Manat `üzməyə ` buraxılacaqmı? – TƏHLİL

Manat `üzməyə ` buraxılacaqmı? – TƏHLİL
  09 Aprel 2015    Oxunub:7016
Mərkəzi Bankın (AMB) fevralda manatın dəyərini ucuzlaşdırmasından sonra əksəriyyətdə tezliklə yenə belə bir addımın atılacağı “xofu” yaranıb. O səbəbdən də, bu haqda bütün rəsmi açıqlamalar bir çox hallarda düzgün yozulmur.

Məsələn, AMB sədrinin manatın dəyəri haqda son olaraq söylədiyi fikirlər yenə müvafiq kampaniya üçün əsas yaradıb. Belə ki, söhbət, hökumətin guya, tezliklə tam üzən məzənnə siyasətinə keçəcəyindən gedir. Halbuki, E.Rüstəmov belə deməyib. Bəs, söhbət nədən gedir? Manatın yenə kəskin ucuzlaşacağı mümkündürmü?
Bu, nə dərəcədə realdır?

Məsələ bundadır ki, bizdə devalvasiya düzgün başa düşülmür. Və bu sahədə bir çox mətləblər qarışdırılır. Devalvasiya ölkənin mərkəzi maliyyə qurumu tərəfindən yumşaq pul-kredit siyasətini ehtiva edir. Və əsas məğzi dövriyyəyə artıq nəğd pul buraxılmasından ibarətdir. Başqa sözlə desək, mükəmməl devalvasiya siyasəti əsas etibarilə pul-kredit mexanizmi çərçivəsində həyata keçirilir.

Azərbaycanda uzun illərdir AMB sərt-pul kredit siyasəti həyata keçirir. Keçən il bu proses istehlak kreditlərinin verilməsi prosedurasının məhdudlaşdırılması ilə bir az da sərtləşdirildi.

Manatın məzənnəsi isə həmişə möhkəm saxlanılıb. Neftin qiyməti kəllə-çarxda olan illərdə də xarici maliyyə qurumlarının tövsiyələrinə baxmayaraq, hökumət `yumşaq məzənnə` siyasətinə getməyib. Bu da bir çox cəhətdən özünü doğruldub. Belə ki, neftin qiyməti yüksək olan zaman dövlət büdcəsinə gəlirlər geniş xarakter daşıyırdı. Və hökumət ölkədə geniş infrastruktur layihələri həyata keçirirdi.

Bəziləri deyir ki, manatın dəyəri əgər, həmin vaxt sərbəst buraxılsaydı guya, dollar 78 qəpiyə qədər deyil, 50 qəpiyədək ucuzlaşa bilərdi. Bu, tamamilə səhv fikirdir. Manatın dəyərinin arxasında əsasən neft dayandığından, onun qiyməti 100 dollardan yuxarı olduğu vaxtda da sərbəst buraxılsaydı, dolların milli pul vahidimizə nəzərən dəyərdən düşəcəyi mümkün deyildi. Ən azı büdcə xərclərinin artıq olması baxımından, manat dollara üstün gələ bilməzdi.

Odur ki, sual yaranır: real şəraitdə `üzən məzənnə` siyasətinə keçilə bilərmi?
Şübhəsiz ki, yox...


AMB-in sədri E. Rüstəmov Azərbaycanın tam `üzən məzənnə` siyasətinə keçməyə hazır olmadığını deyib. “Çünki indiki halda tam `üzən məzənnə` siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər. Məhz buna görə, idarə olunan məzənnə siyasətinə üstünlük verilir. Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə hazır deyil",- deyə, o bildirib.

Yeri gəlmişkən, vaxtilə xarici maliyyə qurumları `üzən məzənnə` siyasətinə keçməyi tövsiyə edərkən də AMB rəhbərliyi məhz uçot dərəcəsinin makroiqtisadi proseslərə təsir etmədiyini misal gətirərək, belə bir şəraitdə sərbəst məzənnə siyasətinə keçidin heç bir nəticə verə bilməyəcəyini etiraf etmişdi.

AMB-in bu ilin fevralın 21-də verdiyi qərarla manatın dollara 34, avroya görəsə 33,8 faiz ucuzlaşdırılması da devalvasiya siyasətinə keçid demək deyildi. Belə ki, bu, adı çəkilən qurumun bayaq qeyd etdiyimiz kimi özünün müəyyən etdiyi məzənnəni dəyişməsindən – onu korrektə etməsindən başqa bir şey olmadı.

Bəs, `üzən məzənnə` siyasətinə nə vaxt keçilə bilər? Bu suala cavab tapmaq üçün AMB sədrinin son açıqlamasına bir az da dərindən diqqət yetirmək gərəkdir.

Belə ki, baş bankir qeyd etmişdir ki, tam üzən məzənnə siyasətinə keçid üçün ölkədə valyuta qazanan təşkilatların sayı çox olmalıdır. Hazırda ölkəyə dollar qazandıran cəmi üç təşkilat var. Bunlar Azərbaycan Dövlət Neft Fondu, Mərkəzi Bank və Azərbaycan Dövlət Neft Şirkətidir. Bu isə o deməkdir ki, neftin qiyməti geri dönüş edərək yenidən lap 100 dollara qalxsa belə, adları çəkilən bu 3 qurumdan savayı ölkəyə dollar gətirən digər qurumlar olmadığından, manat sərbəst buraxıla bilməz.

Bu isə qeyri-neft sektorunun inkişaf etməli olduğunu diqtə etməkdədir. Belə ki, Azərbaycan iqtisadiyyatında dövlət büdcəsi gəlirlərində neft sektoru ilə qeyri-neftin indiki 65,3/34,7 faizlik pay səviyyəsi azı 25/75 faizədək dəyişməsə, manatın dəyərini əldən buraxmaq olmaz...

Əks halda, nəinki tam, hətta nisbətən `üzən məzənnə` siyasətinə keçmək də mümkün deyil. Sadəcə, neftin qiymətinə uyğun olaraq, AMB tərəfindən məzənnəyə vaxtaşırı “korrektə” ediləcək. Bunun isə növbəti dəfə məhz nə vaxt və neçə faiz ediləcəyi hələ ki bəlli deyil.

Belə ki, neftin dünya bazar qiymətlərini proqnozlaşdırmaq mümkün olmadığı kimi, bu haqda da dəqiq heç nə məlum deyil. Ancaq manatın dəyəri həmişə AMB-nin “əlində olacağından”, ölkəmizdə uzun illər ərzində formalaşmış mövcud makroiqtisadi sabitlik hər halda pozulmayacaq və hiperinflyasiya yaranmayacaq.


Pərviz Heydərov
AzVision.az üçün


(Kollaj: Turan Ramazanlı)



Teqlər:  





Xəbər lenti