İlham Əliyev Ərəbistana niyə gedib? - ŞƏRH

İlham Əliyev Ərəbistana niyə gedib? - ŞƏRH
  06 Aprel 2015    Oxunub:5078
Ötən gün prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib. Səfərdə prezidenti dövlət rəsmiləri də müşayiət ediblər. Ölkə başçısı gözlənilməz səfəri zamanı paytaxt Ər-Riyadda bir sıra mühüm görüşlər keçirib.

Dövlət başçısı Səudiyyə kralı, krallığın Ticarət Palataları Şurasının sədri, neft və minerallar naziri, maliyyə naziri ilə görüşündə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi kimi mühüm məsələləri müzakirə edib.

Son zamanlar zəngin ərəb şeyxlərinin Azərbaycana “axını” və bu yaxınlığın fonunda prezident İlham Əliyevin Ər-Riyad səfəri belə bir sual doğurur: Azərbaycanın ərəb dünyasına yaxınlığında məqsəd nədir? Bu birlik perspektivdə nələr vəd edir?

Politoloq Fikrət Sadıqov AzVision.az-a şərhində bildirib ki, Azərbaycanın xarici siyasəti çoxtərəfli xarakter daşıyır və bu, ərəb dünyasını ilə iş birliyi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edib:

“Yaxınlığın da müxtəlif sahələri var. Həm siyasi, həm strateji, həm də geosiyasi məqamları diqqətdə saxlamaq lazımdır. Yaxın Şərq həm dini, həm də bir sıra beynəlxalq məsələlərə yanaşma baxımından bizə yaxın regiondur. Digər tərəfdən isə indi Yaxın Şərqdə ciddi geosiyasi hadisələr baş verir. “Ərəb baharı” dövrünü və onun nəticələrini görmüşük və bilirik ki, burada müxtəlif ölkələrin maraqları toqquşur. Belə məqamda bu ölkələrlə yaxın olmaq, münasibətləri daha da inkişaf etdirmək, həm bizim, həm də həmin ölkələrin strateji maraqlarına cavab verir”.



Politoloq hesab edir ki, dövlət başçısının Səudiyyə Ərəbistan səfəri və bir sıra razılaşmaların əldə olunması münasibətləri daha da dərinləşdirəcək və bu yaxınlıq stabil xarakter daşıyacaq.

Ərəb ölkələri ilə yaxınlığın Azərbaycan üçün əhəmiyyətinə gəlincə, politoloq bildirib ki, bu yaxınlıq ölkəmiz üçün faydalı olacaq:

“Siyasətdə hansısa münasibətlərdən faydalanmaq mümkündür. Müxtəlif neft və qaz strategiyası layihələri ilə bağlı bir sıra razılaşmalar əldə etmək, həmin ölkələri Azərbaycanın problemlərinə cəlb etmək olar. Məsələn, ilk növbədə Dağlıq Qarabağ problemi nəzərdə tutulur. Bu ölkələri öz maraq dairəmizə yaxınlaşdırmaqla beynəlxalq meydanlarda həmin ölkələrlə birgə qərarlar vermək, onların bizi dəstəkləmələrinə nail ola bilərik”.

F.Sadıqov ərəb ölkələrinin dünyada neft və qaz mənbəyi rolu oynadığını xatırladıb: “Ola bilər ki, Azərbaycan da bu ölkələrlə birgə konkret bir layihəyə imza atdı. Ümumiyyətlə imkanlar genişdir və bu imkanlardan səmərəli istifadə etmək lazımdır”.



Politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov da İlham Əliyevin Ərəbistan səfərini şərh edərkən ikitərəfli münasibətlərin inkişaf edəcəyini qeyd edib: “Bu səfərlə geopolitik durumun birdən-birə dəyişəcəyini gözləmək yanlışdır. Səudiyyə Ərəbistanı İslam aləmində əhəmiyyətli yer tutur, onun böyük maliyyə imkanları var, güclü silahlı qüvvələrə və siyasi qüdrətə malik olan dövlətdir. Azərbaycan da bu ölkəylə münasibətləri dərinlşdirməkdə maraqlıdır. Səfərin məqsədi də ikitərəfli münasibətlərdə irəliləyiş əldə etməkdir”.

Son vaxtlar Azərbaycanın ərəb ölkələri ilə yaxınlaşmasını da şərh edən politoloq bildirib ki, istənilən halda prezidentin Avropa ölkələrinə səfərləri Yaxın Şərqə səfərlərindən qat-qat üstündür:

“Biz Türkiyəyə bağlılığımızı, Avropaya istiqamətimizi heç nəyə dəyişməmişik. Amma təbii ki, çalışırıq ki, Azərbaycan həm dinə, həm də coğrafi baxımdan yaxın olan, eyni zamanda Azərbaycan kimi neft istehsal edən ölkələrlə münasibətlərimizi möhkəmləndirək”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti