Müxalifət Milli Şuraya qarşı: mitinq boykot edildi

Müxalifət Milli Şuraya qarşı: mitinq boykot edildi
  29 May 2015    Oxunub:3006
Müxalifətin Milli Şura qanadı mayın 30-da növbəti dəfə mitinq keçirəcək.
Bakıda `Məhsul` stadionunda keçiriləcək mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Mitinqdə əsasən AXCP üzvlərinin iştirakı gözlənilir. Bundan öncə olduğu kimi digər müxalifət partiyalarının Milli Şuranın mitinqinə qatılmayacağı bildirilir.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Azvision.az-a açıqlamasında bildirib ki, onlar Mill Şuranın mitinqinə dəstək verməyəcəklər: “Biz əvvəlki mitinqlərdə olduğu kimi bu mitinqdə də iştirak etməyəcəyik”.

Azərbaycan Demokrat Partiyasının (ADR) sədri Sərdar Cəlaloğlu partiya olaraq mitinqə heç bir dəstək vermədiklərini, amma üzvlərin seçimdə sərbəst olduğunu bildirib.

Bununla yanaşı partiya sədri əlavə edib ki, indiki şəraitdə mitinq keçirmək qərarı arzuolunan deyil: “Hamı bilir ki, Avropa Oyunları ilə bağlı ölkəyə çoxlu jurnalist gəlir və mitinq keçiriləndə də onların diqqəti cəlb olunacaq. Belə fürsətçilik müxalifətə yaraşmaz. İqtidarla mübarizə aparanda nəzərə alamq lazımdır ki, bu mübarizə Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı yönəlməsin. Bu baxımdan mən şənbə günü keçiriləcək mitinqi ziyanlı hesab edirəm”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də partiyasının mitinqə dəstək verməyəcəyini açıqlayıb: “Partiya olaraq həmin qurumun tədbirlərində iştirak etmir və iştirak etmək niyyətində də deyilik. Amma ölkədə konkret gərginliyin olduğu şəraitdə belə kütləvi tədbirlərə qərar vermək mənə elə gəlir ki, çox risklidir”.

Milli Şuranın Avropa Oyunları öncəsi keçirəcəyi mitinqi ALP, KXCP və digər müxalif qüvvələr də boykot edirlər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti