2013    Oxunub:2555
«Avroviziya» ətrafında yaşanan qalmaqal növbəti dəfə təsdiqləyir ki, bu, heç də təkcə mahnı yarışması deyil və orada əsas mahnılar səhnə arxasında oxunur. Lazım gələndə yarışmanın gedişatına onun təşkilatçılarının, geniş mənada isə Qərbin marağına uyğun siyasi “düzəlişlər” edilir. Bəzən açıq, bəzən də gizli şəkildə. Bəzən isə “tuta bilərsən, amma sübut edə bilməzsən” məntiqilə.

Son illərdə Azərbaycanla Rusiya arasında yaşanan gərgin məqamlar az olmayıb, amma etiraf edək ki, onların heç biri bu dərəcədə güclü əks-səda doğurmamışdı. İki ölkənin arasında yaşanan heç də hər anlaşılmazlığa Rusiyanın xarici işlər naziri bu cür kəskin və acıqlı reaksiya vermir:



Nədir Rusiya tərəfini bu cür incidən?..
Odur ki, bu vəziyyətdə doğrudan da, Moskvaya ciddi şəkildə toxunan məqamlar var. Rusiya postsvet coğrafiyasını özünün ən azı mədəni mövcudluq arealı hesab edir. Bu nəhəng qonşumzun Azərbaycandakı hərbi mövcudluğunun son nöqtəsi “Qəbələ” RLS-in ölkədən çıxarılması ilə qoyulmuş, iqtisadi mövcudluğunun son akkordu “Bakı-Novorossiysk” kəmərinin dayandırılması ilə vurulmuşdu. Və bunların hər ikisini Moskva özü etmişdi. İndi isə belə çıxır ki, sanki cavab olaraq üçüncü addımı da Azərbaycan atır – Rusiyanın ölkədəki mədəni mövcudluğuna da son qoyulduğunu göstərir?.. Yəni bütün körpülər yandırılır?

Yox, bu, Azərbaycan hakimiyyətinin dəst-xətti deyil. Rəsmi Bakının yürütdüyü xarici və regional siyasəti izləyən hər kəs deyə bilər: belə küskünlük jestləri, kəskin hərəkətlər və eyhamlar Azərbaycan diplomatiyasına xas deyil. Bunu məsələn, Saakaşvilinin Gürcüstanından gözləmək olardı.
Həm də, Azərbaycan heç vaxt xarici siyasətində blef eləmir. Əhalisinin xeyli hissəsi rus televiziyalarına baxan, rus müğənnilərini dinləyən, rusca mütaliə edən bir ölkənin guya “Eurovision”-da Rusiyaya səs verməməsinin əsasında gediş etmək isə siyasi müstəvidə məhz blef olardı.

Ölkələrin “Eurovision”-dakı “əməkdaşlığı”nın tarixçəsinə baxaq. 2008-ci ildə Azərbaycan ilk dəfə bu müsabiqədə səsvermə hüququ əldə edəndə Rusiyaya Bilan-Plyuşenko-Morton “trio”suna görə 8 xal vermişdi; 2009-cu ildə 6 xal, 2010-da 3 xal, 2011-ci ildə 8 xal, 2012-ci ildə 10 xal verib. Göründüyü kimi, 2010-cu ili çıxmaqla, Azərbaycanın Rusiyaya verdiyi səslər həmişə artım dinamikası ilə hərəkət edib. 2010-cu ildə isə Pyotr Naliçin kollektivi doğrudan da, çox zəif çıxış etmiş, heç nə ilə yadda qalmamış, və son illərdəki ən aşağı ballardan birini almışdı. Ötən il biz ev sahibi olduğumuz halda, ikinci yeri Rusiyadan gəlmiş nənələrə vermişdik. Birinci yerin – 12 balın qardaş Türkiyə üçün nəzərdə tutulduğunu nəzərə alsaq, bu, əslində bizim başqa bir ölkəyə verə biləcəyimiz ən yüksək baldır. Bəs nə oldu, ötən il ən yuxarı yer, bu il ən aşağı? Birdən-birə Azərbaycan Rusiyaya 0 bal verir?.. Belə kəskin sıçrayış inandırıcıdırmı?..


İnfoqrafika: Azərbaycanın Rusiyaya verdiyi ballar

Əlbəttə, inandırıcı deyil. Üstəlik, Azərbaycanın mobil operatorları ölkə seyirçilərinin rusiyalı ifaçıya verdiyi səslərin statisikasını açıqlayandan sonra. Bəs elə isə, həmin səsləri “oğurlamaq” kimə lazım imiş?

Bu yerdə əvvəlcə bir suala cavab vermək lazımdır: Ümumiyyətlə, “Eurovision” yarışını təşkil edən Avropa Yayım Birliyi səsvermənin nəticələrinə dəyişiklik edə bilirmi?

Bəli, həm də necə!
Siyasi məqsədlərlə Avropa Yayım Birliyi SIYASI MƏQSƏDLƏRLƏ bunu dəfələrlə edib. Ən son misallardan birini xatırladaq.

2009-cu ildə “Eurovision”un Moskvada keçirilməsi Rusiya ilə Ukraynanın arasında qaz böhranının pik səviyyəyə çatması ilə üst-üstə düşmüşdü. Aydın idi ki, Ukrayna Rusiyaya heç bir halda yüksək bal verməyəcək. Amma bu qarşıdurmadan Qərbin də maraqları ziyan çəkirdi, çünki Rusiya qazın qiymətini qaldıranda Ukrayna da cavab olaraq Avropaya gedən Rus qazının qarşısını kəsirdi. Ona görə də Ukrayna ilə Rusiyanın barışmağı Avropaya lazım idi. Belə bir şəraitdə Rusiya diplomatik gediş edərək, əslən ukraynalı olan müğənni Anastasiya Prixodkonu “Eurovision” səhnəsinə çıxardı və o, “Mammo” adlı mahnısını hər iki dildə oxudu. Bu dilomatik jestin qabağında Ukraynaın da cavab jestini “təşkil etmək” lazım idi. Və Avropa Yayım Birliyi bunu etdi. Ukrayna Anastasiya Prixodkoya 4 bal verdiyi halda, nəticə 8 bal göstərildi. Ukrayna tərəfi etiraz edib, qalmaqal çıxarsa da, Avropa Yayım Birliyinə heç nə sübut eləyə bilmədi.

Bu misal əyani şəkildə göstərir ki, balların necə çıxması son nəticədə Avropa Yayım Birliyindən asılıdır. Lazım olanda onlar siyasi məqsədlərlə balları artıra ya azalda, ya da tama sıfırlaya bilirlər. Və onlara heç nəyi sübut etmək mümkün deyil. Stalin demişkən, əsas o deyil ki, kim səs verir, əsas odur ki, səsləri kim sayır. Avropalılar səsləri öz maraqlarına uyğun sayırlar. Xüsusilə də, əgər sayan Almaniyanın "Digame Mobile" şirkətidirsə. Onların maraqları isə hazırda Azərbaycanla Rusiyanın arasında gərginlik yaranmasını tələb edir. Bunun üçün məqamı da çox əlverişli seçiblər. Həssas vaxtı tutaraq, həssas nöqtədən vurublar.

Bu işi quranlar elə hiyləgər gediş ediblər ki, Azərbaycan istənilən halda uduzsun. Şahmatda bu cür vəziyyətlərə “çuqsvanqa” deyirlər – yəni nə gediş etsən, ziyanlıdır. Azərbaycan heç nə etməsə Rusiya ilə münasibətlərində heç nəyə görə lazımsız gərdinlik potensialı yarana bilər. Bu, bizə əsla lazım deyil. Bundan qaçmaq üçün Avropa Yayım Birliyini məhkəməyə vermək olar. Bu halda əvvəla, ölkəmizin son illərdə qazandığı Eurovision uğurlarına qalmaqal kölgəsi düşə bilər. Orası da var ki, elə həmin Avropanın məhkəməsinin bu cür incəliklə düşünülmüş kombinasiyada ədalətli qərar çıxaracağına heç bir ümid yoxdur. Çünki bu oyunun xüsusi olaraq düşünüldüyünə heç bir şübhə ola bilməz.

Azərbaycanın qonşuları və dünya ölkələrilə münasibətlərindəki tarazlıq kimlərisə qıcıqlandırır və onlar bunun pozulmasını istəyirlər. Özü də nə yolla olsa – hətta mahnı vasitəsilə də. Amma biz də belə mahnılardan çox eşitmişik!

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti