«Spiegel» Moskva ilə Bakının arasını vurur

«Spiegel» Moskva ilə Bakının arasını vurur
  23 May 2013    Oxunub:1809
Almaniyanın nüfuzlu "Spiegel" nəşri mayın 21-də "Eurovision" mahnı müsabiqəsində Azərbaycanda səsvermənin nəticələrilə bağlı hadisəyə həsr olunmuş kifayət qədər müəmmalı bir məqalə dərc edib.

Məqalədə deyilir: "Eurovision" mahnı müsabiqəsi siyasi məsələyə çevrilib: Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanı səsləri oğurlamaqda ittiham edib. Rusiya ifaçısı gözlənilmədən qonşu ölkədən sıfır bal alıb, halbuki Azərbaycanda SMS - səsvermənin nəticələrinə görə o, ikinci yerdə olub və 10 bal almalı idi. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada Lavrovla görüşündən sonra hadisənin araşdırılacağına söz verib. Lavrov deyib: "Bu biabırçı hərəkət cavabsız qalmamalıdır".

“İnterfaks" agentliyinə görə, E.Məmmədyarov deyib ki, Azərbaycan Dövlət Televiziyası məsul telekanal kimi indi suallarla barışmalıdır. Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev çatışmayan səslərlə bağlı ciddi narahatlığını bildirib.

Rusiya ifaçısı Dina Qaripova bazar gününə keçən gecə İsveçin Malmö şəhərində keçirilən mahnı müsabiqəsində beşinci yeri tutub. Lakin Azərbaycanın verdiyi 10 bal belə son nəticəni dəyişməyəcəkdi, çünki Rusiya onu qabaqlayan Norveçdən 17 xal geri qalırdı. Azərbaycan turnir cədvəlində ikinci yeri tutub. Fərid Məmmədov "Hold Me" mahnısına görə Rusiyadan maksimum 12 xal alıb. Birinci yer isə "Only Tears" mahnısı ilə Danimarka təmsilçisi Emmeli de Forestə nəsib olub.

Səslərlə bağlı anlaşılmazlığın üzə çıxması Azərbaycanı son dərəcə çətin vəziyyətə salıb, çünki energetika və Dağlıq Qarabağ bölgəsi məsələlərində yaranmış gərginlik fonunda böyük qonşusu Rusiya ilə yaxşı münasibətlər Bakı üçün əhəmiyyətlidir".

Məqaləni dərc edən "Vestnik Kafkaza" saytı öz tərəfindən ümidvar olduğunu bildirib ki, "Spiegel" kimi nüfuzlu nəşrin onlayn versiyasının redaksiyası və müəllifləri yüksəyə qaldırdıqları jurnalist standartları plankasını bulvar qəzeti səviyyəsinə endirməyəcək, informasiya mənbələrilə daha məsuliyyətlə işləməyə başlayacaq və Rusiya diplomatlarının verdikləri bəyanatları kobud şəkildə təhrif etməkdən çəkinəcəklər. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanı Almaniya nəşrinin tamamilə əsassız şəkildə iddia etdiyi kimi "səsləri oğurlamaqda" ittiham etməyib. Üstəlik, "Spiegel" belə bir faktı təəccüblü şəkildə qulaqardına vurub ki, Azərbaycanın səslərini Azərbaycan telekanalı deyil, Almaniyanın "Digame Mobile" şirkəti hesablayır. Bundan əlavə, "Spiegel" Azərbaycan İctimai Televiziyasını dövlət televiziyası adlandırmaqla adi faktoloji səhvlərə yol verir. Almaniya nəşrinin "analitik hesablaması" lap gözlənilməz olub. Nəşrə görə, Dağlıq Qarabağ məsələsi və regional enerji layihələrinin taleyi "Eurovision" tipli pop musiqisi festivalında səsvermə kontekstində gözdən keçirilir.


Teqlər:  





Xəbər lenti