Rus icmasından İsmayıllı bəyanatı

Rus icmasından İsmayıllı bəyanatı
  30 Yanvar 2013    Oxunub:2461
Milli Məclisin deputatı və Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin Azərbaycanın rus icması adından bəyanat yayıb.
Bəyanatda deyilir ki, Azərbaycanın rus icmasının nümayəndələri Rusiyanın və Azərbaycanın kütləvi informasiya vasitələrində onların adımızdan yayılan uydurma informasiya ilə yalan və böhtanla əsla razılaşmır və dərindən hiddətlənirlər: “Qeyd etmək istəyirik ki, Azərbaycanın rus icması Cənubi Qafqazda ən böyük rus icmasıdır. Azərbaycanın İsmayıllı rayonunun İvanovka kəndinə gəldikdə isə, bu kənd Cənubi Qafqaz ərazisində rus millətindən olan nümayəndələrin yığcam yaşadığı yeganə kənddir. Rayonun və respublikanın rus və başqa millətlərdən olan digər vətəndaşları kimi, kənd sakinlərinə normal münasibət bəslənir, bəzi mənbələrdə yazıldığı kimi, biz heç vaxt heç bir sıxışdırma və ayrı-seçkilik hiss etməmişik və etmirik. Bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da müəyyən iqtisadi və sosial problemlər vardır, lakin biz onları birlikdə həll edirik. Onları siyasiləşdirməyə və şişirtməyə çalışmaq lazım deyildir. Yerli hakimiyyət orqanları sakinlərin istəyi ilə İvanovka kəndində istisna şəklində respublikada yeganə kolxozu saxlamağa razılaşıb. Həmin mənbələrdə göstərilən faktlar mövcud olsaydı, ruslar bir vaxtlar Ermənistanı tərk etdikləri kimi, Azərbaycanı çoxdan tərk edərdilər.
Bütün aləm təsdiq edir ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir və biz öz təcrübəmizdə bunu təsdiq edirik, çünki özümüzə qarşı heç bir təzyiq və ayrı-seçkilik hiss etmirik. Biz Azərbaycan xalqı ilə dostluq və mehribanlıq şəraitində yaşayırıq və necə deyərlər, bulanıq suda balıq tutmaq həvəskarlarından xahiş edirik ki, bundan sonra münasibətlərimizdə suyu bulandırmasınlar. Əslində, onlar buna nail ola bilməyəcəklər, çünki uzun illər ərzində münasibətlərimiz elə möhkəmlənmişdir ki, heç bir qüvvə onu sarsıtmaq iqtidarında deyil”.


Teqlər:  





Xəbər lenti